Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-18 13:54:00
Vətən qarşısındakı borc-MÜSAHİBƏ-FOTOLAR

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və AzEdu Təhsil Portalının I Qarabağ və Vətən Müharibəsi iştirakçısı olan müəllimlərin döyüş yolundan bəhs edən “Müəllimin cəbhə gündəliyi” layihəsi davam edir.

 

 

Layihə çərçivəsində I Qarabağ və Vətən Müharibəsində iştirak edən müəllimlər keçdikləri döyüş yolu, həmçinin məktəb həyatı və şagirdlərlə münasibətləri barədə danışırlar.

 

 

Layihənin budəfəki müsahibi Bakı şəhəri  157 nömrəli tam orta məktəbin tarix müəllimi Ruslan Ağamalıyevdir.

 

 

DOSYE

 

 

O, 1978-ci ildə anadan olub. 1995-ci ildə Bakı şəhəri 144 nömrəli tam orta məktəbi bitirib. 1995-1999-cu illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsidə təhsil alıb. 2000-ci ildən paytaxtdakı 157 nömrəli tam orta məktəbdə tarix müəllimi vəzifəsində çalışır.

 

 

2002-2004-cü illərdə Füzuli rayonunda leytenant rütbəsi ilə xidmət keçən R.Ağamalıyev baş leytenant rütbəsi ilə xidmətini başa vurub.

 

 

Vətən Müharibəsi başlayan kimi cəbhəyə yollanan R.Ağamalıyev Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Vətən Müharibəsindəki xidmətləri nəzərə alınaraq  "Cəbrayılın azad olunmasına görə", " Füzulinin azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü”medalları ilə təltif olunub.

 

 

Vətən qarşısında olan borc:

 

“2020-ci ildə Tovuz hadisələrindən sonra çoxları kimi mən də hərbi komissarlığa müraciət etdim. Sentyabr ayında axşam saatları olardı, səbirsizliklə gözlədiyim zəng gəldi. Bir həftəlik hərbi hazırlıq keçdik, sonra isə bizə müharibənin başlandığı deyildi”. 

 

 

İşğaldan azadlığa doğru gedən yolun başlanğıcı:

 

“Baş leytenant olaraq taqım komandiri kimi müharibədə iştirak etdim. Döyüş yolumuz əvvəl Füzuli, sonra Cəbrayıldan keçdi. Daha sonra isə Xocavənd rayonu istiqamətində irəlilədik. Son dayandığımız nöqtə Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi oldu”. 

 

Vətəndaşların azadlıq uğrunda göstərdiyi şücaət:

 

“Müharibə zamanı yadımda qalan hadisələrdən biri insanların hərbiçilərə qarşı göstərdiyi doğmalıq, sevgi hissləri idi. Onlar bizim üçün ərzaq, meyvə və digər zəruri ehtiyac duyulan məhsulları gətirirərək əllərindən gələn köməyi göstərməyə çalışırdılar. Onların gözlərində əsgərlərimizə olan minnətdarlıq duyğusunu, qururu və inam hissini görməmək mümkün deyildi. Bu adamlar da sanki bizimlə Qarabağı azad etməyə gedirdilər”. 

 

 

Əsgərlərin qəhrəmanlığı və döyüş əzmi:

 

“Döyüş zamanı ayrı-ayrı əsgər və zabitlərin göstərdiyi şücaəti unutmaq imkansızdı. Həmin xatirələri yaddaşdan silmək qeyri-mümkündür. Ona görə də bu hadisələri hələ də xatırlayır və xəyallara dalıram”.

 

 

Döyüşdə eşidilən Zəfər xəbəri və dayanan silahlar:

 

“10 noyabr sülh müqaviləsinin imzalanmasını biz döyüş zamanı eşitdik. Xocavənd istiqamətində - Qırmızı Bazar ətrafında yüksəkliyi ələ keçirmişdik. Döyüş zamanı yaralılarımız və şəhidlərimiz var idi. Sonra qruplaşmalar şəklində yenidən toplanaraq növbəti hücum əməliyyatına hazırlaşırdıq. Elə bu vaxt atəşkəsin imzalandığını eşitdik və silahı yerə qoyduq”. 

 

 

Müharibədən dönən müəllim, şagirdlərin qürur mənbəyi

 

 

“Müharibədən qayıtdıqdan sonra tamam fərqli hisslər yaşayıram. Məktəbdən uzaqlaşdığım üçün müəyyən müddət yadırğamışdım. Çünki düşüncələrimdə sadəcə qatıldığım döyüşlər,   müharibə var idi. Yenidən mülki həyata qayıtmaq çətin idi. Lakin ailə üzvlərim, dostlarım, ən əsası şagirdlərim sayəsində bu dövrü tezliklə adlaya bildim. Şagirdlərimin gözündə sevinc və qürur hissi var idi. Onlar müəllimləri ilə fəxr edirdilər. Bu da məni çox sevindirirdi, çünki şagirdlərim məni sevir və fəxr edirlər”.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları