Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-17 11:48:00
Tarix və ingilis dili fənləri üzrə onlayn formada hazırlıq kursları keçirilib

15 yanvar 2022-ci ildə tarix fənni üzrə, 16 yanvar 2022-ci il tarixində isə ingilis dili fənni üzrə Dövlət İmtahan Mərkəzində buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kurslarının ilk məşğələləri keçirilib.

 

AzEdu.az xəbər verir ki, COVID-19 pandemiyası ilə bağlı ölkədə tətbiq edilən karantin rejiminin qaydaları nəzərə alınaraq hazırlıq kursları onlayn – “Zoom” platforması üzərindən həyata keçirilib.

 

Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.

 

Tarix fənni üzrə moderator Hafiz Cabbarov və ingilis dili fənni üzrə moderator Nərminə Əliyeva müvafiq fənn kurikulumunun mahiyyəti, məzmunu haqqında və imtahanlarda mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan alt standartlar, onları reallaşdıran mövzular, qiymətləndirmə vasitələrinin formaları, məzmunu və qiymətləndirmə meyarlarının hazırlanması ilə bağlı təqdimatlar etdilər.

 

Hazırlıq kurslarının ikinci mərhələsində (praktiki hissə) iştirakçıların ev tapşırıqlarını bir ay müddətində internet vasitəsilə onlara təqdim edilən elektron ünvana göndərməli olduqları bildirilib. Həmçinin kursunun sonunda Bakı şəhərindən olan iştirakçıların DİM-in Həsən Əliyev küçəsi 299 ünvanında yerləşən binasında, regionlarda yaşayan iştirakçıların isə yaşadığı əraziyə ən yaxın DİM-in regional bölməsində cavabı yazı ilə ifadə olunan açıq tipli qiymətləndirmə tapşırıqlarının yoxlanılması prosesindən (kalibrləmə) keçməli olduqlarını qeyd edilib.

 

Kursu başa vurmuş müdavimlərin şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil ediləcək. Onlara DİM-in sertifikatı veriləcək. Gələcəkdə sertifikat almış şəxslər DİM-lə əməkdaşlığa cəlb ediləcəklər.