Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-28 10:25:00
“Şəhidlər sayəsində Vətən sağ oldu”-MÜSAHİBƏ-FOTOLAR

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və AzEdu.az təhsil portalının I Qarabağ və Vətən Müharibəsi iştirakçısı olan müəllimlərin döyüş yolundan bəhs edən “Müəllimin cəbhə gündəliyi” layihəsi davam edir.

 

Layihə çərçivəsində I Qarabağ və Vətən Müharibəsində iştirak edən müəllimlər keçdikləri döyüş yolu, həmçinin, məktəb həyatı və şagirdlərlə münasibətləri barədə danışırlar.

 

Layihənin budəfəki müsahibi Abşeron rayon Masazır kənd 5 nömrəli məktəbin riyaziyyat müəllimi Rəsul İbrahimlidir.

 

DOSYE:

 

O, 2010-cu ildə Yardımlı rayon F.A.Masiyev adına Gavran kənd tam orta məktəbini bitirib. 2010-2014-cü illərdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsində təhsil alıb. Hərbi xidmətdə olduğu 2016-cı ildə Aprel döyüşlərində iştirak edib. Müəllimlik fəaliyyətinə 2018-ci ildə Yardımlı rayonu Ərsilə kəndində başlayıb. Sonra o, Bakı şəhər 255 nömrəli məktəbdə fəaliyyətini davam etdirib. Hazırda Abşeron rayon Masazır kənd 5 nömrəli məktəbdə riyaziyyat müəllimi kimi çalışır.

 

Müharibədə iştirak etməyin gətirdiyi şərəf duyğusu:

 

“2016-cı ildə baş verən Aprel döyüşlərində  iştirak etdim. Hərbi xidmətdən qayıtdıqdan sonra  müəllimlik peşəsini davam etdirdim. 2020-ci il Tovuz hadisələrindən sonra general- mayor Polad Həşimovun ölümü mənə pis təsir etdiyi üçün könüllü olaraq  təkrar orduya yazıldım. Müharibə olacağı təqdirdə orada iştirak etmək mənim üçün  şərəf olardı”.

 

Yeni ailə quran gəncin döyüşə yollanması

 

“2020-ci ilin avqust ayında ailə həyatı qurdum. Toyumuz olan gün mənə səfərbərlikdən zəng gəldi. Məlumatları dəqiqləşdirərkən evli və ya subay olduğumu soruşdular. Onlara hazıda evləndiyimi dedim. Mənə dedilər ki, müharibə olacağı təqdirdə siz çağırılacaqsınız”.

 

Komissarlıqdan gələn zəng və ailənin təkidi

 

“Müharibə  başlayanda mən dərsdə idim. Komissarlıqdan zəng gəldi və müharibəyə getməli olduğum söyləndi. Evdəkilərin  könülllü olaraq xidmətə yazılmağımdan xəbərləri yox idi. Onlarla danışıb məsələni aydınlaşdırandan sonra səhəri gün yola düşdüm”.

 

Qarabağın azadlığı uğrunda mübarizə və yaralı əsgərlər

 

“İlk döyüşlərimiz Füzuli istiqamətində baş tutdu. 27 sentyabrdan Füzuli uğrunda gedən ağır döyüşlərdə iştirak etdim. Ən çətin  günlərimiz Füzulidə oldu. Bundan sonra Qubadlı istiqamətində müharibə davam etdi. Füzuli və Qubadlıdan sonra  sonuncu döyüşümüz Şuşa və Şuşa ətrafı ərazilərdə oldu. Daşaltı və Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak etdim. Şuşa uğrunda gedən döyüşlər zamanı yaralandım. Qolumdan güllə yarası aldım, ayaqlarımda da zədələnmələr oldu. Yanımda partlayış olduğu üçün kəllə-beyin travması da keçirdim”.

 

Xalqın hərbçilərə dəstəyi

 

“Müharibə hər bir azərbaycanlının yaddaşında  silinməz izlər buraxıb. Buna əsas səbəb şəhid və qazilərimizdir. Müharibədə demək olar ki, hər bir ailədən bu və ya başqa şəkildə iştirak edən oldu. Beynimdə hələ də silinməz xatirələr var. Onları unutmaq olduqca çətindir”.

