Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-13 16:40:00
“İmtahanların tarixinin tezləşdirilməsi doğru deyil, Təhsil Nazirliyi məsələyə etirazını bildirməlidir”-Şəmil Sadiq

 

Yaxın günlərdə Dövlət İmtahan Mərkəzi tərəfindən  buraxılış imtahanlarının 11-ci siniflər üzrə mart, 9-cu siniflər üzrə isə aprel ayında keçirilməsinin nəzərdə tutulduğu açıqlandı.

 

Nəticədə imtahan tarixlərinin tezləşdirilməsi bütövlükdə təhsil ictimaiyyəti, bir çox təhsil mütəxəssisləri tərəfində ciddi etiraza səbəb oldu.

 

Bu eyni zamanda qəbul imtahanlarına hazırlaşan abituriyentlər və tədris proqramı hələ bitməyən şagirdlər arasında müəyyən stressin yaranmasına gətirib çıxarır. Bu panika və stressin abituriyentlərin imtahan nəticələrinə öz təsirini necə göstərəcəyi isə sual altındadır.

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan Hədəf Şirkətlər Qrupunun qurucusu, Baş Direktor, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq məsələyə öz etirazını bildirərək, belə olan halda şagirdin məktəbə münasibətinin dəyişdiyini bildirib:

 

“Ümumilikdə, mən bunun əleyhinəyəm. Məktəb bitmədən qəbul, buraxılış, yəni yekun nəticə imtahanlarının keçirilməsi heç bir halda düzgün deyil. Nəzərə alsaq ki, bizdə imtahanlar bir dəfə olur, əgər bu ildə iki dəfə keçirilsəydi, o zaman bəlkə başa düşmək olardı. Amma qaydalara görə məktəbi bitirmək üçün yekun imtahan ilin sonunda keçirilir.

Məktəb bitməmiş imtahan keçirmək və şagirdin qiymətinin bəlli olması 9-11-ci siniflərin ümumiyyətlə məktəbə münasibətinin dəyişməsinə gətirib çıxarır. Çünki ən azından şagirdlər 9-cu sinfin hazırlıqları üçün müəyyən mənada məktəbdə keçirilən dərslərə maraq göstərirlər. Bu o deməkdir ki, Azərbaycan dili, Riyaziyyat və İngilis dili dərsləri bitdi, məktəbə getmək lazımsız hesab olunur, beləcə şagirdlər artıq məktəbə getmir. Çünki bildiyimiz kimi, imtahan qiyməti bəlli olduqdan sonra istənilən halda bu uşaq psixologiyasında “məktəb bitdi” düşüncəsinin formalaşmasına səbəb olur. Halbuki bizdə məktəb 14 iyun tarixində bitir. Bu səbəblə hesab edirəm ki, buraxılış və qəbul imtahanları ən tez halda iyun ayında keçirilməlidir, bunu da öncədən planlamaq mümkün idi”.

 

Baş direktor imtahanlarla bağlı qərarın yanvar ayında açıqlanmasının doğru olmadığını vurğulayıb:

 

“Digər tərəfdən, Dövlət İmtahan Mərkəzinin bu qərarı indi verməsi düzgün deyil. Builki tədris ilində nələr olacağı ilə bağlı qərar sentyabr, avqust aylarında verilməlidir. Hazırda yanvar ayıdır və elan olunur ki, mart ayında imtahan keçiriləcək. İstənilən halda şagirdlər məktəbdə müəyyən dərslərə hazırlaşırlar. Özünü may, iyun aylarına hazırlayan bir şəxsə qəfildən imtahanın bir-iki ay qarşıya çəkilməsi xəbəri verilir. Bu isə həmin şəxsi panikaya salır, stressin yaranmasına səbəb olur”.

 

“İmtahanlar birmənalı şəkildə iyun ayında keçirilməlidir...”

 

“Doğrudur, DİM elan edir ki, keçirilməyən mövzular imtahana salınmayacaq, halbuki, bunu hər kəsə çatdırmaq olmur, hamının sosial şəbəkədə, müəyyən platformada bu xəbəri oxumaq imkanı yoxdur. Nəticə olaraq bunu onlara çatdırmaq çətin bir prosesdir. Eşidən insanlarda da neyləyəcəkləri, may ayında keçiriləcək dərslərin vəziyyəti ilə bağlı suallar yaranır. Bu səbəblə imtahan tarixlərinin tezləşdirilməsini yanlış hesab edirəm və düşünürəm ki, bu imtahanlar birmənalı şəkildə iyun ayına keçirilməlidir”.

 

Ş.Sadiq imtahanlarla bağlı jurnalların çap tarixinə diqqət çəkərə, Təhsil Nazirliyinin bu məsələyə etirazını bildirməli olduğunu vurğulayıb:

 

“Dövlət imtahan Mərkəzinin cəmiyyətdə müəyyən bir reytinqi, qazandığı bir nüfuz var. Amma neçə illərdir ard-arda biz bunun şahidi oluruq ki, ilin yekun imtahan nəticələri, buraxılış, yaxud blok imtahanları ilə bağlı qərarlar yanvar açıqlanır, bu böyük bir yanlışdır. Hər şey tədris ilinin əvvəlində elan olunmalıdır. Təhsil ictmaiyyəti də bilməlidir ki, bu il nə edəcək. Bununla yanaşı DİM tərəfindən hər il çap olunan jurnallar olur, model tipli testlər, nümunə testlər, hesablama qaydaları və s. Bu jurnallar hələ çıxmayıb, yanvarda niyə çıxmalıdır ki? Bu hesablanıb sentyabrda verilməlidir ki, cəmiyyət buna uyğunlaşsın. Heç bir halda bunu düzgün qəbul etmirəm və düşünürəm ki, Təhsil Nazirliyi bu məsələyə ciddi etirazını bildirməlidir. Cəmiyyət narahatlığını bildirir, amma nazirliyin məsələyə hər hansı münasibətini görmürük”.

 

Son olaraq o, -“Bu məktəbdəki prosesin pozulmasına gətirib çıxaran bir hadisədir, arzu edərdim ki, Təhsil Nazirliyi bu məsələyə öz münasibətini bildirsin”- deyə qeyd edib.