Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-15 13:48:00
Metodik dəstək fəaliyyəti üzrə məktəbin inkişaf planı hazırlanacaq

Təhsil İnstitutunun rəhbərliyi ilə Metodik dəstək və peşəkar inkişaf mərkəzinin əməkdaşları və bir neçə məktəbin rəhbərliyi arasında görüş keçirilib.


İnstitutdan AzEdu.az-a bildirilib ki, görüşün keçirilməsi Təhsildə Keyfiyyət Təminat Agentliyi tərəfindən məktəblərdə aparılan inspeksiyanın nəticələrinə uyğun olaraq üzə çıxmış çatışmazlıqların həlli yolunda birgə əməkdaşlıq etmək məqsədi daşıyıb. Qeyd edilib ki, metodik dəstək fəaliyyəti üzrə məktəbin inkişaf planı hazırlanacaq. Planda məktəbin mövcud vəziyyəti, inkişaf strategiyası, hədəflər və nəticə indikatoru öz əksini tapacaq. Bununla yanaşı, hər bir məktəbin pedaqoji heyətinin metodik ehtiyacları müəyyənləşdiriləcək və bu ehtiyaclar əsasında Təhsil İnstitutu tərəfindən dəstək təmin ediləcək.


İnstitutun direktoru Rüfət Əzizov görüşdə çıxış edərək aparılan inspeksiyanın məktəblərin inkişaf tendensiyasını izləmək baxımından əhəmiyyətli addım olduğunu vurğulayıb. O, həmçinin qeyd edib ki, fəaliyyətlər toplusu məktəbin inkişaf planını ortaya çıxarır və bu prosesdə iki komanda formalaşır: inkişaf planını yerinə yetirən komanda və tətbiqə nəzarət edən komanda. R.Əzizov son olaraq məktəbin mövcud vəziyyətinin (qeyri-kafi, kafi, yaxşı və s.) müəyyən edilməsində təqdimata ehtiyac olduğunu və bu məsələnin birbaşa cavabdehlik daşıyan şəxs tərəfindən həyata keçirilməli olduğunu bildirib.


Görüşdə Metodik dəstək və peşəkar inkişaf mərkəzinin direktoru Nəzakət Mehdiyeva, Əlaqələndirmə şöbəsinin müdiri Elxan Nəcəfov, məktəb direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinləri iştirak ediblər.
Qeyd edək ki, metodik dəstəyin təşkilində Təhsil İnstitutu Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əməkdaşlıq edir.