Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-11 13:14:00
“Hər şeyin qiyməti artır, burada tələbələr maddi baxımdan sıxıntı yaşayırlar”-Xaricdəki  tələbəmiz-MÜSAHİBƏ

 

 

Hazırda bir çox azərbaycanlı tələbə müxtəlif  səviyyə və istiqamətlər  üzrə təhsillərini xaricdə davam etdirirlər.

 

Belə tələbələrimizdən biri də Oğuzxandır. Oğuzxan ümumi-orta təhsil səviyyəsini Azərbaycanda başa vurduqdan sonra ali təhsili davam etdirmək üçün Türkiyəyə yola düşüb.

 

AzEdu.az "Xaricdə oxu" rubrikası çərçivəsində bu istedadlı gəncimizlə olan müsahibəni təqdim edir.

 

Əvvəlcə onu öz dilindən tanıyaq...Oğuzxan Pənahlı, Bakı Atatürk Liseyinin məzunuyam, 18 yaşım var. Türkiyənin Ankara Universitetində Baytarlıq ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alıram.

 

-Xaricdə təhsil almağa necə qərar verdiniz?Niyə məhz Türkiyə? Müraciət prosesi haqqında bir az danışardız...

 

-Xaricdə təhsil almağımın bir çox səbəbi var. Bunlardan başlıcası ümumi orta təhsil aldığım məktəbin Türkiyəyə bağlı olmasıdır. Bu istiqamətdə YÖS-ə hazırlaşmağımda mənə dəstək olan Nigar Rüstəmovanın çox böyük köməyi oldu.  Həm elmi istiqamətdə, həm də bir dost, bələdçi kimi mənə yol göstərdi. Nigar xanım mənə və bacarıqlarıma ən uyğun, ən düzgün seçimləri məsləhət gördü. Türkiyədə təhsilin necə olduğunu ən incə detallarına kimi izah etdi, anlamağıma yardımçı oldu. Təhsil aldığım müddətdə  YÖS-ə hazırlıq müəlliməm Nigar xanımla birlikdə təhsilimi hansı istiqamətdə və harada davam etdirməyimlə bağlı çox qərar dəyişdirdik. Ali təhsili ölkəmizdə, yoxsa xaricdə davam etdirməyimlə bağlı dəqiq seçim etməkdə çətinlik çəkirdim. Ancaq bu qərarı verməyimdə Nigar xanımın çox böyük töhfələri oldu.Fürsətdən istifadə edib ona bir daha təşəkkür etmək istəyirəm.

 

-Hazırda təhsiliniz necə davam edir? Ümumilikdə universitetdə tədrisin keyfiyyəti sizi nə dərəcədə qane edir?

 

-Hazırda I kurs tələbəsiyəm, hər şey yaxşıdır. Burada təhsilin keyfiyyəti məni kifayət qədər qane edir. Sadəcə, tək mənfi tərəfi COVİD-19 səbəbilə dərslərin daha çox onlayn olmasıdır. Amma onlayn olmasına baxmayaraq professorlarımız hamısı səhərin erkən saatlarından dərslərə başlayırlar, tədrisin mənimsənilməsi üçün tələbələrə əllərindən gələn dəstəyi göstərirlər. Dərsləri bütün xırdalıqlarına kimi izah edir, təkrar-təkrar verdiyimiz suallara sevərək cavab verirlər.

 

-Türkiyədə tələbə olmağın nə kimi müsabət və mənfi tərəfləri var?

 

-Belə desək ən müsbət cəhət tədrisin keyfiyyətinin yaxşı olmasıdır, tədrisdə sərhədlər qoyulmur. Məsələn, dərslərdə istifadə olunan orqan, sümük kimi materiallara rahatlıqla toxunub müşahidə etmək imkanımız var. Rahatlıqla təcrübələr aparmaq, istədiyimiz məhlulu incələmək üçün şərait yaradılır. Yəni kifayət qədər sərbəstlik verilir. Araşdırmaq, öyrənmək istəyən hər tələbə üçün lazımı imkanlar yaradılır.

 

-Xüsusilə son zamanlar orada müşahidə olunan iqtisadi problemlər, lirənin sürətlə dəyər itirməsi tələbələrin maddi vəziyyətinə necə təsir göstərdi?

 

-Bəli, Türkiyənin iqtisadi baxımdan yaşadığı böhran tələbərə öz mənfi təsirini göstərir. Məsələn, kirayə ev qiymətləri, kommunal ödənişlərin miqdarı kifayət qədər yüksəkdir. Artıq qida məhsullarının qiymətləri də artırılıb. Nəticədə tələbələr maddi baxımdan sıxıntı yaşayırlar. Bu bahalaşma təəssüf ki, kitablardan da yan keçmədi.

 

-Hazırda bütün dünyada pandemiya davam edir. Orada vəziyyət necədir? Pandemiya şəraitində təhsil müəssisələrində dərs prosesi necə tənzimlənir, nə kimi tədbirlər görülür?

 

- Buna baxmayaraq, pandemiya səbəbi ilə onlayn dərs sayının çox olması müəyyən qədər çətinlik yaradır. Bizim ixtisas tibb sahəsinin bir parçası olduğu üçün pandemiya qaydalarına xüsusi riayət olunur və buna ciddi nəzarət edilir.

 

-Tələbə olduğunuz müddətdə bura ilə bağlı ən çox nə üçün darıxırsız?

 

-Belə demək daha düzgün olar ki, bura da bizim bir vətənimizdir. Sadəcə olaraq insanın doğulub, böyüdüyü yer təbii olaraq daha doğmadır. İnsan ailəsi, qohumları, öz ölkəsindəki mühiti üçün darıxır. Amma yenə də mənim üçün elə bir fərq yoxdur, hər ikisi öz vətənimizdir.

 

-Orada azərbaycanlı tələbələr və səfirliklə əlaqələriniz mövcuddurmu? Ümumilikdə səfirliyin və diasporun azərbaycanlı tələbələr istiqamətində fəaliyyəti necədir?

 

-Burada azərbaycalı tələbələrin vatsap qrupu var, hər kəs bir-biri ilə daimi əlaqədədir. Məsələn, hər hansı bir problem olduqda ətrafımızda olan türk qardaşlarımız bizə kömək edənə kimi, artıq azərbaycanlı tələbələr qrupda bir-birini məlumatlandırır və dəstəyini göstərir. Çox yaxınıq, ölkəmizdən uzaqda olduğumuzu bir-birimizə hiss etdirmirik. Hər bir tələbə digərlərinə bacardığı qədər dəstək olur. Həmçinin səfirlik də bütün problemlərimizi həll edir. Azərbaycanlı tələbələrin burada rahat şəkildə yaşaması üçün əlindən gələni edir.

 

-Təhsilinizi başa vurduqdan sonra gələcək üçün nə kimi planlarınız var?

 

-Türkiyədə təhsilimi keyfiyyətli şəkildə başa vurduqdan, ixtisasım üzrə bünövrəmi güclü qurdudan sonra Almaniya, yaxud Amerikaya yollanmaq istəyərəm.