Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-07 16:10:00
“Dərsliklərə “facebook” və “messenger”-dən istifadə qaydaları əlavə olunmalıdır ”- İnformatika  müəllimindən maraqlı TƏKLİFLƏR

Mütəxəxssislər qeyd edirlər ki, kompüter biliklərinin əsası məhz orta məktəbdə tədris olunmağa başlasa, daha yaxşı nailiyyətlər əldə etmək mümkündür.

Hazırda Azərbaycanda da informatika fənni orta məktəblərin ibtidai sinifindən etibarən öyrədilsə də, əksər valideynlər övladlarının bu dərslərdə lazımi bilgiləri əldə bilmədiklərindən narahatdırlar. Elə 11-ci sinifi başa vuran məzunlar da kompüter və internet barədə məlumatları dərsliklərdən öyrənmədiklərini vurğulayırlar.

“Əgər şagird “YouTube”a video qoymağı, e-mail adres açmağı, proqram yükləməyi, pullu proqram üçün lisenziya almağı, kompüterə virus düşəndə nə etməli olduğunu bilməyi, kompüterin “Windows” nu yeniləməyi dərslikdən öyrənməyibsə, bəs o kitabı nə üçün oxumalıdır?”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Neftçala rayon Xəzərkənd tam orta məktəbinin informatika müəllimi Azər Cəfərov deyib. O, qeyd edib ki, məktəblərdə hər bir şagirdin kompüteri olmalıdır:

Ən əsası isə müəllimin kompüterdən anlayışı olmalıdır. Nəzəri cəhətdən savad  kompüteri idarə etməyə bəs etmir. Təəssüf ki, ali məktəblərdə dərslər elə, adətən, nəzəriyyə üzərində keçilir. Bu da mənasızdır. Həmçinin əksər müəllimlərin proqramlaşdırmadan heç bir anlayışı yoxdur. Çünki ali məktəbdə buna üstünlük verilmir. Amma informatikanı proqramlaşdırmasız təsəvvür etmək olmaz. Düzdür, şəhərdə çalışan müəllimlər proqramlaşdırmanı ğyrənmək üçün açılan kurslara gedə bilərlər. Lakin bölgələrdə belə kurslar yoxdur.

İnformatikanın digər fənlərlə müqayisədə şagirdlərə tədrisi, öyrədilməsi çox aşağı səviyyədədir. Misal üçün, riyaziyyat şagirdlərə 98 faiz öyrədilirsə, informatikanın bölgələrdə tədrisi 17 faizə bərabərdir. Bu, o deməkdir ki, biz müasir texnologiyanı hələ də mənimsəyə bilməmişik”.

Müəllim, həmçinin, informatika dərsliklərindən də söz açıb. Onun sözlərinə görə, bu dərsliklərində mövzuların ardıcıllığı qorunmayıb.

“Hər yerdə Windows 2010 və ona uyğun proqramlar istifadə olunsa da, şagirdlərə XP və Windows 2007 üzərində olan proqramlar öyrədilir”.

Word proqramı qala-qala dərslikdə WordPad haqda yazmağın nə mənası var? Onsuz da həmin proqramı şagird gələcəkdə istifadə etməyəcək”.

“Dərsliklər zəif yazılıb deyəndə də, məsləhət görürlər ki, uşaqlar əlavə vəsaitlərdən yararlansınlar. Bəs bölgələrdə yaşayan şagirdlər bunu hardan əldə edəcək? Ümumiyyətlə informatika dərsliyində olan mövzuları, keçirilən dərsləri uşaqlar real həyatda istifadə etməyəcək. Yenə təkrar edirəm, “Photoshop” olan yerdə “Paint” proqramı tədris edilir. Fikrimcə isə, “Paint”i aşağı siniflərdə keçmək lazımdır. Buna yuxarı siniflərdə ehtiyac yoxdur”. – deyə Azər Cəfərov əlavə edib.

Müəllimin sözlərinə görə, orta məktəblərdə uşaqlara sosial şəbəkələrdən istifadə qaydaları da öyrədilməlidir:

“Həmçinin, əgər şagird “YouTube”a video qoymağı, e-mail adres açmağı, proqram yükləməyi, pullu proqram üçün lisenziya almağı, kompüterə virus düşəndə nə etməli olduğunu bilməyi, kompüterin “Windows” nu yeniləməyi (formatlamağı) dərslikdən öyrənməyibsə, onda bəs o kitabı nə üçün oxusun ? Əlbətdə, belə olan halda bu fənn şagirdə maraqsız gələcək. Bəzi şagirdlər var ki, kompüteri müəllimdən yaxşı bilirlər.

Məsələn, siz “messenger”də yazmağı hansı kitabdan oxumusunuz? Yəqin düşünəcəksiniz ki, məktəbliyə “messenger” istifadə etmək olmaz. Amma nəzərə almaq lazımdır ki, onsuz iş görmək də mümkün deyil. Şagirdlərə qadağa qoymaq yerinə, həmin vasitələrdən düzgün istifadəni öyrətmək lazımdır.

İnformatika dərsliklərində “facebook” kimi sosial şəbəkələrdən bəhs olunmur. Təbii ki, bunları birdən-birə dərsliyə salmaq olmaz, ancaq hissə-hissə etmək mümkündür. Çünki texnologiyadan xəbərsiz şagirdləri başqaları aldadıb, sosial şəbəkələrdən digər məqsədlər üçün istifadəyə cəlb edə bilərlər”.