Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-03 17:46:00
“Kibertəhlükəsizlik” təlim layihəsinin növbəti fazasına seçilmiş iştirakçılarla görüş olub  

Təhsil İnstitutu tərəfindən icra olunan “Kibertəhlükəsizlik” təlim layihəsinin növbəti fazasına seçilmiş iştirakçılarla dekabrın 3-də görüş keçirilib. Görüşdə layihəyə seçilmiş 40 nəfər iştirak edib.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, onlayn formatda keçirilən tədbirdə çıxış edən Peşə və ömürboyu təhsil şöbəsinin müdiri Səbinə Babayeva layihənin məqsədləri, xüsusiyyətləri, bu günə qədər görülən işlər və uğurlu nəticələr barədə məlumat verib. Qeyd edib ki, layihəni uğurla başa vurmuş 60 iştirakçı artıq müvafiq sahələr üzrə əmək fəaliyyətinə başlayıb.

 

Təlimçilər Miraqşin Abutalıbov və Pərvin Sadıqova yeni seçilmiş iştirakçılara uğurlar arzu edərək proqramın məzmunu ilə bağlı sualları cavablandırıblar.

 

Qeyd edək ki, layihənin təlimçiləri xaricdə təhsil alan, kibertəhlükəsizlik sahəsi üzrə ixtisaslaşan həmyerlilərimizdir. Pərvin Sadıqova proqram yoxlanılması və təhlükəsizlik üzrə London Kral Kollecində kompüter elmləri namizədidir. Miraqşin Abutalıbov isə Oksford Universitetində proqram təminatı və sistemlərin təhlükəsizliyi üzrə magistratura tələbəsidir.