Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-16 12:30:00
Sınaq imtahanlarında ən yüksək nəticə göstərən abituriyentlər DİM-də “Açıq qapı” günündə iştirak ediblər

Respublika üzrə ən yüksək nəticə göstərən abituriyentlər Dövlət İmtahan Mərkəzində “Açıq qapı” gününə dəvət olunub

 

AzEdu.az xəbər verir ki, 2021-ci il dekabrın 19-da ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə keçirilmiş sınaq imtahanlarında ən yüksək nəticə göstərən 18 abituriyent 14 yanvar 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzinin (DİM) Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən yeni inzibati binasında keçirilən “Açıq qapı” günündə iştirak edib. 6 abituriyent isə görüşə onlayn qaydada qoşulub.

 

Abituriyentlər tədbirdən əvvəl DİM-də yaradılan ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzeylə tanış olublar. İştirakçılara milli qiymətləndirmə sisteminin yaradılması və tarixi inkişaf yolu barəsində məlumat verilib.

 

Daha sonra tədbir iştirakçıları ilə görüş başlayıb. Abituriyentlərin və onların valideynlərinin iştirak etdikləri tədbirdə DİM-in struktur bölmələrinin rəhbərləri də iştirak ediblər.

 

Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonra tədbir iştirakçıları Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

 

Daha sonra DİM-in struktur bölmələrinin rəhbərləri sınaq imtahanında yüksək nəticə göstərmiş abituriyentləri təbrik edərək onlara buraxılış və qəbul imtahanlarında, eləcə də gələcək fəaliyyətlərində uğurlar arzulayıb, qarşıdakı imtahanlar, ixtisas seçimi və digər məsələlər barəsində məlumat, məsləhət və tövsiyələr veriblər. DİM-in məsul işçiləri abituriyentləri və onların valideynlərini maraqlandıran sualları da cavablandırıblar.

 

DİM əməkdaşları tərəfindən DİM-in fəaliyyət istiqamətləri, maarifləndirici materiallar, psixoloji testlər, peşələr haqqında məlumat və digər xidmətləri əhatə edən e-psixoloq.az və müxtəlif növ sınaq imtahanları platforması olan otk.az internet saytlarının imkanları haqqında məlumat verilib.

 

Qeyd edək ki, DİM tərəfindən ən yüksək nəticə göstərən 25 abituriyentə hədiyyə olaraq fevral ayının 13-də keçiriləcək növbəti sınaq imtahanlarında ödənişsiz iştirak etmək üçün kuponlar təqdim edilib.

 

Tədbir COVID-19 pandemiyası ilə əlaqədar karantin dövründə qapalı məkanlarda kütləvi tədbirlərin keçirilməsi qaydaları nəzərə alınmaqla və iştirakçıların sağlamlığını qorumaq üçün zəruri tədbirlər görülməklə keçirilib.