Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-14 14:14:00
Universitetlərdə imtahan sessiyasının ənənəvi təşkili problemlər yaradacaq-Kamran Əsədov

“Birmənalı şəkildə qeyd edim ki, ali təhsil müəssisələrində imtahan sessiyasının yenidən ənənəviyə qayıtması özündə müəyyən problemlər yaradacaq, hətta biz bunu görə bilirik”

 

Bunu AzEdu.az-a açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov təhsil nazirinin ali təhsil müəssisələrində imtahan sessiyasının ənənəvi keçirilməsi ilə bağlı əmrinə münasibətdə qeyd edib.

 

Ekspert onlayn tədris və imtahan formasının müxbət və mənfi tərəflərininə diqqət çəkib:

 

“İlk bunu qeyd edim ki, 2020-ci ilin mart ayından etibarən Azərbaycanda tədris prosesi məsafədən təşkil edilməyə başladı. Bu da zəruri idi, çünki bizim təhsil müəssisələrində kifayət qədər böyük sayda insanlar təhsil alırlar. Bu qədər insanın aktiv hərəkət etməsi birmənalı şəkildə yoluxmaya öz təsirini göstərə bilər. 2020-ci ilin yaz imtahan sessiyası məhz ənənəvi qaydada deyil,məsafədən təşkil edildi. Bu da özü ilə bərabər müəyyən problemlər gətirmişdi, imtahan zamanı ciddi yüklənməyə görə internetin atması kimi səbəblərlə proqramda bütün fənlər üzrə imtahanları vermək mümkün olmur. Amma buna baxmayaraq, Azərbaycan təhsil sistemi 2020-ci ilin yaz və payız imtahan sessiyalarını ali və orta ixtisas təhsili müəssisələrində onlayn rejimdə proqramlar vasitəsi ilə həyata keçirməyə başladı. Burada müsbət tərəflərdən biri də o idi ki, təhsil sistemimizin elektronlaşması, eyni zamanda təhsilverənlərin alətlərdən istifadə edərək tədrisi təşkil etmək bacarıqları yarandı”.

 

Ekspert  imtahanların başlanmasının qeyri-iş gününə təsadüf etməsindən danışıb, yenidən ənənəvi qaydada keçiriləcək imtahanların yaradacağı problemlərə diqqət çəkib:

 

“Birmənalı şəkildə qeyd edim ki, ali təhsil müəssisələrində imtahan sessiyasının yenidən ənənəviyə qayıtması özündə müəyyən problemlər yaradacaq, hətta biz bunu görə bilirik. Etiraf edək ki, dərslərin və imtahanların onlayn təşkili zamanı müəyyən qədər sui-istifadələr var idi. Yəni bizim tələbələrimiz kənardan kömək alırdılar, bəzən müəllimlər ciddi şəkildə güzəşt edirdilər, internetin, eyni zamanda hər kəsin texniki təchizatının olmamasını müəyyən qədər anlayışla qarşılayırdılar. Amma bu keyfiyyətli deyildi. Etiraf edək ki, ali təhsil müəssisələrində imtahan sessiyalarının onlayn rejimdə keçirilməsi keyfiyyətli olmurdu. İndi isə biz yenidən ənənəviyə qayıdırıq. Burada bir neçə məsələdə anlaşılmazlıq var. Bildiyimiz kimi Nazirlər Kabinetinin qərarına əsasən, ölkədə 4 yanvar tarixinə kimi qeyri-iş günüdür. Amma buna baxmayaraq təhsil naziri həmin günlərdə imtahan sessiyasının başlaması haqqında qərar imzalayıb. Doğrudur, Azərbaycanda ali təhsil müəssisələrində dərslər iki həftə gec başlayıb, o səbəblə bunu müəyyən qədər anlayışla qarşılamaq olar. Hesab edirəm ki, bu o qədər də ciddi məsələ deyil, ən vacib məqamlardan biri ali təhsil müəssisələrində imtahan sessiyasının təşkili ilə bağlıdır”

 

O imtahanlarda biliyin qiymətləndirilməsi zamanı tələbələrin adaptasiya məsələsinin diqqətə alınmalı olduğunu vurğulayıb:

 

“Qeyd edim ki, əvvəlki dövrlərlə müqayisədə bu dəfə tələbələrin adaptasiyasında müəyyən qədər problemlər olacaq. Çünki üç semestr tədris şifahi formada təşkil edilib, eyni zamanda imtahanlar da bu formada keçirilib. İmtahanların yazılı olaraq  keçirilməsi tələbələrə müəyyən qədər çətinlik yaradacaq. Ona görə də hesab edirəm ki, bunu anlayışla qarşılamaq lazımdır. Digər tərəfdən pandemiya dövrünün qaydalarına əməl etmək mütləqdir. Xüsusilə biliyin qiymətləndirilməsi zamanı tələbələrin yeni prosesə adaptasiyaları mütləq şəkildə ali təhsil müəssisələrində nəzərə alınmalıdır.Biz bunu daha çox texniki və təbiət fənlərinə tövsiyə edirik, orada tələbələr üç semestrdir yeni qaydada imtahan veriblər və birdən-birə ənənəviyə qayıtmaq fiziki və psixoloji problemlər yaradacaqdır”.