Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-13 11:37:00
"Əksəriyyəti məktəbdə bir ştatı tutublar,amma yetərincə iş aparmırlar"-Direkor müavini məktəb psixoloqlarının fəaliyyətindən DANIŞDI

 

Son zamanlar təhsil müəssisələrində müəllim və şagirdlər arasında müşahidə olunan aqressiv davranışlar məktəb psixoloqlarının fəaliyyətinə  yenidən baxışı zəruri edir.

 

Bu məsələ xüsusilə ümumi orta təhsil müəssisələrində fəaliyyət göstərən psixoloqların iş istiqamətləri, gördükləri tədbirlər, məktəbdə münasibətlərin tənzimlənməsi ilə bağlı fəaliyyətlərində suallar gündəmə gətirir.

 

Bu istiqamətdə baza ali təhsilin vacib olduğunu qeyd edən  ADPU-nun Şəki filialının elmi işlər üzrə direktor müavini, dosent Nurəli Çələbiyev AzEdu.az-a açıqlamasında məktəb psixoloqlarının hazırki fəaliyyətini dəyərləndirib:

 

“Doğrudur, bunu kütləvi şəkildə hamıya aid etmək olmaz, amma pedaqoji mühitdə mənzərə belədir ki, məktəb psixoloqları yetərincə iş aparmırlar. Valideynləri məktəbə dəvət etmək, onlarla maarifləndirici söhbətlər aparmaq, ailə tərbiyəsində onları avtoritar üslublardan çəkindirmək, daha çox demokratik üsluba yönləndirmək, əməkdaşlıq münasibətlərinə üstünlük verməyin vacibliyini izah etmək lazımdır”.

 

Direktor müavini Azərbaycanda psixologiya ixtisasının tədrisinə nəzər salaraq, məktəblərdə fəaliyyət göstərən psixoloqlardan danışıb:

 

“Əvvəlki dövrdə Azərbaycan ali təhsil müəssisələrində psixologiya fakultəsi olmayıb. Psixologiya ixtisasının tədrisinə hardasa 1994-1995-ci illərdən başlanıldı. O zamana kimi məktəblərdə fəaliyyət göstərən psixoloqlar baza ali təhsili olan müxtəlif fənn müəllimləri idilər. Belə ki, hər hansı bir fənn müəllimi 9 aylıq kurs keçir və sonda məktəb psixoloqu diplomu alırdılar. Amma bu ixtisasla bağlı baza ali təhsili olmayan fənn müəllimi 9 ayda psixologiyanın dərinliklərinə kifayət qədər enə, praktik iş üsullarını mənimsəyə bilməz. Psixoloqun fəaliyyətinə, nəzəri, elmi, praktiki və tətbiqi istiqamətləri var”.

 

 

“Açıq deyim ki, məktəblərdə olan diaqnostik iş metodları ilə bağlı proqramları bizim psixoloqların çoxu bilmir”: Hansı ki, uşaqlarla testlər vasitəsi ilə iş aparmalıdır. Bununla yanaşı diaqnostik iş aparmaq üçün bizdə azərbaycan dilində mükəmməl test bankı yoxdur. Müxtəlif dillərdə nə material tapılsa, onun vasitəsilə iş görülür. Psixoloqlar üçün ayrıca test bankı olmalıdır. Məsələn, müəyyən bir uşaqda təlimdə geridə qalma, davranış qüsuru kimi problemlər aşkarlanır və onlar korreksiya edilməlidir, düzəldilməlidir. Ancaq bu korreksiyanı hansı metodlarla etmək lazım olduğunu psixoloqların çoxu bilmir. Bu istiqamətdə mütəxəssislər tərəfindən xüsusi proqramlar hazırlanmalıdır.

 

Psixologiya üzrə ali təhsil alanlardan fərqli olaraq, bu ixtisasa kursda yiyələnənlər yetərincə iş aparmırlar...

