https://www.zirve.edu.az/
09.03.2018 10:21
Müəllimə yox, banditlərə yer verən kinomuz - “Bu sahə hələ simasını tapmayıb”
Çap et

Azərbaycanın kino tarixi 1898-ci ildən başlayır. Bir müddət durğunluq yaşansa da,  hazırda bu istiqamətdə müəyyən işlər aparılır, müxtəlif janrlarda filmlər çəkilir.

Diqqətçəkən məqamlardan biri də filmlərdə müəllim, alim kimi elm-təhsil  adamlarının obrazlarına az rast gəlinməsidir. Müəllim obrazı deyəndə ilk ağıla gələn film "Bizim Cəbiş müəllim"dir. Süleyman Ələsgərovun canlandırdığı müəllim obrazı hər kəs tərəfindən sevilir. Müəllim, alim obrazlarının yer aldığı filmlərə  "Ulduz", "Bizi bağışlayın" kimi ekran əsərlərini  də göstərmək olar. "Ulduz" filmində Bəşir Səfəroğlunun canlandırdığı “Gülümsərov” bir elm adamı kimi gülüş hədəfidir. "Bizi bağışlayın" filmində isə əskinə, “Mari Petrovna” qayğıkeş və fədakar müəllim obrazıdır.

Daha bir neçə filmin adını çəkə bilərik. Lakin yenə də təhsil və elm qəhərmanlarının canlandırıldığı filmlərimiz azdır. Türkiyə əvvəllər də, indi də çəkilən filmlərin əksəriyyətində zəhmətkeş müəllim obrazına rast gəlinir. Bundan başqa köhnə sovet və Hollivud filmlərində də müəllim, alim, elm adamları haqqında filmlər çoxdur.

Bəs, bizim kinematoqrafiyanın bu obrazlara az yer verilməsi nəyin göstəricisidir?

Azərbaycan Xalq artisti Tariyel Qasımov AzEDU.az-a açıqlamasında bunun günahını ssenari müəlliflərində görür: 

maxresdefault.jpg

“Günah kino çəkənlərdə deyil, ssenaristlərdədir. Əlbəttə, fikir verilsə, yaxşı olar. İndi filmlərdə ancaq, banditlərdir - vururlar, öldürürlər. Elə bil, bura Texasdır. Səksənə yaxın yaşım var. Çox istərdim ki, hansısa akademik, professor, müəllim rolunu canlandırım”. 

Məsələylə bağlı danışan YUĞ Dövlət Teatrının rejissoru Mirsahib Ağazadə isə bunun əsas səbəbini Azərbaycan kinosunun hələ də öz simasını, öz rəngini tapmadığında görür:

27890616_686853771515447_2733678183470596096_n.jpg

“Orxan Fikrətoğlu verilişlərin birində belə bir söz işlətmişdi: “Azərbaycan kinosu yaranmadı”. Təəssüf  ki, hələ də Azərbaycan kinosu yaranmayıb. Bu baxımdan yaranmaqda olan Azərbaycan kinosunda bir çox çatışmazlıqlar var.

İndi çəkilən filmlərin əksəriyyəti kommersiya məqsədli bayağı komediyalardır. Təbii ki, belə filmlərdə müəllim və elm adamı obrazlarını ya görməyəcəyik, ya da onları hansısa gülüş obyektinə çevriləcək.

Kino, teatr, ümumilikdə, sənət cəmiyyətin maraq dairəsinin, səviyyəsinin göstəricisidir. Təbii ki, müxtəlif mövzulara yanaşmada müəllim, elm adamı obrazlarına üstünlük verilməsi, cəmiyyətin həyatındakı hadisələri alverçi, kriminal avtoritet, şit obrazlarla çatdırmaqdan daha yaxşı olar. Əgər, cəmiyyətdə mənəvi və savad baxımından deqradasiya yaşanırsa, bu, istər ssenari-mövzuya yanaşma baxımından, istərsə də yaradıcı-yozum baxımından onun kino zövqünə də təsir edir”.

Rejissor deyir ki, məsələ təkcə rejissor və ya ssenariçinin ixtiyarında deyil, ümumilikdə kinostruktur məsələsidir:

“Kino öz-özünə müstəqil formalaşa bilməz. Köklü islahatlar aparılmalıdır. Mədəniyyət sahəsi, ümumilikdə humanitar sahədə islahatlara ehtiyac var. Kino da onun böyük bir hissəsidir. O baxımdan, hansısa obraza yer verilib, verilməməsilə məsələ həll olunmur”.

Yazıçı, əməkdar incəsənət xadimi Natiq Rəsulzadə bildirir ki, indiki seriallar aşağı səviyyəli kütləyə ünvanlanır:

 “Mən o seriallara baxmıram. Dəfələrlə müsahibələrimdə demişəm ki, məktəb şəklində kinematoqraf yoxdur.  Qonşu Gürcüstanda sovet dövründən indiyədək çox yaxşı istiqamətdə gedirlər. Onlarda sözün əsl mənasında kino məktəbi var. Təsadüfən yaxşı film alındı söhbəti yoxdur. Bizdə isə hərdən uğurlu film olur. Müxtəlif ölkələrdə mükafatlar alırlar. Kütləvi şəkildə olmur. Bizdə kino məktəbi var deyə bilmərəm”.

3361.jpg

Yazıçının  sözlərinə görə, hansısa obrazın olub-olmaması o qədər vacib deyil:

“İstər ziyalı, istərsə də digər obrazlar canlı obraz olmalıdır. Hamı onu xatırlamalıdır. Bizim gənc kinodramaturqlar və rejissorları belə obrazlar maraqlandırmır. Onlara elə obraz lazımdır ki, kütlə yığışsın və gülsün. Belə obrazlar yarım saatdan sonra yaddan çıxır.

Gənclər yalnlz elə ziyalılardan nümunə götürə bilər, seriallardan yox”.