Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-25 13:37:00
Tağıyevin qız məktəbinə məxsus olan, taleyi naməlum pullar  haradadır? – Araşdırmaçıdan  faktlar

25 yanvar böyük xeyriyyəçi, messenant Hacı Zeynalabdin Tağıyevin dünyaya gəldiyi gündür (1823-cü il, 25 yanvar, Bakı)

 

XIX əsrin sonu – XX əsrin əvvəllərində azərbaycanlıların maariflənməsi üçün əlindən gələni edən böyük şəxsiyyət, milyonçu-messenant Hacı Zeynalabdin Tağıyevlə bağlı bir çox məlumatlar hələ də arxivlədədir.

 

Milyonçunun həyat və fəaliyyətinin məhsuldar tədqiqatçısı olan Fərhad Cabbarov AzEdu.az-a açıqlamasında onunla bağlı daha bir maraqlı faktı ilk dəfə ictimaiyyətə çatdırıb. Həmin fakt Hacının əsasını qoyduğu və Şərq təhsilində inqilab, ilk sayılan Bakı Qızlar Məktəbi, daha doğrusu, ona ayrılan pulların sonrakı taleyi barəsindədir:

 

 

 “XIX əsrin sonunda Azərbaycan qızlarını ana dilində təhsilə cəlb etmək, onları hərtərəfli biliklərə, ailə və məişətdə bacarıqlara yiyələndirmək, eləcə də qabaqcıl Avropa mədəniyyəti ilə tanış etmək məqsədilə dünyəvi müsəlman qız məktəbinin yaradılması ideyası meydana gəldi. Bu ideyanın əsas hərəkətvericisi məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev oldu.

 

Nəinki Azərbaycanda, eləcə də bütün islam aləmində ilk dünyəvi qız məktəbinin açılması böyük əks-səda doğurdu. Çoxları bu hadisəni müsəlman qadınının intibah dövrünün başlanğıcı, bütün islam dünyası üçün böyük hadisə kimi qiymətləndirirdi. H.Z.Tağıyev qız məktəbini açmaq haqqında fikrini ilk dəfə rəsmən, 1896-cı ildə bildirmişdi. O, məktəbin tikintisinə 25 min, onun saxlanılmasına isə toxunulmaz kapital kimi 125 min rubl ianə etmiş və təhsil müəssisəsinə Rusiya imperatriçəsinin adının verilməsinə nail olmuşdu. 1901-ci il oktyabrın 7-də İmperatriçə Aleksandra Fyodorovna adına Bakı rus-müsəlman qız məktəbinin təntənəli açılışı oldu. Birinci il məktəbə 58 qız qəbul olunmuşdu, onlardan 35 nəfər pulsuz təhsil alırdı. Məktəb, onun yaradıcısı və fəxri hamisi H.Z.Tağıyevin sədrlik etdiyi Hamilər Şurası tərəfindən idarə olunurdu. Şagirdlərə Azərbaycan və rus dilləri, ilahiyyat, riyaziyyat, coğrafiya, rəsmxətt, musiqi, evdarlıq dərsləri keçilirdi. Pansion tipli bu təhsil ocağında qızlar üçün hər cür şərait yaradılmışdı: onlar gündə dörd dəfə yeməklə təmin olunurdular, məktəbin ayrıca xəstəxanası, mətbəxi, camaşırxanası, hamam otaqları, sanitar xidmətləri var idi. Təhsil ocağında qızların estetik tərbiyəsinə xüsusi diqqət yetirilirdi. Onları mütəmadi olaraq Tağıyev teatrına, kinoya aparırdılar, məktəbdə xor, ədəbiyyat və rəqs dərnəkləri fəaliyyət göstərirdi. H.Z.Tağıyevin 1918-ci ilə qədər fəaliyyət göstərən qız məktəbinin məzunları sonralar müxtəlif ixtisaslara yiyələnərək, Azərbaycanın ictimai həyatında mühüm rol oynadılar.

 

Lakin XX əsrin əvvəllərində baş verən mürəkkəb ictimai-siyasi hadisələr qız məktəbinin fəaliyyətinə də təsirsiz ötüşmədi. Birinci Dünya müharibəsinin başlanması ilə əlaqədar başqa şəhərlərdən şagirdlərin gəlişi, ərzağın gətirilməsi ilə bağlı çətinliklər ortaya çıxdı. Məktəb faktiki olaraq 1917-ci ilin payızından etibarən öz fəaliyyətini dayandırdı. Məhz həmin təlatümlü dövrdə H.Z.Tağıyevin vaxtilə qız məktəbi üçün ianə etdiyi və banka qoyduğu pul (yuxarıda qeyd olunduğu kimi, həmin məbləğ 125 min rubl təşkil edirdi, lakin üstünə gələn faizlər hesabına 1917-ci ildə 262 min rubla bərabər idi) Bakıdan çıxarıldı və təhsil ocağı ona məxsus olan yeganə maliyyə fondundan məhrum oldu”.

