Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-15 13:49:00
Azərbaycan və Türkiyənin peşə təhsil müəssisələri arasında əməkdaşlıq memorandumu imzalanıb  

Türkiyənin Bursa şəhərindəki 4 peşə təhsil müəssisəsini və Bursa Təhsil İdarəsini təmsil edən nümayəndə heyəti Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində olub.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, Türkiyə ilə Azərbaycan arasında peşə təhsili sahəsində əməkdaşlığın inkişafı istiqamətində Bursa şəhid Erol Olçok adına Texniki Anadolu Peşə Liseyi ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb. Razılaşmaya əsasən, peşə təhsili pilləsində tədris verən müəllimlərin qarşılıqlı mübadiləsi, təcrübə səfərlərinin həyata keçirilməsi və digər birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib. Çıxış edənlər peşə təhsilinin inkişafının ölkə iqtisadiyyatı üçün əhəmiyyətini vurğulayıblar. Tərəflər əldə olunan razılaşmanın uğurlu təcrübə mübadiləsinin təmin olunmasında, dövrün tələblərinə cavab verən və əmək bazarına uyğun mütəxəssislərin hazırlanmasında faydalı olacağını qeyd ediblər. Bildirilib ki, bu sahədə əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi hər iki ölkənin təhsil səviyyəsinə müsbət töhfə verəcək. İmzalanma mərasiminin sonunda xatirə hədiyyələri təqdim edilib.

Daha sonra Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şəraitlə yaxından tanışlıq məqsədilə infotur təşkil olunub.

Qeyd edək ki, dekabrın 12-dən etibarən Türkiyənin Bursa şəhərində yerləşən 4 peşə təhsil müəssisəsini və Bursa Təhsil İdarəsini təmsil edən nümayəndə heyəti ölkəmizdə səfərdədir. Səfərin məqsədi iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlıq perspektivlərinin genişləndirilməsi, qardaşlıq sazişlərinin imzalanması, təhsilalanlar və pedaqoji heyət üçün təcrübə mübadiləsinin təşkili, həmçinin tədris proseslərinin səmərəliliyinin artırılmasıdır.