Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-10 13:00:00
İntiharların böyük hissəsi ali məktəblərə qəbul imtahanları dövrünə təsadüf edir” - EKSPERT
2018/2019-cu tədris ili yekunlaşıb. 2019/2020-ci tədris ilinin başlamasına isə sayılı günlər qalıb.
 
Azedu.az məlumat verir ki, open.az ötən dövrün nəticələri və olanlar barədə təhsil eksperti Nadir İsrafilovdan müsahibə alıb. Sözügedən müsahibəni təqdim edirik:
 
- Nadir bəy, artıq qəbul imtahanları bitdi və ixtisas seçimləri aparılır. Ümumilikdə, DİM-in fəaliyyətini, abituriyentlərin nəticələri barədə fikirləriniz necədir?
 
- Fikirimcə, təhsil siyasəti sahəsində ən böyük yanlışlıq Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyası tərəfindən hazırlanmış və mərhum Prezidentimizin 15 iyun 1999-cu il tarixli, 168 №-li sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsil sahəsində İslahat Proqramı”nın erkən "arxivə” göndərilməsi oldu. Həmçinin "tez-bazar” kurrikulum islahatlarına başlanılması və "qeydsiz-şərtsiz” Boloniya prosesinə qoşulmağımız da buraya aiddir. Halbuki, "Proqram”da təhsilin əsas məqsədlərindən biri kimi birmənalı şəkildə qeyd edilmişdi ki, təhsil sahəsində uzun illərdən bəri toplanmış potensialı saxlamaq və inkişaf etdirmək yolu ilə təhsildə məzmun və forma dəyişiklikləri aparılsın. Toplanmış potensialı saxlamaq və inkişaf etdirmək əvəzinə "Proqram”dan müəyyən kənar çıxmalara yol verdik. Beynəlxalq təhsil sisteminə inteqrasiyada ifrat tələskənliyə yol verərək, mövcud potensialımızı inkişaf etdirmək hələ bir yana, nəinki qoruyub saxladıq, əksinə bir növ ciddi deqradasiyaya uğratmış olduq. Nə sovet təhsil "şinelindən” tam olaraq çıxa bildik, nə də qərb təhsilini düz-əməlli mənimsəməmiş Avropa məkanına inteqrasiya etdik. Yəni, təhsilimiz, əslində bir növ Şərqlə Qərb arasında qaldı. Əlbəttə, bütün bunlar da öz növbəsində təhsilin dinamik və harmonik inkişafına təsirsiz ötüşməyə bilməzdi və gözlənildiyi kimi ötüşmədi də. O ki, qaldı konkret olaraq DİM-in fəaliyyətinə və abituriyentlərin nəticələrinə, publik hüquqi şəxs statusu alaraq, TQDK- dan DİM-ə çevrilən bu dövlət qurumu da şübhəsiz ki, beynəlxalq inteqrasiyadan və ümumi kursdan kənarda qala bilməzdi.
 
Obyektivlik və şəffaflıq təmin olunsa belə, məhdudiyyətsiz dərəcədə mərkəzləşmə, test üsuluna həddən artıq aludəçilik, abituriyentin seçiminin arzu və istəyinə deyil, topladığı balın hökmünə tabe etdirməkdir. Peşələri "nüfuzlu” və "nüfuzsuz” kateqoriyalara bölərək, bu və ya digər ixtisaslara tam fərqli keçid balı tətbiq etməklə, gələcək mütəxəssislərimizə qabaqcadan hansı peşənin gəlirli və ya gəlirsiz olması hisslərini aşılamaq və bunun nəticəsi kimi bəzi peşələri yaxud peşə sahiblərini yüksəldərək, digərlərini aşağılamaq olmaz. Bir sıra ixtisaslara keçid balını 150-yə və hətta 100-ə endirməklə, klassik qiymətləndirmədə "2” qiymətə bərabər tutulanları ali məktəb tələbəsinə çevirmək də keyfiyyət deyil.
 
