Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-26 10:00:00
Uşaqların təhsil göstəricilərinə hansı amillər təsir edir? - ARAŞDIRMA

Genetik amillər, azyaşlı dövründə - 1-2 yaşlarında məruz qaldığı sözlər, yaşantılar onun davranışlarına və zəkasına təsir edir. Eşitdiyi sözlərin sayının da zəka inkişafında rolu var. Uşaq körpə vaxtdan nəyə məruz qalırsa, daha çox onu xarakterində göstərir.

Bu fikirləri “Kaspi” qəzetinə açıqlamasında Təhsil mütəxəssisi Qoşqar Məhərrəmov deyib.

 

Hər bir valideyn övladının yaxşı oxumasını, orta məktəbi yüksək göstəricilərlə başa vurmasını istəyir. Amma heç də bütün şagirdlərin nəticələri arzulanan səviyyədə olmur. Sual yaranır ki, bütün uşaqlar məktəbi əla qiymətlə başa vuracaq qabiliyyətə sahibdirmi? Ümumiyyətlə, uşaqların təhsil göstəricilərinə təsir edən hansı amillər var?

Uşaqlara sevgi və uğur

Təhsil mütəxəssisi Qoşqar Məhərrəmovunsözlərinə görə, bütün uşaqların eyni dərəcədə bütün fənlərdən uğur qazanması mümkün deyil: “Bütün uşaqlar bir fəndən uğur qazana bilərmi? Xeyr. Hər bir insanda hər hansı bacarıq daha güclü, digəri daha zəif olur. Və buna təsir edən amillər də olur. Genetik amillər, azyaşlı dövründə - 1-2 yaşlarında məruz qaldığı sözlər, yaşantılar onun davranışlarına və zəkasına təsir edir. Eşitdiyi sözlərin sayının da onun zəkasında rolu var. Uşaq körpə vaxtdan nəyə məruz qalırsa, daha çox onu xarakterində göstərir. Ona görə də, uşaqlar ailə qayğısı görməlidirlər, heç bir halda "bunu niyə bildin, bunu niyə bilmədin” tərzində mühakimə olunmamalıdırlar. Ailələri tərəfindən dəstəklənən, sevgiyə məhrum qalmayan uşaqlar uğurlu olurlar”.

Arıqlığın, köklüyün təsiri

Q.Məhərrəmov deyir ki, ümumilikdə, uşaqların dərs çalışmağında və uğurlu olmağında fərqli yaşlarda müxtəlif amillərin təsiri dəyişir. Erkən yaşlarda uşaqların uğurlarında ailə, valideyn amilinin təsiri yuxarı səviyyədə olur: “2Bununla yanaşı, uşaqların fiziki və psixoloji sağlamlıqları, qidalanmaları, fiziki ehtiyaclarının qarşılanmağı, isti yerdə olmaları, utanmamaqları, ac olmamaqları, hətta ayaqyolu ehtiyacının olub-olmamağı – bunların hamısının onların sinifdəki uğurlarında rolu böyükdür. Sinifdəki uğurları isə dərsləri öyrənmə qabiliyyətinə təsir edir. Nevroloji vəziyyəti, arıqlığı, köklüyü, ona qarşı insanların, şagird yoldaşlarının münasibəti və s. də təsir edir”.

Valideynlərin nəzarəti

Q.Məhərrəmov bildirdi ki, valideynlərin övladlarının evdəki təhsil həyatlarına, boş vaxtlarına nəzarəti də nəticələrə təsirsiz ötüşmür: “Onların İKT alətləri ilə münasibətlərinə - oyun oynamaq, video izləmək saatlarına nəzarət edilirsə, müəyyən bir məhdudiyyət varsa, əlbəttə, şagirdlər daha uğurlu olur. Həmin şagirdlər diqqətini dərsə verə, bir yerdə otura, kitab oxuya bilir. Uşaq ortaya iradə qoyur. Bunda isə ailədə gördükləri önəmli paya malikdir. Ailə uşaqla bir yerdə kitab oxuyur, onun yanında akademik işlərlə məşğul olur və uşaq da görüb-götürür”.

