Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-11 17:47:00
Psixoloqluğu kursda öyrənənlər məktəblərdə yetərincə iş aparmırlar-Direktor müavini

 

“Psixologiya ixtisası üzrə ali təhsil məzunları məktəblərdə müəyyən qədər öz işlərini görməyi bacarırlar, ancaq müəyyən kurslar vasitəsi ilə bu sahəyə yiyələnənlər məktəblərdə yetərincə iş aparmırlar”

 

Bunu ADPU-nun Şəki filialının elmi işlər üzrə direktor müavini,
dosent Nurəli Çələbiyev AzEdu.az-a açıqlamasında  son zamanlar məktəblərdə baş verən müəllim-şagird münasibətlərində yaranan problemlərə münasibətdə psixloqların rolunu dəyərləndirərkən qeyd edib.

 

Direktor müavini məktəblərdə müşahidə olunan hadisələrdə psixoloqların görməli olduqaları işlərə diqqət çəkib:

 

“Təhsil müəssisələrində fəaliyyət göstərən psixoloqların mühüm istiqamətlərindən biri də həm valideynlər, həm də müəllimlər arasında maarifləndirmə işlərinin aparılmasıdır. Əgər bu maarifləndirmə doğru şəkildə aparılsaydı, belə hallarla qarşılaşmazdıq. Hər bir müəllim düzgün şəkildə dərk edir ki, uşaq hüquqları haqqında beynəlxalq konvensiya var. Bu konvensiya 1989-cu ildə qəbul olunub,Azərbaycan da bu konvensiyaya 1992-ci ildə qoşulub. Uşaq hüquqları beynəlxalq insan hüquqlarının tərkib hissəsidir, burada insanın-insana qarşı zoraki rəftarı yolverilməz sayılır. Nə müəllimin, nə də valideynin uşağa qarşı zorakı münasibət göstərməyə haqqı yoxdur. Çox insan uşağı cəzalandırmaq deyəndə döymək kimi başa düşür. Döymək cəza formasının ən radikal üsuludur”.

 

Dosent  bəzi müəllimlərin şagirdlə davranış qaydalarına kifayət qədər malik olmadığını bildirib:

 

“Məktəb zorakılıqları deyilən bir anlayış var. Doğrudur, son illər demokratikləşmə, təhsilin hümanistləşməsi ilə bağlı bu zorakılıq növü azalıb. Mənim 60 yaşım var,bizim dövrümüzdə dərsi bilməyəndə, müəyyən intizam qaydasını pozduqda bizi döyürdülər. Heç zaman valideynlərimiz bununla bağlı bir şey demirdilər. Ancaq bu o demək deyil ki, müəllim bu vəziyyətdə özünü haqlı hesab etməlidir. Bu onu göstərir ki, müəllimlərimiz şagirdlə davranış metodlarına kifayət qədər malik deyillər. Təbii ki, bu müəyyən bir qrupu əhatə edir, bütün müəllimlərə aid deyil.Amma burada uşaqlarda da günah var, müəllim də insandır. Şəxsi həyatında, ailə mühitində üzləşdiyi problemlərə görə gərgin, stressli ola bilər. Bu halda şagird də etinasızlıq edərsə müəllim iki qat stress götürmüş olur və nəticədə özünün psixoloji emosional vəziyyətini idarə edə bilmir. Bu səbəblə də müəllimlərdə əsas tələb olunan qabiliyyətlərdən biri də öz psixoloji müvazinətini idarə etmə qabiliyyətidir".