Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-25 09:49:00
3 il əvvəl açılan bağça hələ də istifadəyə verilməyib - SƏBƏB

2019-cu ildə İsmayıllı şəhərinin Vahab Osmanov küçəsində inşa edilən yeni uşaq bağçasının açılışı olmuşdu. 3 il keçməsinə baxmayaraq, həmin uşaq bağçası hələ də istifadəyə verilməyib.

 

İsmayıllı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova Modern.az-a açıqlamasında bildirib ki, bağça 2019-cu ildə açılsa da, maliyyə məsələsi həll olunmamışdı:

 

“2019-cu ildə açılsa da, bağçanın maliyyəsi həll olunmamışdı. Prezident İlham Əliyev dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzalamışdı. Sərəncama əsasən dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, uşaqların məktəbəqədər təhsillə əhatə dairəsinin genişləndirilməsi və məktəbəqədər təhsilin keyfiyyətinin artırılması məqsədilə yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilib. Hazırda rayon ərazisində bağçaların İsmayıllı rayon Təhsil İdarəsinə təhvil-təslim prosesləri həll edilir”.

 

S.Əhmədova qeyd edib ki, artıq sözügedən bağçanın ştat məsələsi həll olunur.

 

İsmayıllı rayon Təhsil İdarəsindən isə verilən xəbərə görə, fevral ayının sonuna kimi bağça istifadəyə veriləcək.

 

Qeyd edək ki, 2019-cu ildə açılan üçmərtəbəli uşaq bağçasının binasında 5 qrupun fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılıb, bütün otaqlar müasir avadanlıqla təchiz edilib.