Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-24 10:36:00
Bunu addımın atılması  AMEA-dakı ətalət mühitinə müsbət təsirini göstərəcək- Fazil Mustafa 

“Akademiyanın indiki vəziyyətdə  olmasının səbəbi universitet mühitini sağlamlaşdıra bilməməklə əlaqəlidir”.

 

Bunu AzEdu.az-a açıqlamasında Millət vəkili Fazil Mustafa deyib.

 

Belə ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Baş direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov vəzifəsindən istefa vermək niyyətindədir.

 

O, Tarix İnstitutu və onun rəhbəri kimi haqqındakı qeyri-adekvat fikirlərə etiraz olaraq, digər tərəfdən isə demokratik ənənələri əsas götürərək,  tutduğu vəzifədən, o cümlədən Ramiz Mehdiyevin rəhbərlik etdiyi AMEA sistemindəki bütün işlərdən istefa haqqında ərizəni təqdim etmək istəyir.

 

Buna səbəb kimi o, AMEA prezidentini əsas gətirərək onun məişət mövzulu işlərlə məşğul olduğunu iddia edir.

 

Deputat bununla bağlı fikirlərini bildirib:

 

“Baş verən hadisədə şəxsi inciklik  özünü göstərir. Direktor Ramiz Mehdiyevin onunla xəstə olduğu zaman maraqlanmadığını iddia edir. Burada elmi metodiki məsələlərin aparılması istiqamətində də fikirlər var. Lakin bu istiqamətdə aparılan müzakirələrin mahiyyətindən xəbərsizəm. Amma  mənim konkret olaraq yanaşmam bundan ibarətdir ki, akademiyanın indiki vəziyyətdə  olmasının səbəbi universitet mühitini sağlamlaşdıra bilməməklə əlaqəlidir. Belə ki, biz tədqiqat universiteti yaratmaq imkanı əldə etməmişik. Uzun zaman öncədən akademiyanın yükü universitetlərin üzərinə düşməli idi. Hazıırda da tədqiqat universitetləri akademiyanın tərkibindədir. Bunun başqa çıxış yolu da yoxdur,lakin hazırda  tədqiqat institutlarını universitetlərin tərkibinə verilməsi  heç bir nəticə verməyəcək. Ona görə də universitet modelini inkişaf etdirərək tədricən akademiyanı çevik şəkildə onun daxilində canlandırmalıyıq. Yoxsa akademiya sosial müəssisə kimi daha çox diqqəti cəlb edəcək. Ümumiyyətlə harada mübahisə varsa,  müsbət qarşılanmalıdır. Çünki bu durğunluğun olduğunu və onun narahatedici xarakter daşıdığını göstərir. Bizdə tarix, hüquq fəlsəfə  üzrə araşdırmalar istənilən səviyyədə deyil. Hamı düşünür ki, vahid tarif yazılmalı və bir hüquq dərsliyi olmalıdır. Dünyada belə bir təcrübə yoxdur. Xaricdə yüzlərlə insanın müxtəlif bir mövzu üzrə fərqli fikirləri olur və insanlar buna uyğun olaraq həmin ideyalardan birini seçirlər”.

 

Fazil Mustafa “Vətən Müharibəsi”dən sonra bəzi sahələrə yanaşmanın da dəyişdiyini deyib:

 

“Qarabağ savaşından sonra bu sahələrə də baxış bucağı dəyişməlidir. Belə ki, biz ideoloji tarix anlayışından çıxmalıyıq. Məsələlərə daha realist yanaşmalıyıq. İdeoloji tarix əslində bizi ideoloji ehkamlarla  yükləyir. Ona görə də  bu məsələyə hərtərəfli baxmalıyıq, burada kimin haqlı kimin haqsız olduğunu demək çox çətindir. Azərbaycanda tədqiqat universiteti modelinə vəsait ayırmalıyıq. Heç olmasa 2-3 belə universitet olsa, bu akademiyada olan ətalət mühitinə  təsirini göstərəcək. Bu da elmi sferada nələrisə dəyişə bilər. Yoxsa AMEA-a  sosial müəssisə kimi  formalaşacaq. Hamı da ona "iş yerim olsun, gedib maaşımı alım" təfəkkürü ilə  yanaşacaq”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları