Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-20 14:23:00
Böyük türk şairi Nizami Gəncəvinin adı Nişantaşı Universitetində əbədiləşdirilib-FOTO

 

Dünya şöhrətli türk şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880-ci ildönümündə Nişantaşı Universitetində təşkil olunan proqramla xatirəsi anılıb.

 

Eyni zamanda universitetin bir auditoriyasına da dahi şairin adı verilib.

 

AzEdu.az xəbər verir ki, universitetdə təşkil olunan tədbirdə Azərbaycan Millət vəkili və Gəncə Dövlət Universitetinin prorektoru Pərvin Kərimzadə, Nişantaşı Universitetinin rektoru Prof. Dr. Şenay Yalçın, Azərbaycanın İstanbul konsulu Zaur Allahverdizadə, Gəncə Dövlət Universitetinin İnnovasiyalar üzrə rəhbəri, beynəlxalq əlaqələr üzrə məsul işçisi Vasif Həsənov, rektor müşaviri Asif Cavadov, rektorun şəxsi katibi Elsevər Nağıyev, tələbə rəhbəri Pərviz Adıgözəlov, eyni zamanda bir çox yerli və xarici mətbuat təşkilatları, alimlər və tələbələr iştirak ediblər.

 

Tədbirdə çıxış edən azərbaycanlı deputat Pərvin Kərimzadə iki ölkənin tarix boyu birliyinə diqqət çəkib:

 

“Mən Azərbaycan və Türkiyə qardaşlığı ilə fəxr edirəm. Bu iki ölkə həmişə bir olub. Dilimiz, dinimiz birdir,tarix boyu bir olmuşuq. Türkiyənin də mənəvi-siyasi dəstəyi ilə Qarabağda Azərbaycan bayrağı asıldı. Bütün şəhidlərimizi rəhmətlə yad edirik. Bu iki ölkə hər zaman bir-birinə mənəvi və siyasi dəstək verib. Türkün türkdən başqa dostu yoxdur. Bu gözəl proqramı hazırlayan Nişantaşı Universitetinə təşəkkür edirəm. Universitetdə təhsil alan tələbələr Nizami Gəncəvinin adını görəndə Türk Dünyasının necə böyük şəxsiyyətlər yetişdirdiyini öyrənəcəklər. Nizami Gəncəvi adı bütün dünyada anılacaq mühüm şəxsiyyətdir. Yaşasın Azərbaycan və Türkiyə dostluğu”.

 

Proqramda çıxışı zamanı duyğulanan Nişantaşı Universitetinin rektoru Prof. Dr. Şenay Yalçın, Nizami Gəncəvi irsinin əhəmiyyətdən söz açıb:

 

“İncəsənət və ədəbiyyat müəyyən mənada bir xalqın kollektiv yaddaşıdır, başqa sözlə, onun mədəni irsidir. O, bir xalqın keçmişindən, bu günündən və gələcəyindən bəhs edir. Böyük mütəfəkkir və şair Nizami Gəncəvi də Türk Millətinin mədəni irsinin daşıyıcıları arasında özünəməxsus yeri olan mühüm şəxsiyyətdir. 2021-ci il Azərbaycanda Nizami ili elan edilmiş, onun adının əbədiləşdirilməsi və düşüncələrinin gənc nəsillərə ötürülməsi məqsədi ilə il boyu Azərbaycanda olduğu kimi digər bir sıra ölkələrdə də müxtəlif tədbirlər keçirildi. Biz bu tədbirlərə dəstək olmaq və töhfə vermək istədik. Bu məqsədlə bu gün  Nişantaşı Universitetində qədim türk şəhəri olan Gəncədən,  Gəncə Dövlət Universitetinin çox dəyərli idarəçiləri və akademikləri ilə bir yerdəyik”.