Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-08 16:53:05
Gənc müəllim dərs saatının az olmasından gileyləndi: “Özümüzə başqa iş axtarmalıyıq”

Müəllimlərin işə qəbulu imtahanı ilə bağlı vakansiya seçimi artıq sona çatır. Müəllimə ehtiyac duyulan fənlərdən biri də kimyadır. Bu fənnə ayrılan vakant yerlər, həmçinin dərs saatları isə azdır.

Məsələylə bağlı araşdırma aparan  jurnalist, gənc müəllim Elşən Ramizoğlu AzEdu.az-a bildirib ki, kimya üzrə cəmi 767  yer ayrılıb:

“Bunlardan 47-si 6 saat, 38-i 7 saat, 25-i  8, 26-ı 10 saat,11-i 11 saat, 28-i 12 , 4-ü 13 saat, 12-i 14 saat, 2-si 15 saat, 4-ü 16, 2-si 17, 4-ü 18saat, 2-si 21, 259 yer 5,303-ü isə 9 saatdır. Gördüyünüz kimi ən çox 9 və 5 saatdır. Bildirilir ki, ən çox vakant olan fənlərdən biri də kimyadır. 5 saat dərs yükündə isə maaş 101 manatdır. Həvəsləndirmə (h1) tətbiq olunanda 161, h2 olan zaman isə 250 manat edir. Gənc müəllim bu əməkhaqqıyla harda gedib işləsin? 303 yerin 9 saatlıq dərs yükü var. Bu da 179 manat maaşdır. Həvəsləndirmə (h1) olanda 239, h2 olduqda isə 319 manatdır.Yaşadığımız yerdən yüzlərlə km uzaqda 319 manatdan ötrü işləyirik. 5ildən sonra o məktəbdə  qalıb işləsək 179 manata möhtac oluruq. Məcbursan 5 ildən sonra bir də yerdəyişmə edib başqa bir yerə gedəsən. Deyək ki, 35 yaşa kimi 5 ildən bir rayon - rayon gəzdik. Bəs ondan sonra? Ondan sonra hər halda bu məbləğlə işləmək olmaz, özümüzə başqa iş axtarmalıyıq”.

Müəllim deyib ki, Bakıda vakansiyalardan bir dənə 18 saatlıq var, qalanı isə 12, 11, 9 saatdır:

“12 saat 230 manat pul edir. Bakı kimi şəhərdə 230 manatla müəllim necə dolana bilər? Kimya müəllimləri 35 yaşa kimi işləsin? Kimya fənni VII sinifdən tədris olunur, həftədə 1 saatdır. Bu fənlə yeni tanış olan şagird  üçün həftədə bir saat az deyilmi? Özümüz deyib özümüz eşidirik. Görəsən, rəsmilərin kimya dərs saatını artırmaq fikri varmı? Bu sualıma rəsmilərdən cavab gəlsə şad olaram. Bundan əlavə bir məqamı da qeyd edim ki, bəzən 5 saat vakansiya verir, amma sonra məlum olur ki, əslində məktəbdə verilənlə, elan olunan vakansiya uyğun gəlmir. Bəzi hallarda vakansiyanı müəyyən maraqlara görə az verirlər. Direktora sual verən yoxdur ki,5 saat dərs, birdən- birə 10 saat əlavə dərs necə oldu? Bilirsiz necə olur? Sanki vakansiya yumurtadır, müəllim gələndə o yumurtadan çox və az cücə çıxa bilər. Hər üzləşdiyin problemlə bağlı şikayət etmək olmur. Hər halda müəllimlərin attestasiyası keçiriləndən sonra yəqin ki, bununla bağlı problemlər artıq həllini tapacaq.Yoxsa, bu gedişlə kimya müəllimlərinin vəziyyəti acınacaqlıdır”.

Qeyd edək ki, ümumilikdə MİQ üzrə vakansiya seçimində 7 mindən çox vakant yer ayrılıb.