Qohumların uşaqlara münasibəti

Təhsil mütəxəssisinin sözlərinə görə, uşaq yaşlarında formalaşdırılan vərdiş yetkinlik yaşında itə bilər: "Həssas durumlara diqqət edilməzsə, yetkinlik dövründə keçirdiyi emosional transformasiya düzgün tənzimlənməzsə, yaşadıqları hər hansı travmalar, valideynlərindən gördüyü diqqətsizlik və yaxud emosional durumlar da dərslərdə uğursuz olmasına səbəb ola bilər. Qohumların, sinif yoldaşlarının ona münasibəti dərslərindəki uğura təsir edir”.

Problemli situasiya

Təhsil mütəxəssisi deyir ki, məktəb fənlərində uğursuz nəticə göstərən uşaqlar özlərini başqa istiqamətlərdə sınamalıdır: “Tutaq ki şagird 8-11-ci siniflərdə oxuyur, hər hansı, yaxud bütün fənlərdən uğursuzdur. Deməli, artıq özünü başqa yerdə sınamalıdır. Məsələn, idman, incəsənət və s. sahələrdə özünü yoxlamalıdır. Əgər şagird heç bir mövzuda iradə ortaya qoya bilmirsə, bu, artıq problemli situasiyadır”.

Məcburiyyət yox, sevgi ilə oxumalı

Valideyn Təranə Nəbiyeva deyir ki, fikrini dərslərinə yönəltməkdə çətinlik çəkməsin deyə, övladına rahat mühit yaratmağa çalışıb, amma ona dərsləri məcburiyyət olaraq anlatmayıb: “Mən özüm də pedaqoqam, bilirəm ki, dərs oxumaq məcburiyyətlə olmaz. Biz uşağa sakit mühit yaradırıq, otağında rənglərin gözoxşayan olmasına, stolunun, stulunun rahatlığına və s. fikir veririk. Ancaq "bütün fənləri yaxşı oxumalısan” deyib üstünə getmirik, başının üstündə durub məcbur dərs oxutmuruq. Ümumiyyətlə, bizim evdə "bu qiyməti almalısan” kimi söhbətlər də olmur. Amma dərslərini oxuyur, qiymətləri də yaxşıdır. Məcburiyyət yox, sevgi ilə oxumalı, dərslərə həyatın bir parçası kimi baxmalıdır”.

Oxumağa maraq yaratmaq

Təranə xanım bildirdi ki, onun övladı kitab oxumağa maraqlı deyilmiş, ancaq o, qızına bunu əyləncəli formada aşılayıb: “Hələ məktəbdən öncə bilirdim ki, qızımın marağı riyaziyyatadır, mətn oxumaq istəmir. Məktəbə getdiyində müəlliminə dedim ki, övladımın qabiliyyəti riyaziyyatadır, qiymət üçün üstünə getməyək. Oxumağı ona sevdirəcəyəm. Kitab mağazalarına aparmaqla başladım. Bir yerdə kitab mağazasına getdik, fərqli-fərqli kitablar aldıq. O özünə, mən özümə. Kitab oxumaq üçün olan kafelərə getdik, orda oxuduq. Əyləncəli formada başladıq. Sonra kitabı alıb evə gətirdik, indi evdə oxu saatları var. Həmin vaxt evdə telefon, televizor, kompüter bağlanır. Hərə öz kitabını oxuyur. Sonra bir-birimizlə oxuduğumuz kitabı müzakirə edirik. İndi də kitaba olan marağının ölməməyi üçün çalışıram. Eyni vaxtda kitab alırıq, deyirik ki, görək kim tez bitirəcək”.

Uşaq xoşbəxt deyilsə...

T.Nəbiyevanın sözlərinə görə, uşağın dərslərinə yanaşmasında xoşbəxt olması da önəmlidir: “Uşaqlığını uşaq kimi keçirməli, marağı olan əyləncələrdən məhrum edilməməlidir. Uşaq xoşbəxt deyilsə, psixologiyası da yerində olmur və fikrini də dərsə verə bilmir”.