 

Canını Vətənə qurban verənlər

 

“Mülki həyatda olanda deyirik ki, sənə canım qurban. Məqamı gələndə canını fəda etməyi bacaran oğullarımızı gördük Vətən Müharibəsində. Onlar gözünü qırpmadan sinələrini düşmən gülləsinə sipər etdilər. Çünki Vətən, torpaq onlara əmanət idi. Torpağın düşməndən azad olunması onlar üçün candan, qandan irəli idi”.

 

Beşikdə qalan tozlu xatirələr

 

“Axşamlar Füzulinin düşmən tərəfindən viran edilən xarabalıqlarında gecələyirdik. Uçuq evlərdən birində yatırdıq. Uçuq ev deyirəm, lakin o evdə 30 il bundan əvvələ aid olan nə qədər xatirələr var idi. Həmin evdə bir uşaq beşiyi var idi. Beşik paslamış, əzilmiş, sadəcə maketi qalmışdı. Üzərindən 30 il vaxt keçmişdi. Hər dəfə ona baxanda   kövrəlirdim. Beynimdə o evdə 30 il əvvəl  yaşamış azərbaycanlıların xatirələri canlanırdı. Onların öz yurd-yuvalarından didərgin düşmələri, yenidən buraya qayıdacaqları gözümün qabağına gəlirdi. O evdə illərin həsrəti, sönmüş ümidlər var idi. Lakin mən onların yenidən közərdiyini hiss edirdim”.

 

Torpaq uğrunda ölən varsa, Vətəndir

 

“Füzuli uğrunda  döyüşlər zamanı yoldaşlarımızdan şəhid olanlar var idi. Allah onlara rəhmət eləsin. Bəzən elə vəziyyətlərə düşürdük ki, su və başqa ehtiyacları əldə edə bilmirdik. Həmçinin, döyüş yoldaşlarımızı itirməyimiz bizə mənəvi və psixoloji təsir edirdi. İllər keçsə də onları əsla unuda bilməyəcəyik. Bu, bizim yaddaşımızda əbədi qalacaq”.

 

Şuşaya görə Allaha açılan əllər və edilən dualar

 

“Noyabrın 7-də ilk dəfə Şuşaya daxil olduq. Orda çox qızğın döyüşlər gedirdi. Əlimi göyə açaraq Tanrıya dua və şükür edirdim  ki, mənə bu günü görməyi nəsib etdi. Artıq rahat şəkildə şəhid ola bilərdim. Sonra atışma başladı və  yaralandım. Lakin hospitala gətməyərək mövqeyimi tərk etmədim. Yaralı vəziyyətdə orada qaldım, sonra Şuşa azad edildi. Noyabr ayının 7-i axşam saatları idi. Şuşaya yol açıldıqdan sonra əmin- amanlıq bərpa edildi, lakin düşmən yenə də öz məkrli planından əl çəkməyərək, həmçinin Şuşanın itirilməsini qəbul etməyərək buraya doğru atəş açırdı”.

 

Yaralı halda davam edilən döyüş yolu, verilən sözdən dönməyən əsgərlər

 

“Məni noyabrın 9-da hospitala apardılar. Xeyli qan itirdiyimə görə xəstəxanaya yerləşdirildim. Müharibənin bitməsi xəbərini isə ayın 10-da, Şirvan xəstəxanasında aldım. Gecə xəstəxanada səs-küy eşitdim və anladım ki, artıq müharibə başa çatıb”.

 

Cəbhədən mülki həyata

 

“İlk vaxtlar mülki həyata adaptasiya olunmaq qismən  çətinlik yaratdı. Döyüşdən çıxdığımız ilk vaxtlar  bu hiss olunmurdu, lakin sonralar döyüşləri xatırlayırdım. Ona görə də psixoloji cəhətdən özümü narahat hiss edirdim. Amma sinifə daxil olduğumda sanki hər şey dəyişdi. Şagirdlərim məni qalib müəllim kimi qarşıladılar. Hər zaman azərbaycançılıq hissim və Vətənə olan sevgi və məhəbbətimi şagirdlərimə aşılamışam. Onlara qanlı 20 Yanvar, Xocalı və digər faciələr barədə  məlumatlar vermişəm. Onlara aşıladığım Vətən sevgisini real şəkildə döyüş meydanında göstərə bildim. Hesab edirəm ki, bu, onlar üçün ən gözəl örnəkdir.”