 

Araşdırmaçı faktla  milyonçunun Bakı Dairə Məhkəməsinin andlı müvəkkili A.K.Leontoviçə ünvanlanladığı məktubu araşdırarkən tanış olub. Bu maraqlı fakt tədqiqatçının özü üçün də yenilik olub. Məktubun mətnini ilk dəfə olaraq, AzEdu.az vasitəsilə ictimaiyyətə çatdırır:

 

 

 

“Bu barədə H.Z.Tağıyevin arxivdə qorunan məktubundan bəlli olur. Bakı Dairə Məhkəməsinin andlı müvəkkili A.K.Leontoviçə ünvanlanan həmin məktubda onun yazılma və göndərilmə tarixi göstərilməsə də, təxmini söyləmək olar ki, sənəd 1917-ci ilin sonu-1918-ci ilin əvvəllərinə aiddir. Məhz bu dövrdə Cənubi Qafqazda, o cümlədən Bakıda hakimiyyət dəyişiklikləri baş verir, siyasi anarxiya hökm sürürdü. Belə bir şəraitdə rus-müsəlman qız məktəbinə məxsus 262 minlik toxunulmaz kapital naməlum şəraitdə Bakıdan çıxarıldı. H.Z.Tağıyevin məktubunda nə yazılmışdı? Arxiv sənədinə müraciət edək:

 

“Möhtərəm cənab Aleksandr Konstantinoviç!

 

Mənim Bakıda yaratdığım rus-müsəlman qız məktəbi və onun nəzdindəki müsəlman qızlar üçün pedaqoji kurslar əsasən toxunulmaz kapital kimi ianə etdiyim 262000 rubldan əldə olunan gəlirlər hesabına fəaliyyət göstərir və inkişaf edirdilər. Həmin kapital 4 %-lik dövlət rentası şəhadətnamələrinə yatırılmış, məktəbin Hamilər Şurasının sərəncamında olmuş və saxlanılmaq üçün Dövlət Bankının Bakı şöbəsinə qoyulmuşdur.

 

Son dövrün hadisələri dövlət kassasının Bakıdan təxliyyəsinə gətirib çıxarmış, bununla bərabər Dövlət Bankının Bakı şöbəsində saxlanılan bütün şəxsi əmanətlər, o cümlədən yuxarıda adı çəkilən kapital da Bakıdan aparılmışdır. Həmin əmanətlərin harada saxlanıldığı və kimin ixtiyarında olduğu nə mənə, nə də Hamilər Şurasına məlum deyil və buna görə, həmçinin Sizə bəlli olan digər səbəblərə görə biz, həmin kapitalın Bakıya, mənim indiyədək sədri olduğum məktəbin Hamilər Şurasının ixtiyarına qaytarılması haqqında məsələ qaldırmaq iqtidarında deyilik.

 

Bakı rus-müsəlman qız məktəbi və nəzdindəki müsəlman qızlar üçün pedaqoji kurslar zehniyyət nurunu ətrafa yayan qızları yetişdirən müsəlman xalq maarifinin ilk gülüstanıdır. Həmin məktəbi bitirən müsəlman qızları öz biliklərini və maarifpərvərliklərini ailələrinə ötürür, ilk layla ilə, ana südü ilə birgə övladlarına öyrədirlər. Beləliklə, adı çəkilən məktəbin yetirmələri münbit zəmində zehniyyət və mənəviyyat toxumlarını səpirlər. Həmin zəmin xüsusən indiki dövrdə mənim xalqımım ehtiyac duyduğu maarifin tezliklə yayılmasına təminat verəcək. Məktəbin özünün yeganə möhkəm fondundan məhrum olması onun fəaliyyətini dayandırır, maarifin yayılmasını ləngidir. Müsəlman üçün, xüsusilə mənim üçün bu haqda düşünmək çətindir, çünki həmin maarif ocağı mənim çoxillik zəhmətim və vəsaitim hesabına yaradılmışdır.

 

Çox hörmətli Aleksandr Konstantinoviç! Bakı rus-müsəlman qız məktəbini adı çəkilən vəsaitdən məhrum etmək qərarını verənin müsəlman əhalisinə nə qədər böyük zərbə vurduğunu Sizin həssas ürəyiniz anlayar. Sizin xalqın əzablarına və hər bir ədalətsizliyə qarşı canıyananlığınız, yorulmaz ictimai faydalı fəaliyyətiniz bu işdə də dəstək verəcəyinizə məndə əminlik yaradır.

 

Buna əmin olaraq, mən, biz müsəlmanların məyusluğunu Sizə bildirir və çox xahiş edirəm ki, müsəlman cəmiyyətinin xeyrinə daha bir zəhməti öz üzərinizə götürün: Bakıdan, düşünürəm ki, yalnız tələsik təxliyyə nəticəsində çıxarılan 262000 rublluq toxunulmaz kapitalın Bakı rus-müsəlman qız məktəbinə qaytarılmasına dair harada və necə məsləhət bilirsinizsə, vəsatət qaldırın”.

 

Təəssüflər olsun ki, arxiv sənədləri arasında H.Z.Tağıyevin ürək ağrısı ilə qaldırdığı məsələnin həll olunub-olunmaması, A.K.Leontoviçin vəsatətlə çıxış edib-etməməsi haqqında heç bir məlumat yoxdur və bu səbəbdən 262000 rubl vəsaitin taleyi indiyədək naməlumdur. Güman etmək olar ki, əlavə axtarışlar və tədqiqatlar Azərbaycanın təhsil tarixində özünəməxsus rol oynamış H.Z.Tağıyevin qız məktəbinin salnaməsində yeni faktları üzə çıxaracaq...”