Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-17 11:02:00
Məktəblərə muxtariyyət verilməlidir ki, pul qazanmaq üçün şərait yaransın-TƏKLİF

“Direktorlar düzgün seçilmir və müxtəlif vəsaitlər çatmır deyə, məktəblərdə rüşvət halları artır”.

 

 Bu sözləri AzEdu.az-a açıqlamasında  sabiq deputat, tanınmış pedaqoq Sona Əliyeva  deyib.

 

Belə ki, Bakı şəhərində yerləşən orta məktəblərdən birinin direktorunun səs yazısı yayılıb. 

 

189-190 nömrəli tam orta məktəbin direktoru Ceyran Quliyeva qeyd edir ki, məktəbdəki xərcləri təmin edə bilmir:

 

“Siz fikirləşmirsiniz ki, məktəbin xərclərini nə ilə ödəməliyik?”, - deyə o, valideynlərə təzyiq edib. 

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi cavab olaraq bildirib ki, sözügedən məktəbin direktorunun səs yazısı ilə bağlı qurum tərəfindən müvafiq araşdırma aparılır:

 

“Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək. Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır”.

 

 Sona Əliyeva bu məsələyə münasibət bildirib:

 

"Təhsil hamımızı narahat edən əsas və ümdə məsələlərdən biridir. Çox təəssüf edirəm ki, bu məlumatı mediadan əldə etdim. Valideyn komitələrindən kifayət qədər ciddi məbləğlər toplanır, onlardan aylıq olaraq pullar alınır. Bu olduqca mənfi tendensiya və müəllim adına yaraşmayan haldır. Cəmiyyəti yetişdirən, onu formalaşdıran  müəllimdir. Onlar gənclərin tərbiyə və şəxsiyyətinin formalaşmasında  başlıca rolu oynayan insandır. Müəllimlərin belə xəbərlərlə gündəmə gəlməsi əslində cəmiyyətin ədalət  hissinə, eyni zamanda  doğruluq-dürüstlük  kimi təməl prinsiplərinə  ciddi şəkildə zərbə  vurur. Orta məktəbdə oxuduğumuz zaman müəllimlərin sözü bizə Quran ayəsi qədər  dəqiq gəlirdi. Hazırda da şagirdlərin müəllimə hörməti var, amma  bu kimi hadisələrin yaşanması ziyalı təbəqəsinə olan inamı ciddi şəkildə sarsıdır”.

 

 Sona xanım baş verən özbaşnalıqların qarşısını almaq üçün təkliflər irəli sürür:

 

 “Təhsil Nazirliyi düşünməlidir ki, məktəblərə muxtariyyət verilsin. Onlara nisbətən  azadlıq yolu açılmalıdır ki, sərbəst qərar qəbul etsinlər. Qanunvericilikdə qeyd olunur ki, məktəblər ianə qəbul edə bilər. Təhsil müəssisələrinə valideynlər tərəfindən köməklik oluna bilər. Bunun hamısı leqal şəkildə olmalıdır. Əgər hansısa valideyn  məktəb üçün nəsə etmək istəyirsə, bunu qanuni şəkildə etməlidir. Bunun məktəb tərəfindən diqtə edilməsi cəmiyyətdə narazılıq yaradır. Çünki valideynin hər ay məktəbə pul ödəyə biləcək imkanı olmur. Qanunvericilikdə açıq şəkildə qeyd olunur ki, dövlət məktəblərində təhsil pulsuzdur. Birmənalı olaraq burada təhsil alan şagirdlərin  ehtiyaclarını dövlət qarşılayır. Məktəblərin maddi-texniki bazası dövlət tərəfindən ödənilir. Bəzi məktəblər isə qanunvericiliyin bu tələblərini pozur. Valideynlər məüxtəlif formalarda ianələr edə bilər. Bu, pul formasında olması vacib deyil. Onlar məktəb üçün lazım olan əşyanı alaraq ona təqdim edə bilərlər. Bəzi məktəblərimiz xeyriyyəçilər tərəfindən təmir olunub, Heydər Əliyev Fondu  davamlı olaraq ucqar kəndlərdə  məktəblər istifadəyə verir. Azərbaycanda xeyriyyəçilik tendensiyası mövcuddur, amma pul tələb edilməsi kimi məsələlər qanunvericiliyə zidd hərəkətdir. Valideynlər hər zaman məktəbə kömək etməlidir, amma maddi mənada yox”.