 

Təhsilin Vətənə verdiyi şəhid müəllimlər

 

“Şəhid olan müəllim yoldaşlarım da olub. Hazırda çalışdığım 5 nömrəli məktəbin müəllimi də şəhid oldu. Həmyerlim də var idi, o da şəhidlik zirvəsinə ucaldı.

 

Döyüşdə çox unudulmaz hadisələr olub, bəzən döyüş yoldaşlarımızla oturur, onlarla maraqlı söhbətlər edirdik. Şagirdlərim mənə zəng edir, hal-əhval tutur, döyüşlərin gedişi ilə maraqlanırdılar. 6-cı sinifdə oxuyan şagirdim Məmmədsadiq bir neçə dəfə mənə zəng edib, lakin vəziyyətlə əlaqədar ona cavab verə bilməmişəm. Bundan narahat olub ağlayıb. Bizi güclü, cəsarətli edən bunlar idi, böyükdən-kiçiyə hər kəsin sevgisi idi. Müharibədən qayıdandan sonra anladım ki, hər bir müharibə iştirakçısının ailəsi, doğmaları, sevdikləri ondan daha çox mənəvi əziyyət çəkib.

 

Mənə olan münasibət şagirdlərim tərəfindən  fərqli istiqamətdə dəyişdi. Müəllim kimi  peşəmin  dərinlik və incəliklərinə doğru mövzuları aşılayıram. Bununla yanaşı öz xarakterimlə də  onlara nümunə oluram”.

 

Təyin edilən görüş və ömrün vermədiyi imkan

 

“Əsgər yoldaşlarımızdan biri şəhid olmamışdan öncə birlikdə söhbət edirdik. Adı Hafiz idi. Hafiz Qasımov, zabit kimi fəaliyyət göstərirdi. Onunla söhbət edirdik, hər ikimiz də Masazırda qalırdıq. Sözləşdik ki, müharibədən sonra görüşək, uzun-uzun söhbətlər edək. Təəssüf ki, səhərisi gün şəhid oldu”.

 

Döyüşdə gələn zəng, sabaha olan inam və azad Şuşa

 

“Müharibədə yaşananların heç biri unudulmur. Mən o torpaqlarda olmağa çox can atırdım. Cəbrayıl, Qubadlı, Hadrutu görəndə  heyrətə gəldim, oralar çox gözəl idi.

 

Şuşa işğaldan azad olunan gün Laçın dəhlizindən ermənilər keçə bilməsin deyə yolu bağlamışdıq. Çox yaralımız var idi, düşmən oraları artilleriya ilə vurduğu üçün yaralılarımız  oldu. Maşınlarımız hərəkət edə bilmirdi. Qarşıda xeyli erməni əsgəri var idi. Mənim olduğum hissədə çox az canlı qüvvə qalmışdı. Yaralıları dərə vasitəsilə aşağı düşürdük və özümüz döyüşə davam etdik. 3-4 nəfər sağlam şəkildə qalmışdı. 4 əsgər ayırmışdım ki, onlar da yaralıların daşınmasına xidmət edirdi. Bilirdim ki, sonra basqın olacaq. Elə bu vaxt anam zəng etdi, əslində ora elə bir yer idi ki, dalğa tutmurdu, amma anamdan zəng gəldi. Telefonu açdım, dedim ki, müharibədi, hər şey ola bilər. Anam xeyir-dua verdi, hər şey yaxşı olacaq dedi. Allah bütün şəhidlərimizə rəhmət, qazilərə can sağlığı versin”.

 

Müharibə iştirakçılarına  verilən qiymət

 

“Müharibə başa çatandan sonra “Cəsur döyüşçü”, Şuşa, Füzuli və  Qubadlının azadlığı uğrunda  medalları ilə təltif olundum. Müdafiə naziri özü bizi qəbul edib problemlərimizlə maraqlandı. Bundan əvvəl çalışdığım Bakı şəhəri 255 nömrəli məktəbin kollektivi və yeni təyinat aldığım məktəb də mənə yüksək diqqət göstərdi. I Qarabağ savaşında və  Vətən Müharibəsində şəhid olanlara Allah rəhmət eləsin, onların ruhu qarşısında baş əyirik, bu Vətən,  torpaq onların sayəsində sağ oldu, şəhidlərin qanı ilə azaddır, ”.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları