Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-26 17:48:00
Dövlət qulluğu üzrə daxili müsahibənin keçirilmə qrafiki müəyyənləşib  

2021-ci il dekabrın 30-da elan olunmuş daxili müsahibənin keçirilmə qrafiki müəyyən edilib.

 

Bu barədə AzEdu.az -a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, elan üzrə 11 dövlət orqanında mövcud olan 22 vakant vəzifə daxili müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 49 namizəddən 38-nin müsahibədə iştirakına razılıq verilib.

 

Ən yüksək müsabiqə vəziyyəti Qida Təhlükəsizliyi Agentliyi, aparat, rəhbərlik, dövlət orqanı rəhbərinin köməkçisi (1 vakant yer üzrə 20 namizəd), İqtisadiyyat Nazirliyi, beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsi, şöbə müdiri (1 vakant yer üzrə 5 nəfər) vəzifələri üzrə yaranıb.

 

Müsahibənin fevralın 1-dən 15-dək olan dövrdə keçirilməsi planlaşdırılır. Müsahibədə iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər müsahibənin vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytında əldə edə bilərlər. Müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur.

 

Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır. Namizəd müsahibə keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında "İMTİNA" düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər.

 

Müsahibədə üzrlü səbəblərdən iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə (elan edilmiş cari müsahibə üzrə) yeni müsahibənin təşkili yalnız müvafiq təsdiqedici sənəd nəzərə alınmaqla həyata keçirilə bilər.

 

Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.