Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-09 11:00:12
700 bal toplasanız belə bu böyük uğur hesab olunmaz” - Xaricdə təhsil alanlardan abituriyentlərə TÖVSİYƏ

Xaricdə təhsil almaq istəyənlərin daim müxtəlif ölkələrdə oxuyub geri dönənlərin məsləhətlərinə, məlumatlarına ehtiyacı olur. Bir ölkəyə getmədən orada yaşayış xərcləri, hansı universitet və ixtisasların prestijli olması, oxumağın cətin və rahatlığı tələbələri düşündürən əsas suallar sırasındadır.

AzEdu.az xaricdə təhsil alanların bu haqda məsləhətlərini abituriyentlərlə təqdim edir:

Bakalavr üzrə Şeffild Universiteti, magistratura  pilləsi üzrə  London İqtisadiyyat Məktəbində təhsil almış İnqilab Şahbazov fikirlərini bizimlə bölüşüb. O bildirib ki, universitetə daxil olmaq və ya olmamaq həyatınızı və karyeranızı diqtə etmir:

“Əsas məsələ sevdiyiniz və bacardığınız sahə üzrə işləməyə çalışmaqdır. Təbii ki, universitetə daxil olmaq cəmiyyət tərəfdən müsbət hal kimi qarşılansa da abituriyentin gələcəyi üçün müsbət məna verməyə bilər. Əksinə bu, onun müəyyən cəhətdən qarşısını ala bilər. Əgər istədiyi tamamilə ayrı ixtisasdırsa, məsələn peşə məktəbində hansısa sahəyə daha yaxşı yiyələnə bilərsə, həmin şəxsin universitetə girməsi məncə, məhsuldar bir addım deyil. Azərbaycanda, eləcə də dünyada bir sıra uğurlu şəxsiyyətlər ali təhsil almadan böyük nəaliyyət və uğurlar qazanıblar. Çünki onlar nə etdiklərini biliblər. Hansı sahə üzrə getmək istədiklərini müəyyənləşdirib əmin addımlarla həmin yolda irəliləyiblər”.

İnqilab bəy əlavə edib ki, vaxtın idarə olunması da abituriyentlər üçün vacib məsələdir:

“Hər bir sahədə olduğu kimi universitetə hazırlıq da sizdən vaxtın idarə olunmasını tələb edir. İmtahandan qabaq abituriyentlər bir neçə fənn üzrə hazırlaşırlar. Vaxtı doğru idarə etmədiklərinə görə, bəzi fənlərdən yaxşı hazırlaşa bilmirlər. Bu da onların nəticəsinə mənfi təsir edir. Vaxtın idarə olunmasını abituriyent vaxtından öyrənmək gələcək üçün də faydalıdır. Təəssüf ki, ölkəmizdə əzbərçilik prinsipi abituriyentlər arasında daha geniş yayılıb. İnkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq görə bilərik ki, universitetə hazırlıq mərhələsində, imtahana düşən suallar əzbərçilikdən daha çox öyrənmək və analiz etmək qabiliyyətinin inkişafını tələb edir. Bizdə bu məsələ təhsil sisteminin çatışmazlığıdır. Eyni zamanda insanlar da əzbərçiliyə arxayın olub, karyeralarını bu yöndə quracaqlarını düşünməsinlər. İş həyatına atılanda əzbərçilik heç bir rol oynamır”.

İ.Şahbazov deyib ki, yüksək bal toplayanın ölkəmizdə və ya xaricdə oxuması şəxsin gələcəyinə yanaşması və ixtisasından asılıdır:

“Əgər həmin şəxs Azərbaycanda qalmaq istəyirsə bu, onun şəxsi qərarıdır Yaxşı olar ki, seçdiyi ixtisas Azərbaycanda yüksək səviyyədə tədris olunsun. Əgər həmin ixtisas bizdə yoxdursa və ya tədris keyfiyyəti aşağı, həmçinin iş yerləri az və ya əmək haqqı aşağıdırsa, o insanın xaricə getməsi məsləhətdir. Bizdə geniş yayılmış belə bir fərziyyə var ki, xaricdə təhsil alan insanlar mükəmməl şəxsə çevrilir, sanki bu sahənin əvəzedilməz mütəxəssisi olurlar. Qətiyyən belə deyil. Xarici universitetlərin bəziləri yüksək keyfiyyətli ola bilər, amma elələri var ki, keyfiyyəti hətta Azərbaycan universitetlərindən də aşağıdır. Ona görə xaricdə universitet seçərkən, onun tədris keyfiyyətini,imkanlarını, müəllim heyətini, universitetin məzunlarının kimlər olduğunu araşdırmaq lazımdır”.

 “Yüksək bal toplayanlara xaricdə heç bir güzəşt tətbiq olunmur”, -deyə İnqilab bəy son olaraq qeyd edib.

“Sonda bunu da bildirim ki, Azərbaycanda yüksək bal toplasanız belə bu xaricdə təhsil üçün hansısa güzəşt demək deyil. Sadəcə sizin həmin universitetdən təqaüd almaq imkanınız arta bilər. Məşhur universietlərə təqaüd üçün minlərlə insan müraciət edir. Onların içində sizi fərqləndirə biləcək faktorlardan biri də sizin topladığınız bal ola bilər. Nəzər alsaq ki, Azərbaycan dünya arenasında  yüksək inkişaf etmiş ölkə sayılmır, ona görə böyük universitetlər bizim abituriyentlərin topladığı yüksək balı böyük nəaliyyət kimi qəbul etmir. Yəni mümkündür ki, 700 bal toplasanız belə bu böyük uğur hesab olunmasın. Bilirlər ki, bizim təhsil səviyyəsi elə də yüksək səviyyədə deyil. Yaxşı olar ki, abituriyentlər yalnız yüksək bal yığmağa köklənməsinlər, həm də iş təcrübəsi qazansınlar. Qısaca, heç bir güzəşt tətbiq olunmur. Bu bir ehtimaldır ki, təqaüdə müraciət etdikdə sizi fərqləndirsinlər”.

Türkiyənin Mərmərə və Anadolu Universitetlərində təhsil alan Qələndər Məmmədli də abituriyentlərə məsləhətlərini deyib:

“Əvvəla onu deyim ki, xaricdə oxuyanların müxtəlif çətinlikləri olur. Bununla belə ailədən, ölkədən uzaqda öyrəşmədiyin mühitdə yaşamaq və çətinliklərin öhdəsindən gələ biləcəyini düşünənlər üçün xaricdə təhsil uyğun variantdır. Xaricdə təhsil alanda gərək seçici olub xüsusi fərq yaradan, çəkdiyin zəhmətə dəyən universitetdə oxuyub və diplom alasan. Ölkəmizdə də beynəlxalq standartlarda təhsil verən ali təhsil müəssisələri və fakültələr var.  Burada  tələbələrə həm vizyon qazandırılır, həm düşüncə öyrədilir, həm də tədris verilir. Təhsil aldığım, hazırda da müəllim işlədiyim UNEC-in Türk Dünyası İqtisad fakültəsi də belə müəssisələrdəndir.

Qeyd edək ki, builki qəbul imtahanlarında I-IV ixtisas qrupları üzrə 29 nəfər maksimum bal toplayıb.