Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-08 13:27:00
“Ekspertlər Təhsil Nazirliyini aldadır, nazirlik də buna göz yumur” – Dərslik siyasəti ilə bağlı İRADLAR

Kurikulum əsasında hazırlanan 6-7-8-ci sinif tarix dərsliklərində qeyd olunan müəyyən tarixi fakt və hadisələr 10-cu sinif tarix dərsliyində təkzib olunur.

Azərbaycanda artıq 11-ci ildir ki, kurikulum tətbiq olunur. Kurikulumun tətbiqindən sonra ənənəvi kitablar tədricən aradan qaldırılır və yeni standartlara uyğun dərsliklər çap olunur.

Gələn il “kurrikulumun ilk məzunları” olacağına baxmayaraq, yeni sistem əsasında hazırlanan dərsliklərdəki uyğunsuz məqamlardan tez-tez söhbət açılır…

Oda Nabunaqa, Xideyoşi, Lyeyasu…

Bu 3 yapon hökmdarı uşağın gələcək həyatında nə kimi əhəmiyyətə malikdir?”,- deyə Razi CƏLİLLİ deyir.

Razi Cəlilli fəaliyyəti dayandırılmış Lənkəran rayon İstək liseyinin tarix müəllimidir.

Tarix dərsliklərindəki uyğunsuz faktlar müəllimlərin və şagirdlərin narazılığına səbəb olur…

Son illərdə çap olunan dərsliklərin əvvəlki nəşrlərlə müqayisəsində ziddiyyətlər tez-tez ortaya çıxır. Bununla bağlı paytaxt və bölgə məktəblərində fəaliyyət göstərən fənn müəllimləri narahatdırlar. Tarix müəllimləri haqlı olaraq qeyd edirlər ki, ümumi təhsil məktəbləri üçün nəzərdə tutulan ənənəvi tarix dərslikləri ilə kurikulum standartları əsasında çap olunan dərsliklər arasında üst-üstə düşməyən məqamlar çoxdur.

Lakin bu, müəyyən qədər başadüşüləndir…

Kurikulum standartları əsasında hazırlanmış ayrı-ayrı dərsliklərdə uyğunsuz faktların mövcudluğu isə əlavə narahatlığa səbəb olur.

“Tarix dərslikləri xronologiya və hadisələr yığınından ibarət olmamalıdır, əksinə əsaslı izahlarla, debat və müzakirəyə zəmin yaradacaq şəkildə tərtib olunmalıdır”, - deyə Həbib ƏLİZADƏ bildirir.

Qeyd: Ümumiyyətlə, yeni dərsliklərin hazırlanması və çapı prosesində müvafiq tələb və vəzifələr nəzərə alınaraq, müəyyən problem və qüsurların aradan qaldırılması əsas götürülür. Kurikulumun tətbiqindən sonra “Dərslik siyasəti”nin əsas  məqsədlərindən biri də yeni nəşr olunan dərsliklər vasitəsilə məhz milli kurikulumun əsasını təşkil edən müasir təhsil modelini yaratmaqdır. Yəni, əzbərçilikdən  uzaqlaşaraq, təfəkkür və düşüncəyə yönəlmək yeni sistemin ən əsas istiqamətidir.

Həbib Əlizadə “Gənc müəllim” layihəsinin rəhbəridir. O, həmçinin, Astara rayonu Qapıçıməhəllə kənd orta məktəbində tarix müəllimidir.

Müəllim AzEdu.az-a açıqlaması zamanı qeyd edib ki, hazırki tarix dərsliklərində əsas narahat məqamlardan biri aşağı siniflərdə verilən fakt və məlumatların 10-cu sinif dərsliklərində yenidən işlənib, fərqli təqdim olunmasıdır:

“Bu müəllimləri və şagirdləri çox narahat edir. Üstəgəl, nəzərə alaq ki, bütün bu dərsliklər kurikulum əsasında hazırlanıb. Fikrimcə, kurikulum dərsliklərində belə qarışıqlıq olmamalıdır. Bəzən tarixi hadisə verilir, amma əsaslı səbəbi göstərilmir, tutarlı izah olunmur. Belə olan halda şagirdlər əzbərçiliyə yönəlir. Düzdür, bəzi dərsliklərdə müəyyən qədər nəzərə alınsa da, bir çoxlarında hələ də xronologiya çoxdur. Tarix dərsliyi xronologiya və hadisələr yığını olmamalıdır, əksinə əsaslı izahları olan, debat və müzakirəyə zəmin yaradacaq şəkildə tərtib olunmalıdır. Debatın təşkili müəllimdən asılı olsa da, bu, dərsliklərlə də əlaqəlidir. Şagirdlər fikirlərini arqument gətirərək izah etməlidirlər. O zaman mövzu daha yaxşı qavranılır, çünki şagirdlər kəşf edərək öyrənir”.

Razi Cəlilli qeyd edib ki, əvvəllər tarix dərsliklərində dərslər bir-biri ilə az-çox əlaqəli idi:

“İndi isə mövzular arasında əlaqə çox azdır. Dərslərdə əlavə məlumatlar çoxdur.

Birincisi, məsələn, 8-ci sinif tarix dərsliyində Yaponiyanın tarixi mövzusunda, ölkədə mərkəzi hakimiyyətin möhkəmlənməsi izah edilir. Eyni zamanda isə 3 yapon hökmdarının adı verilir. Onların adlarının necə qəliz olduğunu isə bilirsiz… Həmdə ki çox maraqlıdır, bu məlumat uşağın gələcək həyatında nə kimi əhəmiyyət kəsb edir? Bu tarixi fakt ona nə zaman lazım ola bilər? Bir sözlə, tamamilə artıq məlumatdır.

İkinci bir məsələ isə, misal üçün, 9-cu sinif Azərbaycan Tarixi dərsliyində müasir dövr, yeni tarix izah edilir. Amma kitabın içindəkilərin əksəriyyəti statistikadan ibarətdir. Neçənci ildə nə qədər neft hasil olundu və s… Bu şagirdin və ya müəllimin nəyinə lazım?”

2017-ci ildə “Ümumi tarix” dərsliyi ilə müsabiqədə iştirak edən “İlin Ən yaxşı müəllimi” adına layiq görülmüş Hamlet Əliyev tenderə qoşulsa da, onun dərsliyi “uduzub”. Öz sözü ilə desək, dövlət standartlarına uymadan dərslik yazan müəlliflər tendərdə qalib gəliblər.

Hamlet Əliyev: “Ümumi tarix dərsliyi üzrə tender iki yox, üç dərsliklə təmsil olunub. Tenderin haqsız nəticəsi ilə (Ümumi tarixi nəzərdə tuturam) ilk olaraq biz (Müəlliflər: Hamlet Əliyev, Aydın Allahverdiyev, Şəhla Quliyeva, Leyla Bayramova və Rüfət Rzayev) narazı olduğumuzu bəyan etdik (2017, 29 iyun – Publika.az).

Hamlet ƏLİYEV AzEdu.az-a danışır:

Tarix dərsliklərindəki səhv məqamlarla bağlı mövzuda danışmaq yox, hətta ağlaya bilərəm( red-gülür).

Hazırda bütün dərsliklər, əslində dövlətin təsdiq etdiyi standartlar əsasında yazılmalıdır. Dövlətin əvvəlcədən bütün siniflər üzrə qəbul etdiyi standartlar var. Orada nə yazılıbsa, dərslik tərtib olunarkən də bu, nəzərə alınmalıdır. Yəni Təhsil Nazirliyi tərəfindən heç bir proqram verilmir ki, dərslik belə yazılsın. Sadəcə, dövlət standartlarına uyğun kitab yazılması tələb olunur.

Hazırda tarix dərsliklərinin müəllifləri sosial şəbəkələrdə valideyn və şagirdlərlə mübarizə aparmaqdan yorulublar. Çünki onlar, -“bu nə dərsliklərdi yazmısız?” – deyə haqlı narazılıq edirlər. Mənim fikrimcə, standart düzdür. Problem standartı pozanlardadır. Müəlliflərə demək lazımdır ki, dövlət standartı necə veribsə, o cür də yaz !

Məsələn, 10-cu sinif tarix dərsliklərində kapitalizmə qədərki dövr işıqlandırılmalıdır. Bu da, təxminən, ən qədim dövrlərdən 17-ci əsrə kimi gəlib çıxır, bundan o tərəfə keçmir. Müəlliflər isə 10-cu sinif dərsliyinə Napoleon Bonapart, I Pyotr, ABŞ-ın yaranması və s. - bütün bunları da əlavə ediblər. Yəni 11-ci sinifin mövzularını da gətirib çıxarıblar 10-cu sinifə. Bu, birmənalı şəkildə konsepsiyanın pozulmasıdır. Yəni, 100-lərlə xırda tarixi faktlar və hadisələrlə bağlı səhvlər var. Bu səhvləri düzəltmək müəyyən qədər asandır. Konsepsiya səhvi olanları isə ümumiyyətlə tenderə buraxmaq düzgün deyil.

Təəssüf ki, bu gün bizdə hər şeyi nəşriyyatlar həll edir. Hansı nəşriyyat güclüdürsə, onun dərslikləri də tendərdən keçir. Necə olur ki, 9-10-11-ci siniflərin hər biri “Şərq-Qərb”, ondan aşağı siniflərdə isə “Təhsil” nəşriyyatının dərslikləri uğur qazanıb?! Heç olmazsa, uduzan kitabların müəlliflərini çağırıb deyə bilmirlər ki, sən niyə uduzmusan? Demirlər… Rəy vermirlər ki, kitab hansı səbəbdən tendərdən keçməyib. Çox maraqlıdır,  ekspertizada oturanlar görmür ki, kitablarda konsepsiya pozulub? Halbuki, onlar mənfi rəy yazıb, qeyd etməlidirlər ki, kitabda standartlar pozulub və bu kitab tenderə buraxılmır. Bir sözlə, ekspertiza düzgün keçirilmir. Ekspertlər Təhsil Nazirliyini aldadırlar və nazirlik də buna göz yumur. Dərslik siyasətində heç bir ədalətdən söz gedə bilməz. Çox təəssüf ki, ölkənin bu sahədə inkişafının qarşısını alırlar.

Elə keçənilki xəritə qalmaqalı sübut etmədi ki, ekspertiza düzgün keçirilmir?! Bundan böyük sübut yox idi. Lakin yenə də heç bir nəticəsi olmadı…”

Modern.az/ 07.10.2017 - Azərbaycanda dərslik məsələsi ilə bağlı daha bir qalmaqallı fakt üzə çıxıb. 

Bu barədə sosial şəbəkələrdə yayılan məlumatlarda bildirilir ki, orta məktəblərin 10-cu sinfi üçün nəzərdə tutulmuş rus dilində “Ümumi tarix” dərsliyində ciddi xətaya yol verilib.

Həmin kitabda yer almış xəritədə uydurma “Dənizdən-dənizə Böyük Ermənistan” dövlətinin əraziləri təsvir olunub. Xəritədə uydurma dövlətin ərazilərinə Azərbaycan, Türkiyə, İran və Gürcüstanın torpaqları daxil edilib.

Qeyd edək ki, həmin dərslik Təhsil Nazirliyinin qrifi ilə 7000 tirajla nəşr olunub. Kitabın müəllifləri Təvəkkül Əliyev, Rövşən Hətəmov, Niyaməddin Quliyev, Pərviz Ağalarov, Şamil Əmrahov, Faiq Babayev, Elşən Qasımov, Kamran Əsədov və Elnur Hüseynovdur.

Azərbaycanda dərsliklərin müqəddəratı necə həll olunur?

Dərsliklərin nəşri və çapı işləri Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2002-ci il tarixli, 668 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tender yolu ilə həyata keçirilir. Qanunvericilik normalarına əsasən, bəzən elmi faktlar müxtəlif ədəbiyyatlarda oxuculara fərqli təqdim olunarsa, düzgün variant kimi ən son nəşr olunan dərslik və vəsaitlərdəki dəlillər götürülür. Elə Hamlet Əliyev kimi bir çox müəlliflər də qeyd edirlər ki, Azərbaycanda dərsliklərin müqəddəratını nəşriyyatın nüfuzu müəyyən edir. Belə ki, müəlliflərin işləyib hazırladıqları kitabları tenderə çıxartmaq üçün müəyyən nəşriyyatlarda ilkin variantda çap olunur. Onların iddialarına əsasən, kitabların içində çoxlu səhvlər olmasına və tələblərə uyğun gəlməməsinə baxmayaraq, “seçilən” bəzi nəşriyyat evlərinin dərslikləri qalib elan olunurlar.