Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-16 12:55:00
Mingəçevir Dövlət Universitetində beynəlxalq elmi konfrans keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) Təhsil və İqtisadiyyat nazirliklərinin, Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

 

AzEdu.az xəbər verir ki, “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən beynəlxalq konfransa dünyanın 15 ölkəsindən 72 ali təhsil müəssisəsinin və elmi-tədqiqat institutunun akademik heyət üzvləri və alimləri qatılıb.

 

Konfrans iştirakçılarını salamlayan MDU-nun rektoru Ş.Bayramov aktual mövzuya həsr edilmiş və MDU tarixində ilk dəfə olaraq keçirilən beynəlxalq səviyyəli elmi tədbirin təşkilində dəstəyi və əməyi olanlara, təşkilat komitəsinin üzvlərinə, məruzəçilərə, məqalə və tezis müəlliflərinə təşəkkürünü bildirib.

 

Rektor konfransın əsas məqsədinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və rəşadətli Azərbaycan əsgərinin şücaəti sayəsində əldə olunan tarixi Zəfərdən sonrakı mərhələnin reallıqları nəzərə alınmaqla müvafiq istiqamətlər üzrə aparılan elmi-tədqiqatların nəticələrinin təqdim edilməsindən ibarət olduğunu vurğulayıb. Bildirib ki, beynəlxalq konfrans Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən, eləcə də Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn vəzifələri əhatə edən mövzularda elmi diskussiya platformasının yaradılmasını hədəfləyir.

 

Təhsil nazirinin müavini Firudin Qurbanov MDU rəhbərliyini və kollektiv üzvlərini universitetdə ilk beynəlxalq elmi konfransın keçirilməsi münasibətilə təbrik edib, tədbirin təşkilatçılarına uğurlar arzulayıb. Regional universitetin belə bir böyük tədbirin təşkilatçısı olmasını təqdirəlayiq hal kimi qiymətləndirən F.Qurbanov qısa zamanda MDU-da geniş islahatlar aparmaqla tədrisin keyfiyyətinin və elmi-tədqiqatların səmərəliliyinin yüksəldilməsi istiqamətində önəmli addımların atıldığını diqqətə çatdırıb.

 

Dünyada davamlı inkişafa nail olmağın zəruri vəzifəyə çevrildiyini bildirən nazir müavini konfransın mövzusunun aktuallığından və əhəmiyyətindən bəhs edib. Dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsinin dövlət siyasətinin mühüm prioritetlərindən olduğunu vurğulayan F.Qurbanov hazırda Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə həssaslıqla yanaşan ölkələrdən olduğunu bildirib.

 

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Azərbaycanda dayanıqlı inkişaf strategiyasının həyata keçirilməsi istiqamətində görülən işlərə töhfə verilməsinə hədəflənən belə bir platformanın yaradılmasına görə Mingəçevir Dövlət Universitetinin kollektivinə təşəkkürünü bildirib.

 

Dünya iqtisadiyyatında cərəyan edən proseslərin, bəşəriyyətin ciddi narahatçılığına səbəb olmuş COVID-19 pandemiyasının Azərbaycan üçün də yeni çağırışlar və reallıqlar yaratdığını diqqətə çatdıran S.Ələkbərov bunlara adekvat cavab vermək üçün dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində qarşıda duran vəzifələrdən bəhs edib. Nazir müavini 44 günlük Vətən müharibəsindən sonra ərazilərin işğaldan azad edilməsinin regionda təhlükəsizlik, sabitlik və rifahın təmin edilməsinə, qarşılıqlı faydalı əməkdaşlığın, iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsinə, yeni beynəlxalq və regional logistika dəhlizlərinin açılmasına və bütövlükdə ölkənin dayanıqlı inkişafına çox ciddi təkan verdiyini bildirib.

 

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov MDU-da ilk dəfə olaraq belə bir beynəlxalq elmi konfransın keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirib və konfransın təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

 

Açılış-plenar iclasında BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Milli Məclisin depuatı Şahin Seyidzadə, Litvanın Mykolas Romeris Universitetinin rektoru İnqa Zaleniene, Türkiyənin KTO Karatay Universitetinin rektoru Bayram Sade, Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov, Çinin Lancou Maliyyə və İqtisadiyyat Universitetinin prezidenti Venhao Cai, Qırğız İqtisad Universitetinin rektoru Almaz Kadıraliyev və Kiyev Milli İqtisadiyyat Universitetinin rektoru Dmitro Lukyanenko çıxış ediblər.

Sonra konfrans işini üç bölmədə (İqtisad elmləri və idarəetmə; Təbiət və texnika elmləri; Təhsil və humanitar elmlər) davam etdirib.

Beynəlxalq konfransın yekun iclası keçirilib. İclasda MDU-nun rektoru Şahin Bayramov və konfransın bölmə rəhbərləri çıxış ediblər.

 

 

Ülkər XASPOLADOVA,

“Azərbaycan”