Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-08 17:28:00
Qəbul imtahanının qiyməti ən azı 50 manata kimi qalxa bilər- Bədbin proqnoz

 

 

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi üzrə dekabrın 19-u sınaq imtahanı keçiriləcək.

 

Bu imtahanlar üçün  təyin edilən məbləğ isə ictimaiyyət arasında narazılığa səbə olub.

 

Bu zaman sınaq imtahanlarının təşkili və formatı, DİM-in bu istiqamətdə fəaliyyət ilə bağlı insanları maraqlandıran bir sıra məsələlər ortaya çıxır, müəyyən suallar yaranır.

 

Bəs DİM sınaq imtahanlarının təşkili ilə bağlı nə kimi xətalara yol verir? Onların aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?

 

Mövzu ilə bağlı təhsil üzrə mütəxəssis Elçin Əfəndi AzEdu.az-a açıqlamasında əsas problemlərdən birinin də imtahan nəticələrinin gec elan edilməsi olduğunu bildirib:

 

“DİM tərəfindən  keçirilən sınaq imtahanlarında bu vaxta kimi hər hansı xəta müşahidə etməmişik. Sadəcə, imtahanların cavablarının bir qədər gec çıxması abituriyentlərin, valideynlərin, hətta müəllimlərin ümumi narazılığına gətirib çıxarır. Yalnız bunu bir qədər tezləşdirmək olar. Bunun üçün də DİM marker  müəllimləri daha çox prosesə cəlb etməli, imtahan nəticələrinin daha erkən çıxması ilə nəticələnəcək qərar verməlidir. İmtahanda sualların hansı formatda olması, ümumi mövzu və məzmun baxımından faktiki olaraq şagirdlərin bilik səviyyəsinin konkret qiymətləndirilməsi məsələsi də vacibdir. Düşünürəm ki, abituriyentlər qəbul imtahanlarından öncə proqramla, imtahana düşən mövzularla tanış olduqları kimi, ilkin sınaq imtahanlarından öncə də onlara bu imkan yaradıla bilər”.

 

Ekspert abituriyentin imtahanda vaxt bölgüsünü tənzimləməsi  məsələsinə də toxunub:

 

“Doğrudur, sınaq imtahanlarında vaxt bölgüsünün tənzimlənməsi, əsasən şagirdin özündən asılı olan bir məsələdir. Ancaq düşünürəm ki, DİM bu istiqamətdə də abituriyentlərin xeyri üçün hər hansı bir addım atsa yaxşı olar, nəticədə vaxtını düzgün istifadə edə bilən abituriyentlər üstünlük təşkil etsin. Bəzən elə olur ki, abituriyentlər imtahan başladıqdan 1-2 saat sonra çıxırlar. DİM -də buna biganə yanaşır. Hansı ki, abituriyentin 3 saatlıq cavab haqqı var, sona kimi imtahanda qalıb ən azı 3-5 sual artıq yaza bilər və bu onun ümumi imtahan nəticəsinə müsbət təsir göstərə bilər. Doğrudur, DİM -in müvafiq şərtinə əsasən, müəyyən zaman sonra imtahan otağını tərk etmək mümkündür. Amma o saatda deyil, abituriyentin 3 saat maksimum imtahanda olması, imtahan bitdikdən sonra çıxması daha məqsədə uyğun olar”.

 

O sınaq imtahanları qiymətlərinin yüksək olmasını vurğulayaraq, qəbul imtahanlarında da qiymət artımının müşahidə oluna biləcəyinə diqqət çəkib:

 

“Sınaq imtahanlarına bilet qiymətləri çox yüksəkdir. Hətta III qrup üzrə Coğrafiyadan imtahan vermək istəyən abituriyentlər əlavə ödəniş etməlidirlər. Burada indiki dövr üçün istənilən halda sərt karantindən çıxmış bir ölkədə əhalisinin yaşam səviyyəsini nəzərə alınmalı idi. Amma təəssüf ki, belə deyil. Bildiyimiz kimi əvvəllər sınaq imtahanı qiymətləri 2 manat 37 qəpik təşkil edirdi, daha sonra 5, 10, 20 indi isə 40 manata qədər yüksəldi. Nəzərə alaq ki, abituriyent birbaşa ali təhsil müəssisəsinə qəbul imtahanı vermir ki, ondan 40 manat ödəniş alınsın. Qəbul imtahanlarının elə öz qiyməti 40 manat idi. Amma indi sınaq imtahanı 40 manat təşkil edir. Bu da onu deməyə əsas verir ki, ola bilsin qəbul imtahanında da qiymət artımı olsun, ən azı 50 manat həddinə kimi qalsın. Ancaq cavablar yenə eyni vaxtda çıxacaq, iki həftədən tez elan olunmayacaq”.

 

Ekspert qiymət artımının səbəbinin düşündürücü olduğunu, ödəniş təyin edilərkən maddi gəlirlərin nəzər alınmasının daha yaxşı olacağını vurğulayıb:

 

“Əgər DİM cavabları yoxlayan müllimlərin sayını artırar və onlara əlavə ödəniş edərsə, bəli qiymət artımı qəbul edilən olardı. Yox əgər kağızların ölkəyə daxil olmasında qiymət artımı əsas götürülərək bu addım atılıbsa, düşünmürəm ki, bu 20 manat, yaxud daha çox artımla nəticələnməyə əsas verər. Kağızlara görə artım nəzərə alınsa ən uzağı 30 manat ödəniş təyin edilərdi. Amma 40 manat olması, açığı insanda müəyyən qədər əlavə fikirlər yaradır. Doğrudur, publik hüquqi şəxsdir, dövlətdən asılı olan bir qurum deyil, özü-özünü maliyyələşdirir və idarə edir. Bu baxımdan qiymət artımı məsələsində kimsə buna qarışa bilməz, amma ən azından bu zaman abituriyentlər və onların valideynlərinin gəlirləri nəzərə alınsa daha yaxşı olardı”.