Daha çox kəmiyyət amili əsasında bir sıra səviyyəsiz universitetlərin qəbul planını doldurmaq,"prestij” formalaşdırmaq ənənəsinə bir çox digər məsələlər heç də geniş ictimaiyyət tərəfindən birmənalı qarşılanmayaraq, zaman-zaman polemika, disskusiya obyekti olub.
 
Düzdür, bu kimi təzadların və fəsadların təkcə DİM-in problemi olduğunu iddia etmək və bunda israrlı olmaq əlbəttə ki, ədalətsizlik olardı. Hər şeydən əvvəl ona görə ki, bu, bütövlükdə təhsil kursumuzun ümumi problemi idi və problemi olaraq qalmaqdadır.
 
- Test suallarını necə qiymətləndirirsiz? Səhvlərin olduğu barədə məlumatlar yayıldı, amma DİM isə təkzib etdi.
 
- Mən heç vaxt test suallarında səhvlərin üzə çıxarılması sahəsində axtarış aparmamışam, yalnız kimlərinsə üzə çıxardığı səhvlərə aydınlıq gətirmək üçün jurnalistlərin mənə ünvanladığı suallara münasibət bildirmişəm. Ümumiyyətlə, DİM-in keçirdiyi ayrı-ayrı ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanında düşən səhv test tapşırıqlarının olması barədə zaman-zaman məlumatların yayılması birinci hal deyil. İstər-istəməz onunla da razılaşmalıyıq ki, bu kimi halların baş verməsi sadalamağa ehtiyacı olmayan müxtəlif səbəblərdən irəli gəlib, gəlir və gələcəkdə də gözləniləcəyi istisna olunmur. Bunun süngü-qalxanla qarşılanmasının da o qədər tərəfdarı deyiləm. Hər şeydən əvvəl ona görə ki, DİM üzərinə son dərəcə böyük yük götürüb və daşıdığı məsuliyyət təkcə insan amili ilə deyil, texniki səbəb və bir çox digər faktorlarla da əlaqədardır. Əlbəttə, bu kimi arzuolunmaz hallar baş verərkən, yəni səhv tərtib edilən sualların etiraf edilməsi və cavabların məhz abituriyentlərin xeyrinə hesablanması birmənalıdır. Yenə də ədalət naminə deməliyik ki, dəfələrlə DİM tərəfindən belə addımların atılmasının bilavasitə şahidi olmuşuq. Digər tərəfdən Henri Fordun bir ibrətamiz kəlamı var: "Qüsur deyil, çarə tapın”.
 
- Hər il 700 bal toplayanların sayı ilə yanaşı 150 və ondan aşağı bal toplayanların da sayı artır . Bu göstəricilər təhsil müəsissiələri barədə nə deyir?
 
- Hər hansı bir məsələyə fərqli münasibət bəslənilməsi təbiidir. O ki, qaldı məsələyə mənim şəxsi münasibətimə, əvvəla yüksək bal toplayanların kəmiyyəti keyfiyyətə doğru dəyişirsə, aşağı pillədəki göstəricilərdə də dəyişikliklər olmalıdır. Digər bir məsələ, yüksək bal toplamaq heç də bütün hallarda keyfiyyət göstəricisi ola bilməz. Bir də ki, 80-90 min məzundan cəmi 29 nəfərinin ən yüksək 700 bal toplamasını yüksək nailiyyət, təhsilimizdə sıçrayışın baş verməsi kimi təqdim etmək kənardan bir az emosiyalara qapılmaq kimi görünür. Təbii ki, hər bir məsələyə olduğu kimi bu məsələyə də müxtəlif aspektlərdən yanaşanlar var. Bununla belə, istənilən halda, 700 bal toplamış gənclərin əməyi stimullaşdırılmalıdır, heç olmasa digərlərini də həvəsləndirmək, rəqbət mühiti yaratmaq üçün.
 
- 700 bal toplayanlarla bağlı mətbuatda gedən yazılara bəzi insanlar mənfi reaksiya verir və bunu onların təbliğatı kimi qiymətləndirirlər. Bəs 700 bal toplayanlar ictimailəşdirilməlidirmi?
 
