Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-17 10:50:00
Summativ pulları, direktor və RTŞ-lərin rüşvətxorluğu,gizlədilən vakansiyalar- Direktor qanunsuzluqlardan DANIŞDI

 

Azərbaycan təhsil sistemindəki əsas problemlər və ən çox şikayətin olduğu məsələlərdən biri də direktorların fəaliyyəti ilə bağlıdır.

 

Qısa zaman öncə 189-190 nömrəli tam orta məktəbin direktorunun valideynlərə təzyiq göstərərk onlardan rüşvət tələb etməsinə dair səs yazısının yayılmasını buna misal göstərmək olar.

 

Nəzərə almaq lazımdır ki, sadəcə valideynlər deyil, hətta məktəb heyəti və müəllimlərin özləri də direktorların qanunsuz fəaliyyətlərindən əziyyət çəkir, şikayətlərini bildirirlər.

 

Bəs bu kimi məsələlər səbəb nədir və qarşısının alınması üçün nə kimi tədbirlər görülməlidir?hansı addımlar atmaq lazımdır?

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan Ağdam şəhər 91 nömrəli  tam orta məktəbinin direktoru Nemət Rüstəmli bu kimi halların əksər məktəblərdə müşahidə olduğunu qeyd edərək, digər problemlərə də diqqət çəkib:

 

“Belə desək, bu məsələ nə təəccüblü, nə də ilk deyil. Çünki bu işi görən yalnız o deyil. Şəhər məktəblərinin 99%-də bu hal müşahidə olunur. Fond pulu, summativ pulu, yaxud süpürgə pulu adı altında valideynlərdən müxtəlif ödənişlər alınır. Belə baxanda indiyə kimi heç səs-küy də yayılmayıb. Buna səbəb isə odur ki, valideynlər bir-biri ilə bəhsə girmək xatirinə, “mənim övladım heç kimdən geri qalmasın”- deyərək bununla razılaşıblar. Doğrudur, bəlkə də hansısa valideyndən 5-10 manatın alınması rüşvət kimi görünmür. Biz artıq buna vərdiş etmişik, övladıma daha yaxşı dərs keçirilsin düşüncəsi şirinlik adı ilə bu işləri görürük. İstər attestatların satılması, uşaqların aylığa buraxılması, müəllimlərin üzərinə dərsdənkənar dərnək məşğlələrinin yazılıb pulunun onlardan alınması, yaxud diaqnostik balı az olan müəllimlərə çox dərs verilib pulunun yarısının mənimsənilməsi halları faktdır ki, 90% Azərbaycan məktəblərində var”.

 

Direktor məktəblərdə dərsdənkənar məşğələlərin fəalliyyətində yolx verilən səhvləri və bu dərnəklərin əhəmiyyətini vurğulayıb:

 

“Burada direktorun üzərinə düşən vacib məsələlər var. Məsələn, dərsdənkənar və dərnək məşğələləri müəllimlərə paylanır və müəllimlər də dərslərini tədris edib, junalları yazırlar. Bu aydın məsələdir, yəni vicdanı olan insan belə edir və bu şagirdlərə əlavə stimul verir ki, onlar dərslərə yaxşı hazırlaşsınlar. Dərsdən kənar məşğələləri Azərbaycan dili, İngilis dili, Tarix, Riyaziyyat kimi əsas fənlərə verdikdə şagirdlər çox həvəsli şəkildə iştirak edirlər, hətta biz onun  xeyrini də görmüşük. Məsələn, keçən il məktəbimizdən ali məktəbə qəbul olan 4 məzunumuzun hər biri demək olar ki, sadəcə bir fəndən fərdi olaraq hazırlaşıblar, qalan fənlərlə isə müəllimlərimizlə dərnəklərdə məşğul olublar. Doğrudur, yüksək bal toplamadılar, ən çox nəticə 393 idi. Ancaq bu dərnəklər vasitəsilə biz şagirdlərimizin ali məktəbə qəbul olmasını qarşımıza hədəf qoya bildik”.