 

“Hesab edirəm ki, psixologiya üzrə ali təhsil alan məktəb psixoloqlarının hazırlıq səviyyəsi yaxşıdır, onlar bu sahədə müəyyən qədər iş görə bilirlər. Amma kurslar vasitəsilə bu ixtisasa yiyələnən, baza ali təhsili hər hansısa bir fənn müəllimlərinə bu aid deyil. Onların əksəriyyəti məktəbdə bir ştatı tutublar, amma yetərincə iş aparmırlar. O gün sosial şəbəkədə bir nəfər mənə yazdı ki, psixoloq olaraq məktəb direktoru onlara kabinet vermir. Cavabında bildirdim ki, hüquqi normada sənədlərə nəzər saldıqda görmək olur ki, Azərbaycan Respublikası Nazirlər Kabineti bununla bağlı qaydalar təsdiqləyib. Biri var Millim Məclis tərəfindən 7 dekabr 2018-ci ildə qəbul olunan “Azərbaycanda psixoloji yardım haqqında” qanun, biri də var “Təhsil müəssisələrində psixoloji xidmətin təşkili qaydaları” ki, bu da Nazirlər Kabineti tərəfindən 20 aprel 2020-ci ildə qəbul olunub. Həmin şəxsdən bu sənədlər haqqında məlumatı olub-olmadığını soruşdum, çünki onun fəaliyyətini bu sənədlər tənzimləyir. Bu qaydalarda məktəbdə psixoloji xidmət kabinetinin yaradılmalı olduğu açıq şəkildə qeyd olunub”.

 

Direktor müavini məktəb psixoloqlarının əmək haqqlarına diqqət çəkib:

 

“Onu da qeyd etmək lazımdır ki, məktəb psixoloqlarının əmək haqqları aşağıdır. Yeni ildə əmək haqqı artımı oldu, bununla bağlı qərar oxunanada müəllimlər ayrıca kateqoriya olaraq deyildi, ancaq məktəb psixoloqları texniki işçi heyəti kateqoriyası daxilində sadalandı. Məktəb psixoloqu texniki işçi heyəti ilə eyni səviyyədə durmalı deyil. Məktəb psixoloqu psixologiya üzrə ali baza təhsili olan, ixtisaslı, hazırlıqlı bir mütəxəssis deməkdir. Səhv etmirəmsə hazırda məktəb psixoloqları 300-350 manat əmək haqqı alırlar, bu da aşağı rəqəmdir. Elə sadalanan səbəblərə görə bu məsələyə diqqət yetirmək lazımdır”.

 

Dosent məktəb psixoloqlarının işini tənzimləyən əsasnamə olmadığını bildirərək, bu isiqamətdə tətbiq olunan qanun və qaydaların rolunu vurğulayıb:

 

“1989-cu ildə hazırılanan “Psixoloji xidmət haqqında” köhnə əsasnamə var idi, 1990-cı illərdə Azərbaycan dilinə tərcümə olunaraq bizim məktəblərə göndərilmişdi. Həmin əsasnamə 2019-cu ildə Təhsil Nazirliyi tərəfindən kollügiya qərarı ilə ləğv olunub. Hazırda Azərbaycanda məktəb psixloqlarının işini tənzimləyən əsasnamə yoxdur. Bunun əvəzinə “Psixoloji yardım haqqında” qanun var. Bu qanun həm səhiyyə sistemini, həm də təhsildə psixoloji xidməti əhatə edir. Bununla yanaşı qeyd etdiyimiz, Nazirlər Kabineti tərəfindən qəbul olunan “Təhsil müəssisələrində psixoloji xidmətin təşkili qaydaları”da konkret, çox lakonik şəkildə bütün fəaliyyət istiqamətləri göstərilib. Yəni bizim bu sahədə görəcəyimiz hələ çox iş var. Hazırda bu istiqamətdə hazırlanan metodiki vəsaitlərdən faydalanmaq lazımdır. Bu sahə bizdə hələ formalaşma mərhələsindədir”.

 

“Məktəb psixoloqu müəllim deyil, mütəxəssdir!”

 

“Keçən dəfə bir müəllim məktəb psixoloqlarına dərs deməyə icazə verilməməsindən şikayətlənirdi. Etiraz etdim ki, məktəb psixoloqu müəllim deyil, mütəxəssisdir və 6 fəaliyyət istiqaməti var: psixoloji maarifləndirmə, psixoloji konsultasiya, psixoloji diaqnostika, psixoloji profilaktika, inkişaf etdirici korreksiya işləri, yardımçı işlər.1000 nəfər şagirdin təhsil aldığı məktəbdə cəmi bir psixoloq üçün ştat verilir. Bu bir  psixoloq 1000 nəfər şagirdlər, eyni zamanda məktəb rəhbərləri, müəllimlər, valideynlərlə iş aparmalıdır, burada vaxt çatdırmaq çətindir. Səhv etmirəmsə hazırda məktəb psixoloqları 300-350 manat əmək haqqı alırlar, bu da aşağı rəqəmdir. Elə sadalanan səbəblərə görə bu məsələyə diqqət yetirmək lazımdır”.