Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-07 11:07:00
İmtahanlar zamanı müəllimlər tələbələrə bu məsələdə çox mane olurlar - PROBLEM

 

Hazırda Azərbaycan universitetlərində semestr imtahanları davam edir.

 

Bu zaman əsas diqqət çəkən məqamlardan biri də universitetlərdə fəaliyyət göstərən imtahan qərərgahları və appelyasiya komissiyalarının  fəaliyyətidir. Zaman-zaman bir sıra universitet tələbələrindən imtahanda topladığı baldan qane olmadığı üçün appelyasiyaya müraciət etmək istədiyini, ancaq fakültə müəllimləri və rəhbərlik tərəfindən bundan yayındırılmaları ilə bağlı şikayətlər eşidirik.

 

Bəs, buna səbəb nədir? Ümumiyyətlə, imtahan qərərgahları və appelyasiya komissiyalarının  fəaliyyəti nədən ibarətdir?

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Adil Vəliyev imtahan qərərgahların fəaliyyəti və appelyasiyaların təşkilindən bəhs edib:

 

“Prosedur qaydalarına əsasən,  imtahan bitdikdən sonra müəllim tələbələrdən cavabları toplayıb qərərgaha gedir. Burada cavabları yoxlayır və nəticələri sistemə daxil edir. Qərərgahın işi əsasən bu qədərdir. Daha sonrakı prosesdə isə əgər tələbə nəticəsindən narazıdırsa, bu zaman 3 gün müddətində appelyasiyaya şikayət edir. Beləliklə appelyasiya onun nəticəsinin yenidən yoxlanmasını təmin etməlidir. Yoxlamanı isə cavabları ilk qiymətləndirən müəllim deyil, başqa birisi həyata keçirir. Bu zaman ola bilər ki, müəllimin gözündən hər hansı bir kiçik nüans qaçsın”.

 

 

Ekspert,-“Bununla yanaşı, o  belə bir halda da müşahidə olunur ki, appelyasiya zamanı tələbənin cavabını yoxlayan müəllim əksinə, müəyyən sualın cavabında qiymətin yüksək yazıldığını bildirir və nəticədə bal azaldılır. Yəni appelyasiya zamanı tələbənin həqiqətən topladığı bal verilir və tələbə appelyasiyanın nəticəsindən şikayət edə bilmir”-deyə qeyd edib.

 

 

O, bəzən, müəllimlərin tələbənin appelyasiyaya şikayət etməməsinə çalışdığını bildirərək, səbəbinə aydınlıq gətirib:

 

“Ancaq burada bir məqam var. Doğrudur, bəzən müəllimlər, kafedra müdirləri və dekanlar istəyirlər ki, tələbələr onların verdiyi qiymətdən appelyasiyaya şikayət etməsinlər. Əgər tələbə müəllimin verdiyi baldan şikayət edirsə, rəhbərlikdən müəllimə məlumat verilir.

 

Məsələn, tələbənin cavabı az balla qiymətləndirilibsə, ancaq appelyasiyada yüksək bal yazılıbsa, yaxud əksinə olduqda, bu zaman müəllimdən niyə səhv yoxladığı soruşulur. Bu bir növ, müəllimdə neqativ hal kimi dəyərləndirilir və müəllimlər də çalışırlar ki, tələbələr appelyasiyaya şikayət etməsin. Təbii ki, bu bütün müəllimlərə və universitetlərə şamil olunmur. Ancaq biz hər zaman tələbələrə diqqətli olmalarını, diqqətlə yazmalarını, əgər qiymətlərindən narazıdılarsa appelyasiyaya şikayət etmələrini deyirik”.