Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-15 12:37:00
AQTA təhsil müəssisələrində ciddi yoxlamalar həyata keçirməlidir- Baş MÜTƏXƏSSİS

 

Təhsil müəssisələrində tədrisin keyfiyyəti ilə yanaşı bufet və yeməkxanaların fəaliyyətinə ciddi nəzarət də vacib məsələlərdən biridir.

 

Nəzərə alaq ki, tələbə, şagird günün müəyyən hissəsini təhsil müəssiəsində keçirir, əsasən burada qidalanır. Bu halda valideyni maraqlandıran əsas mövzulardan biri də burada satılan, istifadə edilən qida məhsullarının keyfiyyətidir.

 

Qida üzrə baş mütəxəssis Ağa Salamov AzEdu.az-a açıqlamasında təhsil müəssisələrində istifadə olunan qeyri-sağlam qida məhsullarından danışıb:

 

 

“Bağçalarda, məktəblərdə azyaşlıların olduğunu nəzərə alaraq onların sağlam qidalanması əsas məsələ olmalıdır. Bu müəssisələrdə zərərli, rəngli, qazlı içkilər və “fast food”dan istifadə edilməməlidir. Məsələn, çox zaman görürük ki, dərin və trans yağda bişmiş kartoflar və s. məhsullardan istifadə olunur, amma bu düzgün deyil. Sendviçlər, burgerlərdən istifadə ola bilər, əsas olaraq sağlam və yerli məhsulun istifadəsinə önəm vermək lazımdır. Qida üzrə məsələlər bildiyimiz kimi Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA)  üzərinə düşür və AQTA da orada mütəmmadi olaraq reydlər keçirməlidir. Məktəblərdə, universitetlərdə, ümumilikdə təhsil müəssisələrində bufet və yeməkxanalarda zərərli taurin tərkibli enerji içkilərinin istifadə olunmamasına nəzarət edilməli, satışı həyata keçirilməməlidir. Bu tip içkilər müvəqqəti enerji verir, ancaq daha sonra ciddi yorğunluq və əzginliyin yaranmasına səbəb olur. Bu sağlamlıqla yanaşı, biliyin mənimsənilməsinə də öz mənfi təsirini göstərir. Çünki yorğun beyin heç zaman dərsi mənimsəyə bilməz”

 

Mütəxəssis təhsili və heç bir məlumatı olmayan şəxslərin məktəb yeməkxanalarına götürülməsini tənqid edib və onlar üçün xüsusi təlimlərin keçirilməsinin vacibliyini vurğulayıb:

 

“Bunlarla yanaşı dərin yağda bişmiş məhsullar, çipsilər, digər ayaqüstü müxtəlif zərərli qida məhsullarının satışı doğru deyil. Əsasən sağlam qida məhsullarına üstünlük verilməlidir, səhərə qida məhsulları saxlanılmamalıdır. Ancaq çox zaman məhsulların qeyri-standartlara uyğun saxlanma şəraitinin şahidi oluruq. Buna səbəb isə təhsili və heç bir məlumatı olmayan aşbaz və yeməkxana işçilərinin işə götürülməsidir. Bəzən müəyyən ödəniş qarşılığında yemək hazırlamaq üçün işçilər dəvət olunur. Ancaq aşağı ödənişlə çağırılan, məktəb standartlarına bələd olmayan birinin keyfiyyətli iş görməsi gözlənilən deyil. Məsələn, məktəbə yemək hazırlamaq üçün dəvət olunan evdar xanım məktəb standartlarını hardan bilsin? Bu şəxslər üçün kritik nəzarət nöqtələrinə analiz təlimləri, qidaların saxlanması, soyuducularda rəflənmə, soyuducuların dərəcələri, bişmə, soyutma, isitmə, buzun açılması texnologiyaları və.s təlimlər keçirilməlidir. Əks təqdirdə məktəblərdə də zəhərlənmə halları ilə rastlaşa bilərik”.

 

O, AQTA-nın təhsil müəssisələrində ciddi yoxlamalar həyata keçirməsinə diqqət çəkib:

 

“AQTA mütəmmadi olaraq təhsil müəssisələrinə öz nümayəndələrini yollamalı, ciddi nəzarət həyata keçirilməlidir. Məsələn, hər şeydən xəbərsiz bir işçinin işlədiyi məktəbdə nümayəndə səthi yoxlanış həyata keçirib, cərimə yazıb getməməlidir. Yoxlama zamanı birbaşa qidalardan nümunə götürülməli, mikrobioloji çirklənməyə məruz qalıb-qalmaması, yəni keyfiyyəti yoxlanmalıdır. Nəticədə səthi yoxlamalar deyil, mütəmmadi olaraq belə ciddi yoxlamalar həyata keçirilməlidir. Ortaya çıxan problemlərlə bağlı yerində məlumatlandırma və sadaladığımız kimi təlimlər təşkil edilməlidir”.