 

Direktor, qanunsuz yığılan summativ ödənişlərindən danışaraq, lazımlı vəsaitin necə təmin edilməsinə aydınlıq gətirib:

 

“İkinci məsələ, summativin yığışdırılmasıdır. Regional maliyyə mərkəzləri var ki, onlar məktəbləri istənilən vəsaitlərlə təmin edir. Doğrudur, ola bilsin hansısa məktəb rəhbəri bu vəsaitləri məktəbə gətirib çıxarmır. Yaxud, orada razılaşırlar yarısı direktorda olmaqla, qalan yarısı onlara qalır. Amma şəxsən mən bu vəsaitləri məktəbə çatdırıram, müəllimlərə kağız paylanılır, müəllimlər də öz printerləri vasitəsi ilə çap edirlər. Mən artıq 3 ildir burada fəaliyyət göstərirəm və bizdə summativ pulu deyə bir problem yoxdur. Müəllimlərə verilən vəsaitləri çatdırmaqla bu problemi həll etmişik. Heç bu olmasa belə, bir müəllimə iki A4 kağız hesabladıqda 14 AZN tutur, bir il bu kifayət edir. Ona görə də şagirddən, valideyndən rüşvət istəmək heç müəllim adına da yaraşmır”.

 

O,-“ Həm kənd, həm də şəhər məktəblərində belə bir problem də var ki, qəbulda yüksək bal toplayan şagird olsun deyə, kənardan gələn uşaqların adını qeydiyyata alırlar. Ancaq həmin şagird başqa şəhərlərdə hazırlıqlara gedir. Bu da rüşvət mənbəyidir. Bu məsələdə direktorla yanaşı, yerli təhsil idarəsi də günahkardır. Çünki, onlar da bu rüşvətə şərik olurlar”-deyə qeyd edib.

 

“Məktəbdə ədalətsizliyin ən başlıca səbəbi dərs bölgüsünün düzgün aparılmamasıdır”-deyə vurğulayan direktor, gizlədilən vakant yerlərdən söhbət açıb:

 

“Mən 2019-cu ildə bu məktəbə təyin olunduqda ilk addımım o oldu ki, qeyri-ixtisas fənnlərini vakansiyaya çıxardım. Məsələn, müəllimin ixtisası Texnologiyadır, ancaq ona İnformatika, Fiziki tərbiyə, Musiqi, Təsviri İncəsənət dərsləri verilmişdi. Təsəvvür edin, kiçik bir məktəbdən 15-ə yaxın fənn vakansiyaya çıxarıldı ki, bu da 200 saatdan çox dərs edir. Təkcə 200 şagirdi olan məktəbdə bu qədər vakansiya gizlədilirsə, Bakıda şagird çox olan məktəblərdə nə qədər vakansiyalar gizlədilir. Vakant yerlər çıxarıldıqdan sonra məktəbimizə gənc müəllimlər gəldi və hər kəsi öz diaqnostik balına görə qiymətləndirdik. Bu narazılığa səbəb oldu, hətta rayon səviyyəsində mənə qarşı qarşı Prokrorluğa, İcra Hakimiyyətinə, Rayon Təhsil şöbəsinə şikayətlər oldu. Mənim mövqeyim budur ki, diqanostik qiymətləndirmənin balına əsasən dərslər bölünməlidir və mən də belə etmişəm”.

O, direktorun maddi vəziyyətini idarə etmək üçün rüşvət almaq əvəzinə, bacarıqlarına uyğun işlər görməli olduğunu qeyd edib:

 

“Artıq üçüncü ildir və şükür ki, bu kimi problemləri də həll etməyi bacarmışıq. Doğrudur, məktəbimiz qəzalı vəziyyətdədir, maddi-texniki  problemlər var, bu da aydın məsələdir ki, tədrisə mənfi təsir göstərir. Amma əsas odur ki, biz məktəbimizdə rüşvətin kökünü kəsməyi bacarmışıq. Hansı vəzifədə işləməyindən asılı olmayaraq insana təmiz addan daha gözəl heç nə qalmır. Digər tərəfdən hansısa direktor deyə bilər ki, mən 600 yaxud 800 manata necə dolanım. Doğrudur, bu çətin məsələdir. Şəxsən mən işlədiyim məktəbdən ayrı qəsəbədə yaşayıram və  işdən gəldikdən sonra əlavə olaraq repetitorluqla məşğul oluram.Eyni zamanda MİQ-ə, attestasiyaya hazırlaşan müəllimlərə onlayn dərslər keçirəm. Məktəbdəki aylıq gəlirlə ailə keçindirmək çox çətindir, ona görə də əlavə bu vasitələrlə ailəmi dolandırıram. Amma bu bizə haqq qazandırmır ki, biz kimdənsə rüşvət alaq, qanunu pozaq. Əgər mənə sərf etmirsə rüşvət almaqdansa, işləmərəm”.