- Mənim nə düşünüb-düşünməməyim o qədər də önəmli deyil. Hərə bir cür düşünür və düşüncəyə qadağa qoymaq da prinsiplərimizə ziddir. Təkcə onu deyə bilərəm ki, indiki uşaqlar əvvəlki uşaqlar deyil. Virtual, vizual, verbal vasitələr, reallığa öz damğasını vurub, yüksək texnologiyalar onların düşüncəsinə, başqa sözlə desək psixi durumuna təsirsiz ötüşməyib. Onlar daha həssas və emosional xarakterə malik olublar, onlarda özünə qapılma hissi əvvəlki yeniyetmə və gənclərlə müqayisədə xeyli güclüdür. Bu baxımdan valideynin və ya həmyaşıdının məsələn, "filankəsin övladı filan qədər bal toplayıb, filan universitetə daxil oldu, sən fərsizin isə buna qabiliyyətin çatmadı. Başımızı qonum-qonşu arasında yerə soxdun...” kimi tənəsi intihar cəhdi üçün yetərlidir. Bu baxımdan mən təhsil nailiyyətlərimizin məhz bal üzərində köklənməsinin o qədər də tərəfdarı deyiləm. Çünki "bal sevdası” o qədər həyatı önəmli məsələyə çevrilib ki, qəbul imtahanında zəif nəticə göstərən uşaqların intiharını əsasən bu faktorla əlaqələndirmək cəhdləri ildən-ilə güclənir. Nədən, çünki intiharların böyük hissəsi məhz ali məktəblərə qəbul imtahanları dövrünə təsadüf edir. "Abituriyentlərin intihar dövrü başladı” kimi yazı başlıqları isə yanğının alovlanması üçün külək funksiyasını yerinə yetirir. Bir də ki, hər intiharın fərqli səbəbləri var ki, bunu da araşdırmaq və hüquqi qiymət vermək hüquq-mühafizə orqanlarının işidir. Kimin nə düşünüb-düşünmədiyindən asılı olmayaraq... Bəzən belə bir məqama əhəmiyyət vermirik ki, təhsilin keyfiyyəti əzbərçiliyə əsaslanan hansısa konkret faktiki bilik məcmusundan ibarət deyil. Pedaqoji ədəbiyyatda təhsilin keyfiyyəti "cəmiyyətdə təhsil prosesinin vəziyyətini və səmərəliliyini göstərən, şəxsiyyətin vətəndaşlıq, peşə və məişət səriştəsizliyinin cəmiyyətin tələblərinə uyğunluğunu nümayiş etdirən sosial kateqoriya” kimi xarakterizə olunur. YUNESKO-nun müəyyənləşdirdiyi kimi: "Təhsil şəxsiyyətin bacarıq və davranışlarının təkmilləşdirilməsinin elə bir prosesi və nəticəsidir ki, bu zaman o, əqli yetkinlik və fərdi inkişafa nail olur. Testin isə bu parametrləri yoxlamaq və qiymətləndirmək imkanı məhduddur və hətta 700 bal belə bu kimi vəzifələrin həllində yardımçı ola bilməz. Biz hazırda səriştəyə əsaslanan təhsil platformasını irəli sürmüşük. Müvafiq kompetensiyalara yiyələnmədən qazanılan əzbərçi biliklər, hərtərəfli və ahəngdar inkişaf etmiş, müasir terminoloji dildə desək "şəxsiyyət yönümlü vətəndaş” yetişdirməyə kifayət etmir. Unutmayaq ki, məktəbin missiyası ali məktəblərə tələbə hazırlamaq deyil. Məktəbin vəzifəsi yetirməsinə sistemləşdirilmiş bilik, bacarıq, vərdişlər aşılamaqla yanaşı, özünün vətəndaşlıq borcunu dərk edən şəxsiyyət yetişdirməkdən ibarətdir. Şəxsiyyət isə toplanmış balla ölçülmür…