Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-25 17:01:00
Bu semestr tələbələrimiz kifayət qədər yüksək nəticə göstərəcəklər-Rektor imtahanların təşkilindən DANIŞDI

 

“Elə bir mühit yaratmışıq ki, kameralar vasitəsilə tələbələrin bir növ onlayn imtahan vermə prosesinə bənzər bir proses aparılır”

 

Yanvarın 25-də Azərbaycan Texniki Universitetində 2021/2022-ci tədris ili üzrə keçirilən qış imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub. Mediaturda AzTU-nun İctimai Şurasının üzvləri, mətbuat nümayəndələri və tələbələrin valideynləri iştirak ediblər. 

 

Hər iki formatda təşkil olunan imtahan prosesi izləndikdən sonra universitetin rektoru Vilayət Vəliyev ümumilikdə prosesin təşkili,yekun nəticələr, gələcəkdə nəzərdə tutulan yeniliklərlə bağlı məlumat verib.

 

AzEdu.az xəbər verir ki, rektor imtahanların təşkili və prosesə nəzarət müxanizmindən danışıb:

 

“Azərbaycan Respublikası Təhsil nazirinin müvafiq əmrinə əsasən, Azərbaycan Texniki Universitetində 5 Yanvar- 2 Fevral tarixləri arasında imtahan sessiyası təşkil olunur. Bu müddətdə imtahanların aparılması üçün müvafiq hazırlıq işləri görülür. İmtahanların aparılması üçün universitetdə 75 tam təchizatlı auditoriya ayrılıb. Bu auditoriyaların ayrılmasında əsas məqsəd, imtahan prosesilə bağlı hər hansı bir şikayət və problemin yaranacağı təqdirdə qeydə alınan imtahan müddətinin yenidən analizi vasitəsilə məsələnin həllinə çalışmaqdır”.

 

Rektor, imtahanların təşkilinin tələəblərin adaptasiya məsələsinin nəzərə alınaraq həyata keçirildiyini qeyd edib:

 

“Universitetimizdə imtahan prosesi həm test üsulu ilə, həm də şifahi formada aparılır. Həmçinin şifahi imtahanlarda tələbələr yazılı qeydlərdən istifadə edə bilir. İmtahanların bu formada aparılması pandemiyadan sonra tələbələrimizin daha çox adaptasiyası, prosesə istiqamətlənməsilə bağlıdır. Eyni zamanda elə bir mühit yaratmışıq ki, kameralar vasitəsilə tələbələrin bir növ onlayn imtahan vermə prosesinə bənzər bir proses aparılır. Qeyd edim ki, bu 75 otaqda gündəlik olaraq tam güclə imtahanlar davam edir. Pandemiya şəraitində COVİD-19-dan müdafiə üçün bütün tədbirlər həyata keçirilir. Bu məqsədlə imtahanların təşkili əsasən, geniş auditoriyalarda həyata keçirilir”.

 

Koronavirusa yoluxan tələbələrin vəziyyətindən danışan rektor, onlara lazımı şəraitin yaradılacağını bildirib: “İmtahan müddətində 7 tələbəmizdə yoluxma halı müşahidə olunub, onlar prosesdən təcrid olunur. Həm yoluxma, həm də digər üzrlü səbəblərlə imtahanlarda iştirak edə bilməyən tələbələrimiz üçün 2 fevral tarixindən sonra 10 gün ərzində onlar üçün ayrıca imtahanlar təşkil olunacaq”.

 

O, tələbələrin bu semestr nəticələrinin yüksək olacağını qeyd edərək, gələcək prosesin daha da təkmilləşdiriləcəyini nəzərə çatdırıb:

 

“Qeyd edim ki, imtahanlar tam sərbəst keçir, tələbələrimizin mənimsəmə faizi hardasa orta hesabla 96%-ə yaxındır. Tələbələrin müvəffəqiyyətsizliyi, yəni onların kəsr imtahanlarında iştirak faizi təxminən 4%-ə yaxındır. Bu onu göstərir ki, bu semestr tələbələrimiz kifayət qədər yüksək nəticə göstərəcəklər. Əlbəttə ki, biz gələcək üçün imtahan prosesini kifayət qədər təkmilləşdirəcəyik. Burada əsas məqamlar ondan ibarətdir ki, biz qarışıq üsullara daha çox üstünlük verəcəyik, eyni zamanda tələbələrə müəyyən müddətdə imtahanlar vermək üçün real şərait yaratmağa çalışacağıq. Bu imtahan prosesi həm tələbələrin tədrisi baxımından rəqabətliliyin artırılmasına, eyni zamanda tələbələrimizin kəsrlərinin sayının azalmasına xidmət edəcək”.