Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-19 16:22:00
Maaş artımı bütün müəllimlərə şamil edilməyəcək-Ekspert

“Maaş artımı hamıya şamil olunsa da, hər kəs  yüksək maaş almayacaq”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

 

Belə ki, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları artırılıb.

 

 Kamran Əsədov qərarın bütün müəllimlərə aid olmayacağını deyib:

 

“Qeyd edim ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, 2022-ci il yanvarın 1-dən təhsil müəssisələrində çalışan müəllimlərin, direktor və direktor müavinlərinin maaşı 20, bədən tərbiyəsi müəllimlərinin 30, hərbi rəhbərlərin maaşı 40 faiz artırılıb. Əməkhaqqı artımı 165 min təhsil işçisini əhatə edir.

 

Artım hamıya şamil olunsa da, hər kəs  yüksək maaş almayacaq. Bir “stavka” dərs deyən, 18 il stajı olan müəllim 714 manat əldə edəcək. İlk dəfə tədrisə başlayan isə 552 manat maaşla təmin olunacaq.

 

 Azərbaycanda işləyən digər müəllimlər 18 saat dərs demir. Onların dərs saatı 10, 12, 15 saat olur. Mənə görə, müəllimin bir “stavka” dərs yükü 18, deyil, 12 saat olmalıdır. Bir “stavka” dərs yükü 12 saat edilsə, daha çox müəllim yüksək maaş alar. Ölkədə atılası addım, dərs yükünün 12 saata salınmasıdır.

 

 Orta ixtisas məktəblərini bitirən müəllimlərin stajlarına görə 5 dərəcə üzrə ortalama stavkaları yanvardan 562 ali təhsilli müəllimlərinki isə 630 manata bərabərdir. Bu  o deməkdir ki, ölkədə hazırda müəllimlərin stavkası, yəni 18 saata aldıqları əmək haqqı ortalama 600 manatdır. Ölkədə 150-160 min arasında müəllim var. Məktəblərdə isə 75-80 min sinif var. Demək ortalama hər 2 müəllimə 1 sinif düşür. I-XI siniflərdə hər sinifdə olmasa da dərsdənkənar məşgələlərlə ən yaxşı halda 321 saat dərs var. Məktəblərdə dərs saatlarından daha az əmək haqqı verilən dərnək saatlarını da nəzərə alsaq, lap deyək bu 11 sinifdə 330 saat dərs var. Bu da ortalama hər sinifdə 30 saat dərsin olması deməkdir. Nəticə alırıq ki, bu gün hər müəllim ortalama bir stavkadan da az, ən yaxşı halda 15 saat dərs deyir. 15 saat üçün ortalama əmək haqqı və sinif rəhbərliyini də nəzərə alsaq dövlət ödənişləri çıxılmadan 520 manat edir. Artımdan sonra məcburi dövlət ödənişləri çıxıldıqdan sonra isə ölkədə ortalama hər müəllim nağd şəkildə 400 manat ala biləcək. Bu o deməkdir ki, ölkədə müəlimlər arasında median əmək haqqı, yəni müəllimlərin yarısından çoxu minimum əmək haqqından cüzi miqdarda yüksək əmək haqqı ala bilir və onların yarısından çoxunun dərs yükü 12 saatdan aşağıdır”.

 

Ekspert müəllimlərin maaş artımının tənzimlənməsi üçün nə kimi addımların atılmalı olduğuna aydınlıq gətirib:

 

 “Qısası, əslində müəllimin əmək haqqı 20 faiz artsa da, reallıqda artmayıb. Bəs çıxış yolu? Biz müəllimlərin əmək haqqından tutulmaları ləğv etməliyik. Yəni əmək haqqından tutulan vergini və digər tutulmaları aradan qaldırmaq lazımdır. Artıma baxmayaraq, Azərbaycanda müəllimlərin maaşı qonşu ölkələr – Rusiya və Qazaxıstanla müqayisədə çox geri qalır. Məsələn, Rusiyada dollarla desək, müəllimlərin aylıq əməkhaqqı 400-500, Qazaxıstanda isə təxminən 400 dollar civarındadır. Bu baxımdan Azərbaycanda müəllimlərin maaşını yüksək saymaq olmaz. Üstəlik, inflyasiya çox yüksək həddədir. Ölkə üzrə məktəblərin təqribən yarısında 200 nəfər civarında şagird təhsil alır. Belə məktəblərin 30 faizə qədəri ibtidai və ümumi orta təhsil verən və kənd rayonlarında yerləşən məktəblərdir. Bu məktəblərin ümumi və ya tam orta təhsil verməsindən asılı olmayaraq orada orta hesabla hər sinifdən bir dənə mövcuddur. Yəni bu o deməkdir ki, belə məktəblərdə ibtidai sinif, dil-ədəbiyyat, riyaziyyat və xarici dil müəllimləri istisna olmaqla heç bir fənn üzrə bir dərs yükü çatan dərs saatı mövcud deyil ki, müəllimlər heç olmazsa, bir dərs yükü dərs tədris edə bilsinlər. Qeyd etdiyim bu 4 ixtisas istisna olmaqla hətta Azərbaycan və ümumi tarix fənlərinin dərs saatları belə bir dərs yükünə çata bilmir. Əgər həmin məktəblərdə bu fənləri 1-dən artıq müəllim tədris edirsə, vəziyyət daha da kritikləşir. Ölkə məktəblərinin yarısında bu vəziyyət mövcuddursa, ikinci iş yeri hesabına belə müəllimlərin göstərilən məbləğdə orta aylıq əmək haqqı alması inandırıcı deyil”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları