Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-29 18:00:00
 AMEA-nın ən gənc elmlər doktoruna beş min manat məbləğində  mükafat veriləcək

 

 

Son dövrlər AMEA-da elmi müəssisələrin strukturunun yenilənməsi, elmi tədqiqat planlarının müasir dövrün çağırışlarına və milli maraqlara müvafiq şəkildə müəyyənləşdirilməsi, idarəetmənin təkmilləşdirilməsi və elmin maliyyələşdirilməsinin optimallaşdırılması istiqamətində aparılan kompleks islahatların bir istiqamətini də elmi fəaliyyət sahəsində mühüm nailiyyətlər əldə etmiş gənclərin stimullaşdırılması, onların elmə marağının yüksəldilməsi, kadr hazırlığı sahəsində gəncləşmənin sürətləndirilməsi təşkil edir.

 

Bu gün AMEA Rəyasət Heyətinin iclasında Radiasiya Problemləri İnstitutunun böyük elmi işçisi, fizika elmləri doktoru Elçin Hüseynovun radiasiya materialşünaslığı sahəsində mühüm nailiyyətləri, həmçinin 35 yaşadək elmlər doktoru dissertasiyası müdafiə etdiyi nəzərə alınaraq, ona beş min manat məbləğində pul mükafatının verilməsi qərara alınıb.

 

Qeyd edək ki, E.Hüseynov 40-a yaxını dünyanın reytinqli və indeksli jurnallarında çap olunmuş 93 elmi əsərin müəllifidir. Alimin beynəlxalq qiymətləndirmə sistemlərində h-indeksi 18, i10-indeksi 23, istinad sayı 500-dən yuxarıdır.

 

Xatırladaq ki, akademiyada 35 yaşadək elmlər doktoru dissertasiyasını müdafiə etmiş gənc alimlər üçün nəzərdə tutulan pul mükafatı AMEA Rəyasət Heyətinin qərarına əsasən 2017-ci ildən etibarən verilir.