Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-13 15:13:00
Ali təhsil pilləsi üzrə qiymətləndirmə proseslərində iştirak edəcək ekspertlərin seçimi aparılır

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) öz nizamnaməsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində təhsil sahəsində fəaliyyət göstərən müəssisələrin akkreditasiya proseslərini təşkil edir.

 

AzEdu.az xəbər verir ki, akkreditasiya zamanı təhsil müəssisələri və proqramlarının qiymətləndirilməsi agentlik tərəfindən yaradılmış müstəqil Akkreditasiya Komissiyası tərəfindən icra olunur. Akkreditasiya Komissiyasının üzvləri yerli və xarici təhsildə keyfiyyət təminatı mütəxəssisləri, sahə üzrə elmi işçilər, əmək bazarı və təhsilalanların nümayəndələri arasından qanunvericiliyə uyğun olaraq seçilə bilər. Bu məqsədlə ali təhsil pilləsi üzrə akkreditasiya qiymətləndirilməsi prosesində iştirak etmək istəyən namizədlər üçün agentlik tərəfindən “Ekspert bankı” yaradılıb.

 

Ali təhsil pilləsi üzrə akkreditasiya qiymətləndirilməsi proseslərində iştirak etmək istəyən və “Ekspert bankı”na CV ilə müraciət etmiş namizədlər üçün agentlik tərəfindən müvafiq təlimlər təşkil olunur və təlimi uğurla başa vuran namizədlərə sertifikatlar verilir. Yanlız sertifikat əldə etmiş mütəxəssislər akkreditasiya prosesinə cəlb olunacaqlar.

 

Müraciət üçün agentliyin internet saytının (www.tkta.edu.az) “Ekspert komandamıza qoşulun” bölməsinə daxil olaraq daha ətraflı məlumat əldə etmək olar.