Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-13 12:49:00
Müəllimlərin “AzEdu Academy”-dən gözləntiləri-BU LAYİHƏLƏR həyata keçirilə bilər

Yanvar ayından etibarən yeni tədris mərkəzi və təhsil platforması “AzEdu Academy” fəaliyyətə başlayıb.

 

“AzEdu Academy” tədris mərkəzinin əsas fəaliyyət istiqamətləri təhsillə bağlı müxtəlif layihələrin və xüsusən də, müəllimlərin işə qəbulu müsabiqəsi üzrə müəllim və namizədlərin peşəkar təlimçilər tərəfindən hazırlığının həyata keçirilməsidir.

 

AzEdu.az-a danışan müəllimlər “AzEdu Academy”-nin fəaliyyətində nələri görmək istədiklərinə aydınlıq gətiriblər.

 

İsmayıllı rayon İstisu kənd məktəbinin ibtidai sinif müəllimi Şahid Muradlı qeyd edir ki, tədris mərkəzi inklüziv təhsillə bağlı layihələr həyata keçirə bilər:

 

 “Əvvəlcə yeni yaranan AzEdu Academy təhsil mərkəzinə fəaliyyətində uğurlar arzu edirəm. İnanıram ki, mərkəz təhsilimiz adına böyük işlər görəcək.

 

Bir müəlllim kimi mərkəzin inklüziv təhsillə bağlı layihələr həyata keçirməsini çox istərdim. Hazırda sağlamlıq imkanları məhdud olan uşaqlardan təqribən 12 min nəfər təhsilə cəlb olunsa da, ölkəmizdə bu uşaqların ümumi sayı 60 minə yaxındır. Təkcə bu fakt layihələrin həyata keçirilməsinin zəruriliyini göstərir.

 

Bu istiqamətda təhsil işçilərinin fikirlərini aldığınız üçün isə bütün həmkarlarım adından sizlərə təşəkkür edirəm”.

 

Laçın rayon Taxtakörpü kənd tam orta məktəbinin direktoru Şəbnəm Cəbrayıl “AzEdu Academy”-dən gözləntilərinin böyük olduğunu qeyd edir:

 

“AzEdu əslində hər zaman ölkədə ilk layihələrə imza atan  və dəstək olan təhsil platforması olub. Müəllimlərin, xüsusən də, gənclərin mütləq əksəriyyətini ictimaiyyətə tanıdıb, həvəsləndirib, motivasiya verib. İnanıram ki, yeni layihələrdə də AzEdu təhsilə, təhsil iştirakçılarına dəstək olmaqda davam edəcək. Bu xəbər biz müəllimləri çox sevindirdi. “Azedu Academy”-dən gözləntilərimiz böyükdür.

 

Sertifikasiya hazırlığı, təlimlər təşkil etsə, çox yararlı olar deyə düşünürəm”.

 

Şəmkir rayon, Düyərli kənd 2 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Aysel Alızadə “AzEdu Academy”də kurikulum üzrə dərs vəsaitinin hazırlığını arzu edir:

 

“Düşünürəm ki, mərkəz olaraq hər ixtisasa aid vəsaitləri, ən əsası kurikuluma aid vahid dərslik çap olunsa, müəllim olmağa hazırlaşan namizədlərin işi daha da asanlaşar. Bundan elavə bölgələrdə də kursun filalları açılsa, daha faydalı nəticə verər”.

 

Göygöl rayon Çaylı kənd tam orta məktəbinin müəllimi  Səltənət  Qurbanova təhsil mərkəzində müəllimlər üçün təlimlərin keçirilməsini effektiv hesab edir:

 

“AzEdu Academy təhsil mərkəzinin əməkdaşlarına uğurlar diləyirəm. İnanıram ki, bu mərkəzin fəaliyyəti təhsilimiz üçün faydalı olacaq. Bundan başqa, mərkəzdə müəllimlər üçün öyrədici seminarlar, inkişafetdirici təlimlər təşkil olunsa, bizim üçün də çox faydalı olar”.

 

 Laçın rayonu H.Y.Həsənov adına Mişni kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi  Gülnar İsmayılova təhsil mərkəzində müəllimlərin təqdimatlarının olmasını arzu edir:

 

“Gözləntilərim böyükdür. Çox istəyərdim ki, gənc müəllimlərlə birgə görüşlər, təqdimatlar olsun. Ədəbiyyat ,elm günləri təskil edilsin. Maraqli spikerlərin çıxışı ilə görüşlər olsa, çox gözəl olardı. Uğurlar arzulayıram”.

 

Qeyd edək ki, “AzEdu Academy” təhsil platformasının əsas fəaliyyət istiqaməti təkcə MİQ hazırlığı üzrə deyil, həmçinin direktorlar və direktor müavinlərinin işə qəbulu üzrə müsabiqəsində iştirak edəcək namizədləri uğura daha da yaxınlaşdırmaqdır.

 

Platforma həmçinin, mütəmadi olaraq müəllim və namizədlər üçün tanınmış təhsil mütəxəssislərinin iştirakı ilə ödənişsiz təlimlər təşkil edəcəkdir.

 

“AzEdu Academy” ilə əlaqə saxlamaq istəyən müəllim, təlimçi və təhsil mütəxəssisləri üçün əlaqə nömrələri: 012-480-15-93; 055-329-48-78.

 

Email:[email protected]

 

 Ünvan: Qara Qarayev metro stansiyası yanı, 34/67

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları