Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-11 15:10:00
11-ci siniflərin mart ayındakı imtahanı təxirə salınmalıdır-Ekspertdən etiraz-SƏBƏBLƏR

 

Dövlət İmtahan Mərkəzinin buraxılış, qəbul, magistratura üzrə II cəhd və digər imtahanların keçiriləcəyi tarixlərlə bağlı qeyri-rəsmi olaraq yayılan qrafik təhsil ictimaiyyətində böyük səs-küyə səbəb oldu.

 

Mərkəz tərəfindən bu qrafikin təsdiqlənməməsi, müzakirə mərhələsində olması vurğulansa da, bununla yanaşı buraxılış imtahanlarının keçiriləcəyi tarix açıqlanıb. DİM-in məlumatına görə 11-ci siniflər üzrə buraxılış imtahanlarının mart, 9-cu siniflər üzrə buraxılış imtahanlarının isə aprel ayında keçirilməsi nəzərdə tutulur.

 

Mövzu ilə bağlı ictimaiyyəti əsas maraqlandıran sual isə qrafikin olduğu kimi təsdiq olunub-olunmayacağıdır.

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Kamran Əsədov tam orta təhsil səviyyəsi üzrə buraxılışın mart ayında keçirilməsinin nəticələrə ciddi təsirinə diqqət çəkib:

 

“İlk növbədə qeyd edim ki, buraxılış imtahanında (qəbul imtahanının birinci mərhələsində) abituriyentlərə tədris dili fənnindən 30, riyaziyyat fənnindən 25, xarici dil fənnindən 30 tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100-dür. Bu nəticənin əldə edilməsi asan deyil. Nəzərə alsaq ki, şagirdlər imtahanda əldə etdikləri nəticələri orta məktəblərdə əldə etmirlər, bunlar həmən bilik və bacarıqlara repititor yanında, hazırlıq kurslarında yiyələnirlər, o zaman imtahanın mövcud xidmət göstərənlərin proqramı başa çatmadan, təkrar olmadan mart ayında keçirilməsi nəticələrinə ciddi təsiri olacaq. Çünki qeyd etdiyim dərslər, məşğələlər mart ayında davam edir”.

 

Ekspert XI siniflər üçün mart ayında keçiriləcək buraxılış imtahanının təxriə salınmalı olduğunu bildirərək, səbəbini əsaslandırıb:

 

“Mart ayında DİM tərəfindən keçirilməsi nəzərdə tutulan qəbul imtahanlarının I mərhələsinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının keçirilməsi haqlı olaraq narazılığa səbəb olur. Bununla bağlı bəzi vacib məqamları qeyd edim. Birincisi mart ayında keçirilməsi nəzərdə tutulan buraxılış imtahanlarında şagirdlərin 1-ci sinifdən 11-ci sinfə qədər formalaşdırılmış səriştələrinin, bacarıqlarının yoxlanılması nəzərdə tutulur. Tədris dili, riyaziyyat və xarici dil üzrə ən ümumi məqamlarla əlaqəli tapşırıqlar sual kitabçasına daxil edilir. İndiki halda-mart ayının 20-nə, tətilə görə isə 25-nə qədər dərslərin olmaması həmin bacarıqların unudulmasına, yaddan çıxmasına səbəb olacaq. Digər tərəfdən dərslər bu tədris ili üçün 15 sentyabrda yox, 29 sentyabrda başlayıb. Eyni zamanda pandemiya səbəbindən mütəmadi olaraq 500-dən çox məktəbdə dərslər onlayn olub və tam təşkil edilməyib. Bütün bunları nəzərə alsaq, zənnimcə, XI siniflər üçün mart ayındakı imtahanlar təxirə salınmalıdır. Ən yaxşı halda may ayında keçirilməlidir”.

 

Ekspert imtahanların 6 ay əvvəldən elan olunmasının daha yaxşı olduğunu qeyd edib: “İkincisi kurikulumun tələbinə görə şagirddə həyatı boyu formalaşdırılan ümumi bacarıqlar: dinləmək, anlamaq, oxumaq, yazmaq, müqayisə etmək, hesablamaq və s. zəruri həyati bacarıqlar yaradılmalıdır və həmin bacarıqlar tədris ilinin sonunda formalaşır. Yaxşı olar ki, keçirilməsi planlaşdırılan imtahanlar ən azı 6 ay əvvəldən elan olunsun. Mart ayında imtahanların keçirilməsinin elan edilməsi şagirdlərdə ciddi psixxoloji gərginlik yaradıb”.

 

Son olaraq o, -“Amma belə başa düşülür ki, yayılan imtahan qrafikləri təsdiq olunacaq”-deyə bildirib.