Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-14 10:36:00
Prezident təqaüdçüləri: “Ən böyük istəyim xarici ölkələrdə çıxışlar edə bilməkdir” - MÜSAHİBƏ

Bu il Azərbaycan Respublikasının ali məktəbələrinə qəbul olunmuş tələbələrdən 102 nəfər Prezident təqaüdünə layiq görülüb.

 

Onlardan 33 nəfər Bakı Ali Neft Məktəbində təhsil alacaq. Tibb Universitetinə qəbul olunan tələbələrdən 25-i, Bakı Dövlət Universitetində oxuyacaq tələbələrdən isə 15-i Prezident təqaüdçüsüdür. ADA Universitetindən 12, Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) 8, Dövlət İdarəçilik Akademiyasından 4, Azərbaycan-Fransız Universitetində (UFAZ) 2, Xüsusi təyinatlı ali məktəbdən 2, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) 1 nəfər gənc Prezident təqaüdçüsü kimi siyahıya düşüb.

 

 Bu tələbələr 210 manat Prezident təqaüdü alacaqlar.

  

Yasəmən Nəsibova Bakıdakı 220 saylı məktəb-liseyin məzunudur. O qəbul imtahanlarında 672,2 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə ixtisası üzrə (tədris ingilis dilində) ali təhsil alır.

 

- Yasəmən, niyə maliyyə ixtisasını seçmək qərarı verdin?

 

- Maliyyə ixtisasına elə ixtisas seçimi üçün ayrılan 10 günlük vaxt ərzində qərar verdim. Əsl istəyim mühasibat  uçotu və auditlik idi. Lakin UNEC-də ikili diplom layihəsi haqqında məlumat aldıqdan sonra qərara gəldim ki, maliyyə ixtisasını seçib, ikili diplom layihəsi ilə mühasibat uçotu və auditliyi də bitirim.

 

- Ali məktəbə necə hazırlaşırdın? Sosial şəbəkələrdən istifadə edirdin?

 

- Bəlkə də çox eşitdiyim suallardan biri də budur. Hətta bəzən məndən daha uğurlu olan insanlar da bu sualı verirlər: "Necə uğur qazana bilərəm?". Belə bir sualın cavabı yoxdur. Çünki uğur insanın özüdür. Bacarıq, ağıl - hamısı insana bəxş edilib, sadəcə bunlardan istifadə etmək isə öz əlimizdədir.

Hazırlaşma proqramımı hər zaman həftə sonundan planlayırdım, həftə sonları dərslərimin böyük bir qismini edirdim və nəticədə həftəiçi həm dərs, həm də təkrar üçün kifayət qədər vaxtım olurdu. Bütün fənlərdə (riyaziyyat da daxil olmaqla) "öncə nəzəriyyə, sonra test", "düz və tez işləmək", "nə qədər çox yeni, müxtəlif sual, bir o qədər yaxşı", "tricklərə bax" - bu 4 prinsipimə əsasən hərəkət edirdim. Nəzəriyyəni müəllimlərim kimi danışmağa çalışırdım, hərçənd, etdiyimi də deyə bilmərəm.  Bütün misallarla tanış deyilik, amma qaydanı tam bilsək, tətbiq edib nəsə əldə edə bilərik. Müxtəlif vəsait kitablarından, hətta müxtəlif ölkələrdə istifadə olunan materiallar, youtube-da olan dərs izahlarından istifadə edirdim. Yeni testlər işləmək hər zaman önəmlidir, amma əsas məsələ testləri düz, sonra tez işləməkdir. Ən çox diqqət etdiyim məsələ mövzudakı "trick"lər idi. "Mövzunun hansı hissəsində səhv edə bilərəm?". Bu sualın cavabını hər yeni testdə həllə başlamazdan öncə yazıb çərçivələyirdim ki, unutmayım, beləliklə, daha az səhvim çıxırdı. Testləri həll edib bitirdikdən sonra yoxlayıb səhvlərimi bir dəftərə qeyd edirdim və səhvlərimin səbəbini yazıb o hissələri yenidən təkrarlayırdım. İmtahan ərəfəsində isə həmin səhvlərə baxırdım.

 

Sosial şəbəkələrdən istifadə etmirdim. Özümə hesab yaratmamışdım. Yayda universitetlə bağlı ehtiyacım olduğundan hesab açdım. Sosial şəbəkələrdə aktiv istifadəçi deyiləm.

 

Modern