 

 Tanınmış pedaqoq valideynlərə məktəblə münasibətdə hansı addımları atmalı olduğunu qeyd edib:

 

 “Məktəb yalnız şagird və müəllim tərəflərindən ibarət deyil. Burada mütləq şəkildə valideynin iştirakı laızmdır. Onun məktəblə əılaqəsi olmasa, uşağın   təhsilində problemlər yaşanacaq. Valideyn şagird və müəllim arasında körpüdür. Onlar hər zaman müəllimlərə kömək edib və müəyyən tədbirlərin keçirilməsində məktəblərə yardım edirdilər. Bizim dövrümüzdə pul yığılmırdı. Keçmiş zamanlarda bayram şənliklərində müəllimlərə müxtəlif şirniyyatlar hədiyyə olunurdu. Valideynlərə dərsdənxaric tədbirlərdə iştirak etmək imkanı verilirdi. Məktəbin nəyəsə ehtiyacı olduqda onlar kömək edirdi. Amma bu valideynlər tərəfindən könülllü olunurdu, indi isə həmin tendensiya dəyişib və pul yığma mexanizminə çevrilib.

 

 Hazırda bir direktorun səs yazısı yayılıb, lakin bu halların sayı çoxdur. Təshil Nazirlyi həmin məsələni araşdırmalıdır. Açıqlama verməklə ki, pul yığmaq olmaz, bu, heç nəyi həll etməyəcək. Demək ki, məktəbin hansısa problemi var və o, bunu həll edə bilmir. Belə çıxır ki,  direktor düzgün seçilmir, müxtəlif vəsaitlər məktəbdə çatmır. Səbəblərin hər biri araşdırılmalıdır. Direktoru işdən çıxarmaqla proses həllini tapmayacaq. Baş verən hadisələırin kökünü araşdırmaq lazımdır. Ondan sonra isə ədalətli qərar vermək lazımdır”.  

 

Məktəblərə muxtariyyət verilməsi əsas məsələlərdən biridir:

 

 “Məktəblərə muxtariyyət verilməlidir ki, onlar sərbəst qərar verə bilsinlər. İmkan verilməlidir ki, təhsil müəssisələri pul qazanmağın yolunu tapa bilsin. Bu qanunvericilikdə öz əksini tapıb. Şagirdlərin repetitor yanına getdiyi hamıya məlumdur. Lakin bu kimi halları görməmzəlikdən gəılmək düzgün deyil. Universitetə qəbul olunan uşaqların böyük əksəriyyəti repetitor yanına gedir. Bu fəaliyyət növü məktəblərdə pullu şəkildə həyata keçirilə bilər. Orta məktəb həcmində dərsləri keçməklə universitetə qəbul olmaq mümkün deyil. Məktəblər pul qazana bilsələr, bu kimi halların qarşısı alınacaq. Dövlət nə qədər pul ayrısa da, təhsil müəssisələrinin xərcləri ortaya çıxır. Bir məktəbdə 4000 yaxın şagird təhsil alır. Belə  böyük qurumu işlətmək  çətin məsələdir, onun xərcləri də çoxdur. Hansı ki, bunların hamısı dövlət tərəfindən qarşılanmır. Çünki əlavə xərclər olduqda məktəb direktoru onu Təhsil Nazirliyindən istəyə bilmir. Məktəblərə muxtariyyət verilməli və özlərinə pul qazanma imkanları yaradılmalıdır, brendinq məsələsinə diqqət edilməlidir.

 

Məktəblərdə müəyyən kurslar təşkil edilə bilər. Bu müəllim üçün stimul yaradar, onlar həm pul qazana biləcəklər. Bu kimi tədbirləri həyata keçirdikdən sonra neqativ hallara yol verilməyəcəkdir.

 

 Həmçinin, direktorların maaşı da yüksəlməlidir ki, onlar da bu kimi hallara əl atmasınlar. Bütün bu məsələlər kökündən nizamlanmalıdır”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları