Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-24 12:24:00
Burada xaricdən gələn tələbələr ofisiant kimi çalışır, iş imkanları çox zəifdir-Xaricdəki tələbəmiz-Müsahibə/FOTOLAR

 

“Səfirliyin azərbaycanlı tələbələr istiqamətində fəaliyyəti ürəkaçan deyil, onların vəziyyəti ilə maraqlanılmır”

 

Hazırda təhsilini xaricdə davam etdirən tələbələrimizdən biri də Həmidə Nəsirovadır. Həmidə, Bakı Dövlət Universitetində bakalavriat pilləsi üzrə təhsilini başa vurduqdan sonra magistratura təhsili üçün İtaliyaya yollanıb.

 

Xaricdə təhsilin ona çox şey qatdığını qeyd edən Həmidə, bununla yanaşı müzakirə zamanı təhsil aldığı ölkənin iş imkanları, universitetin təhsil keyfiyyəti və Azərbaycan təhsil sistemi ilə arasındakı fərqlərə də diqqət çəkib.

 

AzEdu.az "Xaricdə oxu" rubrikası çərçivəsində bu gəncimizlə olan müsahibəni təqdim edir.

 

Əvvəlcə onu tanıyaq...Nəsirova Həmidə, 22 yaşım var. Bakı Dövlət Universitetində Hüquq fakültəsini bitirmişəm. Hazırda İtaliyada Luiss Guido Carli universitetində Beynəlxalq Münasibətlər fakültəsi üzrə 2-ci kursda magistratura pilləsində təhsili alıram.

 

-Hüquq ciddi və ağır tədris vəsaitləri olan çətin bir ixtisasdır, dərslərə hazırlığınız necə idi? Bu müddətdə nə kimi aktivlikləriniz olub?

 

-Universitetdə birinci kursda hüquq kitablarının həcmi və dilinin ağırlığı mənə çox çətin gəlmişdi və digər kurslara nisbətən ortalama qiymətim daha aşağı olmuşdu. Lakin sonrakı kurslarda mövzuları daha yaxşı anlamağa və universitet mühitinə öyrəşməyə başladım və qiymətlərim çox daha yaxşıya doğru dəyişdi. Əvvəl zərbəçi, sonra əlaçı oldum. Qeyd etdiyim kimi dərslər həm çətin, həm də həcmi çox olduğuna görə digər tədbirlərdə iştirak etmək şansım çox olmayıb. Lakin birinci kursda hüquq tələbələrini birləşdirən “Elsa” təşkilatının müxtəlif seminarlarında və yarışlarında iştirak etmişəm. Üçüncü kursda isə Ali Məhkəmədə 3 aylıq təcrübə proqramına qoşulmuşam.

 

-Belə çətin tədris müddətində xaricdə təhsil almağa necə qərar verdiniz?Niyə məhz İtalia? Müraciət prosesiniz haqqında bir az danışardız...

 

-Xaricdə təhsil almaq xəyalım universitetə daxil olana kimi olmayıb. Lakin universitetə daxil olduqdan sonra xaricdə oxuyan insanlarla tanış oldum və bu təhsilin onların istər karyera, istərsə də dünya görüşünə necə təsir etdiyini gördüm. 3-cü kusda General English, 4-cü kursda İELTS hazırlığına gedib sertifikatımı aldım. Daha sonra xaricdə təhsil üzrə şirkətə müraciət etdim, onlar mənə ölkə, universitet seçimində, qəbul, təqaüd və viza sənədlərinin göndərilməsində kömək etdilər. Daha sonra vizamı alıb İtaliyada təhsilimə başladım.

 

 

 

-Maraqlıdır,İtaliyada tələbə olmağın nə kimi müsbət və mənfi tərəfləri var? Bu ölkədə təhsil sizə nələr qazandırdı?

 

-Mənə görə, istənilən yerdə təhsil almağın, öyrənməyin mənfi cəhəti yoxdur. Sadəcə bəzi təhsil sistemləri digərlərindən fərqlənərək öyrənməyimizi daha asan, maraqlı və hərtərəfli edir. Hər bir halda, öyrəndiklərimi möhkəmləndirdim və bilmədiyim bir neçə sahə üzrə yeni məlumatlar qazandım, bu da gələcək karyeramda mənə çox kömək olacaq deyə düşünürəm. Digər tərəfdən ilk dəfə ailəmdən kənar, müstəqil şəkildə yaşadım, çətin olsa da müstəqil insan kimi hərşeyimi planlayıb, hər işi özüm etmək məni çox güclü və xoşbəxt etdi. Bu ölkə mənə çox sayda həm azərbaycanlı, həm də digər ölkələrdən dostlar, bir neçə ölkəyə səyahət, unuda bilməyəcəyim xatirələr qazandırdı. Mənfi tərəflərdən ən önəmlisi Romada təhsil alan tələbələrin gələcəkdə iş perspektivinin çox az olmasıdır. Ümumiyyətlə ölkədə işsizlik səviyyəsi yüksəkdir, tələbələrə, ən əsası da İtalyan dilini bilməyən tələbələrə iş tapılmır. Xaricdən gələn tələbələr burada öz ixtisası üzrə deyil, restoranda ofisiant kimi və ya kuryer xidmətlərində çalışırlar.

 

 

-Bəs hazırda təhsiliniz necə davam edir? Universitetdə tədrisin keyfiyyəti sizi nə dərəcədə qane edir?

 

-Hazırda semester imtahanları başlayıb və əlbəttə ki ingilis dilində oxumaq, bizim təhsildən fərqli olaraq şifahi imtahan vermək çətin və yorucudu. Təhsilin keyfiyyəti məni çox qane edir, çünki biz semester boyu hər dərsi diskussiya edirik, prezentasiya hazırlayırıq, “research paper” və ya “policy paper” yazırıq. Bu da əzbərçi sistemdən fərqli olaraq, araşdırma etmək, analiz etmək bacarığımızı inkişaf etdirir.

 

-Artıq iki ölkənin ali təhsil sistemi ilə tanışsınız. Bu iki ölkənin təhsil sistemi arasında əsas fərqlər sizcə nələrdir? Təhsilimizdə nə kimi boşluqlar görürsüz?

 

-Əvvəlcə, qeyd etdiyim kimi, burada daha praktiki, daha araşdırma tələb edən məsələlərlə məşğul oluruq, bu da əzbərçiliyin qarşısını alaraq, mövzunu normal təhlil edib, nəticə çıxarmağa və həqiqətən oxuduğumuzu əzbərləməyə deyil, anlamağa kömək edir. İkincisi, BDU-da imtahanlar yalnız yazılı olduğu halda, Luiss Universitetində imtahanlar müəllimin seçiminə görə dəyişərək, şifahi, yazılı, test, araşdırma və ya “policy paper” yazmaq, prezentasiya vermək formalarında ola bilər. Üçüncüsü burada müəllimlər tələbələrə şagird kimi deyil, yetişkin insan kimi davranır və münasibət asılılq üzərində deyil, mehribanlıq, səmimilik üzərinə qurulur. Dördüncüsü, Azərbaycanda universitetlər qayıb məsələsinə çox diqqət etikləri halda, burada müəllimlər çox zaman dərsdə iştirak edib etməməyə önəm vermir. Bu müəllimdən müəllimə dəyişə bilər, ümumiyyətlə dərsdə iştirakı, imtahanların və dərsin keçirilmə qaydasını müəllim özü müəyyən edir.

 

Fikrimcə, təhsilimizdə ən əsas boşluqlardan birincisi təhsilin əzbərçilik üzərində qurulması, digəri isə müəllim-tələbə münasibətlərinin kəskin şəkildə asılılıq münasibələrinə gətirilməsidir ki, bu da tələbələrin sərbəst fikir demək, addım atmağının qarşısını alır.

 

-Orada azərbaycanlı tələbələr və səfirliklə əlaqələriniz mövcuddurmu? Ümumilikdə səfirliyin və diasporun azərbaycanlı tələbələr istiqamətində fəaliyyəti necədir?

 

-Azərbaycanlı tələbələr İtaliyada kifayət qədərdir, bu çox sevindiricidir, həm tələbələrin xaricdə təhsil alıb nələrisə öyrənib inkişaf etdiyinə görə, həm də həmin insanlarla dost olub, yadlıq çəkmirsən deyə. Səfirliyin fəaliyyəti, təəssüf ki ürəkaçan deyildir. Tələbələrin vəziyyəti, onların yaşam şəraiti, problemləri, iş imkanlarının yaradılmasının həlli barədə heç bir addım atılmır və maraqlanılmır. 20 Yanvar, Xocalı faciəsi kimi önəmli günlərdə və bayramlarda müxtəlif tədbirlər keçirilir.

 

 

-Pandemiyadan ən çox zərər çəkən ölkələrdən biri də İtaliya oldu. Hazırda orada vəziyyət necədir? Təhsil müəssisələrində dərs prosesi necə tənzimlənir,nə kimi tədbirlər görülür?

 

-Hazırda burada vəziyyət kritik olaraq qalır. Yaydakı azalmadan sonra yoluxma sayı kəskin artıb. Buna uyğun olaraq qadağaların sayı da çox artıb və kəskinləşib. Kafeyə, muzeylərə, hətta ictimai nəqliyyata belə vaksin pasportu olmadan buraxmırlar. Hətta bəzi yerlərdə adi maska deyil N95 tipli maska taxmaq tələb olunur. Təhsil sistemində də bəzi güzəştlər yaradıldı. Tələbələr həm univeristetə gedə, həm də online formada dərsə qoşula bilir.

 

-Tələbə olduğunuz müddətdə bura ilə bağlı ən çox nə üçün darıxırsınız?

 

-Əlbəttə ki, ən çox ailəm üçün darıxıram, hər gün danışsaq da bəs etmir, o qayğıkeşliyi və istiliyi heç nədən ala bilmirsən. Daha sonra dostlarım üçün darıxıram, mən sosial insan olduğum üçün Bakıda dostlarımla hər fürsətdə görüşüb biryerdə vaxt keçirirdik. Burda nə qədər tanışlarım olsa da, yaxın dostum çox azdır. Və son olaraq milli mətbəximiz üçün hədsiz darıxıram və  dünyanın heç bir mətbəxi bizim mətbəxdən dadlı deyil, buna əmin oldum, anamın yeməkləri üçün çox darıxmışam. Ümumiyyətlə bütünlüklə Bakı üçün çox darıxıram, dünyanın ən gözəl mənzərisini izləsəm belə doğmalıq hissini ala bilmirəm.

 

 

Təhsilinizi başa vurduqdan sonra gələcək üçün nə kimi planlarınız var? İxtisasınız üzrə nə kimi yeniliklər etmək istəyərdiniz?

 

-Təhslimi bitirdikdən sonra Bakıya qayıdıb işləmək fikrindəyəm. Beynəlxaq münasibətlər üzrə magistr təhsili alsam da, bakalavr ixtisasımı, Hüquqşünaslığı daha çox sevirəm və bu sahədə karyerama başlayacam.