Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-12 11:10:00
MDU-da Ulu Öndərin anım gününə həsr olunmuş elmi konfrans keçirilib-FOTO  

2021-ci ilin 11 dekabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş “Tarixi reallıqlara çevrilmiş Heydər Əliyev ideyaları” mövzusunda elmi konfrans keçirilib.

 

AzEdu.az xəbər verir ki, konfransdan əvvəl, MDU-nun əsas tədris korpusunda Heydər Əliyevin büstünün qarşısına gül dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

 

“Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən konfransda universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər.

 

Konfransı giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov müasir Azərbaycanın memarı olan Ulu Öndərimizin əziz xatirəsinin qədirbilən xalqımız tərəfindən hər zaman dərin ehtiramla yad edildiyini bildirib və Allahdan ona rəhmət diləyib.

 

Ölkənin müstəqil, hərtərəfli, dayanıqlı və dinamik inkişafında Heydər Əliyevin çoxşaxəli və misilsiz xidmətlərindən söhbət açan rektor hazırda onun layiqli siyasi davamçısı, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müasir dövrün tələblərinə uyğun olaraq sürətlə inkişf etdiyini, sosial rifah səviyyəsinin xeyli yüksəldiyini, dünyanın siyasi xəritəsində mövqeyinin daha da gücləndiyini və tariximizin qalibiyyətlərlə dolu şanlı səhifələrinin yazıldığını qeyd edib.

 

44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın qətiyyəti və yenilməz Azərbaycan Əsgərinin qəhrəmanlığı sayəsində 30 il işğal altında olan torpaqlarımızın azad edilməsindən danışan Ş.Bayramov qazanılan tarixi Zəfərin məhz Heydər Əliyev siyasətinin təntənəsi kimi qiymətləndirildiyini diqqətə çatdırıb.

 

Hazırda qurucusu olduğu Azərbaycanın ərazi bütövlüyünün təmin olunduğunu, uzun illər erməni vandalizminə məruz qalmış doğma yurdlarımızın sürətlə dirçəldiyini, regionda sülhə, təhlükəsizliyə və rifaha hədəflənən irimiqyaslı işlərin həyata keçirildiyini vurğulayan rektor bu gün dahi şəxsiyyətin ruhunun şad olduğunu bildirib.

 

Universitetdə vətəninə, dövlətinə və xalqına bağlı mütəxəssis kadrların hazırlanmasının diqqət mərkəzində saxlanıldığını qeyd edən Ş.Bayramov bu məqsədlə ömrünü Azərbaycan xalqının firavan gələcəyinə həsr edən əbədiyaşar liderin zəngin irsinin gənc nəsil arasında təbliğinə xüsusi önəm verildiyini deyib və konfransın əhəmiyyətindən bəhs edib.

 

Sonra konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.

 

MDU-nun Pedaqoji fakültəsindən dosent Namaz Manafov “Müasir milli tariximizi şərəf kürsüsünə qaldırmış lider”, dosent Nizami Zeynalov “Heydər Əliyev strategiyası və 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfərimiz” və müəllim Ayna Babazadə “Salnaməyə çevrilmiş dahi ömrü: görkəmli şəxsiyyətlər Heydər Əliyev haqqında” mövzusunda məruzələrlə çıxış ediblər.

 

Məruzələrdə ölkənin müstəqilliyi və tərəqqisi naminə Ulu Öndərin zəngin, titanik və çoxşaxəli fəaliyyətindən, xilaskarlıq missiyasından, milli maraqlarımıza uyğun müdrik və uzaqgörən siyasətindən, güclü siyasi iradəyə, yüksək intellektə, böyük əzmkarlığa və unikal liderlik keyfiyyətlərinə malik olmasından, ölkəmizin davamlı inkişafında və tarixi qələbəsində Heydər Əliyevin zəngin irsininin misilsiz əhəmiyyətindən bəhs edilib, dünyanın nüfuzlu ictimai-siyasi xadimlərinin Azərbaycan xalqının böyük oğlu haqqında xatirələri və fikirləri öz əksini tapıb. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsində qazanılan və Azərbaycan tarixinə qızıl hərflərlə yazılan şanlı Qələbə məhz Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və ölkə Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin məntiqi nəticəsidir.

 

İclas iştirakçıları tərəfindən böyük maraqla qarşılanan məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Çıxış edənlər dahi şəxsiyyətin əziz xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını bildirib, Ümummilli Liderin miras qoyduğu zəngin dövlətçilik təcrübəsinin davamlı surətdə öyrənilməsi və gənc nəsilə çatdırılmasının əhəmiyyətini vurğulayıblar.

 

Qeyd edək ki, MDU-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunan tədbirlərin keçirilməsi, dahi şəxsiyyətin irsinin araşdırılması və tələbə gənclərə ötürülməsinə xüsusi diqqət yetirilir.