Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-09 16:35:00
Qəbul planı müəyyənləşərkən ixtisasa olan kadr ehtiyacı nəzərə alınmalıdır- Ekspert

 

Ötən gün sabiq deputat, tanınmış pedaqoq Sona Əliyeva hazırda ölkədə 60 min diplomlu, amma işsiz müəllim olduğunu qeyd etmiş və buna öz etirazını bildirmişdi.

 

Pedaqoq eyni zamanda bu qədər müəllimin yetişdirilib bazara buraxılmasının absurd olduğunu qeyd edib.

 

Bəs belə olan halda bəzi universitetlərdə pedaqoji ixtisasların bağlanması labüd hesab edilə bilərmi?

 

Mövzu ilə bağlı Bakı Mühəndislik Universitetinin prorektoru, təhsil üzrə mütəxəssis Elçin Süleymanov müəllim ixtisaslarında kadr bolluğunun problem olmadığını bildirib:

 

“Universitetlərdə qəbul planları müəyyənləşərkən o ixtisas üzrə kadr ehtiyacı nəzərə alınmalıdır. Amma bu o demək deyil ki, bütün məzunlar işlə təmin olmalıdır. Karyera qurmaq məzun olan tələbələrin də öncəliyi olmalıdır. Mən xüsusi ilə müəllim ixtisaslarında kadr bolluğunda çox da böyük problem görmürəm. Bu kadrlar dövlət təhsil müəsisələri ilə yanaşı özəl təhsil müəssisələrində işləyə bilərlər, eyni zamanda ixtisasını daha da inkişaf etdirə bilərlər. Xüsusi ilə ali pedaqoji təhsilli ana öz övladlarının cəmiyyətə hazırlanmasında böyük müsbət təsirə malik olur”.

 

Ekspert mütəxəssis hazırlarkən ixtisasa olan tələbin nəzərə alınmalı olduğunu vurğulayıb:

 

“Ali təhsillilərin çoxluğu cəmiyyətə ancaq müsbət təsir verər. Azərbaycan əhalisinin sayında ali təhsil alanların sayının nisbəti, əslində cəmiyyətdə tez-tez səsləndirilən fikirlərdən fərqli olaraq bir çox post sovet ölkələrindən azdır. Bu gün Yaponiya, Cənubi Koreya kimi ölkələrdə 18 yaşından yuxarı əhalinin 70-80 faizi ali təhsillidir. Amma yenə də yaxşı olardı ki, mütəxəssis hazırlarkən ölkədə və dünyada bu ixtisasa olan tələb diqqətə alınsın”.