Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-10 20:33:00
Azərbaycan müxtəlif dini təriqətlərin yayıldığı tolerant ölkədir

Bu gün Azərbaycan İlahiyyat İnstitutunda “Bəhailiyin teoloji əsasları” mövzusunda seminar keçirilib. İnstitutdan AzEdu.az-a verilən məlumata görə, ali məktəbin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov respublikamızda müxtəlif dini konfessiyaların öz ayinlərini sərbəst icra edə bilmələri üçün tam şərait yaradıldığını bildirib.

Bir çox müsəlman və qeyri-müsəlman dini icmalarının dövlət qeydiyyatına alındığını bildirən rektor Azərbaycanın müxtəlif dini təriqətlərin və cərəyanların yayıldığı tolerant bir ölkə olduğunu qeyd edib.

Rəhbərlik etdiyi ali məktəbdə təşkil olunan seminarların əhəmiyyətindən danışan rektor gələcəkdə bu cür tədbirlərin mütəmadi keçiriləcəyini deyib.

Sonra Bakı Dövlət Universitetinin dosenti Azər Cəfərov bəhailiyin tarixi haqqında ətraflı məlumat verib, bir sıra tədqiqatçıların bu etiqadla bağlı fikirlərini diqqətə çatdırıb. Qeyd edilib ki, artıq XIX əsrin 60-70-ci illərindən sonra Bakı, Gəncə, Naxçıvan, Balaxanı, Salyan, Bərdə, Şamaxı və digər yaşayış məntəqələrində bəhai icmaları fəaliyyət göstərməyə başlayıb. Lakin sovet dövründə bəhai icmalarına ciddi qadağalar tətbiq edilib. Respublikamız müstəqilliyini bərpa etdikdən sonra “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanunun qəbulu bəhai icmalarına sərbəst fəaliyyət üçün şərait yaradıb.