Yanvarın 18-də Milli Məclisin Elm və təhsil komitəsinin 2022-ci ilin yaz sessiyasında ilk onlayn iclası keçirilib.
AzEdu.az xəbər verir ki, komitə sədri Bəxtiyar Əliyev əvvəlcə yeni sessiyanın başlanması münasibəti ilə həmkarlarını təbrik edib və onlara yaz sessiyasındakı fəaliyyətlərində uğurlar arzulayıb. Sonra o, komitənin 2022-ci il yaz sessiyasının qanunverilik işləri planı haqqında danışıb.
B. Əliyev yaz sessiyasında baxılması nəzərdə tutulan məsələlər barədə ətraflı məlumat verib. O bildirib ki, “Ali təhsil haqqında” qanun layihəsi üzərində işçi qrupun işi tamamlanıb və sənəd müvafiq qurumlardan rəy alınandan sonra qarşıdakı sessiyada komitədə müzakirə ediləcək. Bu sessiyada, eyni zamanda, “Vətənpərvərlik tərbiyəsi haqqında” qanun layihəsinin hazırlanması və digər bəzi qanun layihələrinin müzakirəsi nəzərdə tutulub. Qeyd edilib ki, komitə üzvlərinin ölkədaxili və beynəlxalq səviyyəli bir sıra tədbirlərdə iştirakı planlaşdırılır. İclasda komitənin iş planı yekdilliklə təsdiqlənib.
Sonra B.m Əliyev 2021-ci ilin payız sessiyası ərzində komitədə görülən işlərə dair hesabatı təqdim edib.
Bildirib ki, hesabat dövründə komitənin 6 iclası keçirilib, 11 məsələyə baxılıb. İclaslarda “Təhsil haqqında”, “Peşə təhsili haqqında” və digər qanunlarda edilən dəyişikliklər müzakirə olunub. Bəxtiyar Əliyev qeyd edib ki, komitə üzvləri “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirələrində də fəal iştirak ediblər.
Komitə sədri hesabat dövründə vətəndaşlardan komitəyə 129 ərizə və məktubun daxil olduğunu bildirib. Müraciətlər qeyd olunan məsələlərin həlli üçün aidiyyəti qurumlara ünvanlanıb. Bildirilib ki, komitə üzvləri sessiya dövründə vətəndaşlarla daim ünsiyyətdə olub, onları maraqlandıran məsələlərlə bağlı öz səlahiyyətləri çərçivəsində lazimi işlər görüblər. Qeyd edilib ki, Vətəndaşlardan daxil olan müraciətlərin sayı azalıb bu da ondan irəli gəlir ki, ölkədə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan vətəndaşı daima dövlətin, dövlət başçısının diqqət mərkəzindədir.
İclasda komitə sədri bu günlərdə Prezident cənab İlham Əliyevin ölkə mediasına verdiyi müsahibə haqqında söz açıb. Bildirib ki, Prezident müsahibəsində Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət və qayğını xüsusi vurğulayıb. Qeyd edib ki, Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət doğrudan da dünyada nümunəvi sayıla bilər. Azərbaycan bu sahədə özünün modelini ortaya qoyur və başqa dövlətlər də bu uğurlu modeli tətbiq edə bilərlər.
kitabı