Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-09 09:00:00
İlahiyyat İnstitutu yeni loqo axtarışında – MÜSABİQƏ

Prezident İlham Əliyevin 2018-ci il 9 fevral tarixli müvafiq Sərəncamına əsasən yaradılan Azərbaycan İlahiyyat İnstitutu öz korporativ loqosunun təşkili üçün müsabiqə elan edib. Bu məqsədlə Xalq Rəssamı Eldar Mikayılzadə, AMEA–nın M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Zaur Orucov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva və Azərbaycan İlahiyyat İnstitutunun müəllimi Kövsər Tağıyevdən ibarət komissiya təşkil edilib.

İnstitutdan AzEdu.az-a bildiriblər ki, loqo müsabiqəsi ilə əlaqədar avqustun 8–də komissiyanın iclası keçirilib. İclasda bildirilib ki, müsabiqədə Azərbaycanın müxtəlif bölgələrindən fərdi və müştərək qaydada 30-dan çox ideya müəllifi iştirak edib. Əvvəlcədən elan olunduğu kimi, loqo nümunələri A4, CD, PDF və elektron formalarda təqdim edilib. Ümumilikdə yüzdən çox loqo nümunəsi komissiyanın müzakirəsinə verilib. İnstitutun bir elm və tədqiqat mərkəzi olmasını, multikulturalizm və tolerantlıq dəyərlərini əks etdirən, hər hansı digər loqotipləri təkrarlamayan loqo eskizləri komissiya üzvləri tərəfindən seçilərək götürülüb. Daha məqsədəuyğun və nəzərdə tutulan parametrlərə cavab verən loqo nümunələrini ayırd etmək üçün həmin eskizlər ətraflı araşdırılacaq və müsabiqənin qalibi müəyyən ediləcək.

Qeyd edək ki, təhsil müəssisəsi öz korporativ loqosunun müəyyən edilməsi üçün qalibə 300 manat mükafat ayırıb.