Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-29 12:00:00
Tələbələr üçün yaradılan kredit imkanları, növbəti qəbul imtahanlarına hazırlıq-Təhsil YENİLİKLƏRİ

AzEdu.az  ötən həftənin təhsil icmalını təqdim edir:

 

Yola saldığımız həftədə 22-28 noyabr tarixində təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 

X sinfə qəbul noyabrın 30-da yekunlaşacaq

 

Peşə və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunda iştirak edib, ancaq qəbul oluna bilməyən şagirdlərin X sinfə qəbulu noyabrın 30-u saat 18:00-da yekunlaşacaq.

 

Təhsil Nazirliyi təhsil krediti almaq istəyən tələbələrə müraciət edib

 

Noyabrın 25-dən təhsil tələbə krediti üçün müraciətlərin qəbuluna başlanılıb.

 

Təhsil krediti üçün müraciət etmək istəyən tələbənin yaşı 18-dən aşağı olduqda valideynləri və ya himayəçisi ilə, yaşı 18-dən yuxarı olduqda isə özü notarial xidmətə yaxınlaşaraq bir sıra razılıqları ərizəsi ilə təsdiq etməlidir.

 

Daha sonra tələbə kredit almaq hüququnun müəyyənləşdirilməsi üçün https://e-ttkf.edu.az/ portalına daxil olur.

 

Gələn il üçün magistraturaya sənəd qəbulunun vaxtı açıqlanıb

 

M.Abbaszadə qeyd edib ki, gələn il üçün magistratura səviyyəsinə sənəd qəbuluna yanvar ayından başlanılması nəzərdə tutulur. Lakin cədvəl təsdiqlənmədiyindən hələlik dəqiq tarix deyə bilmirəm. Qaydalara əsasən, magistraturaya qəbul adətən bir mərhələdə həyata keçirilir. Ötən il isə namizədlərə iki cəhd imkanı verdik. Əgər sərt karantin tədbirləri olmasa, çalışacağıq ki, bu il də belə bir imkan yaradaq.

 

DİM ali məktəblərə qəbul proqramında dəyişiklik edib

 

Yeni iqtisadi rayonlar mövzusu coğrafiya fənni üzrə ali təhsil müəssisələrinə qəbul proqramına daxil edilib.

 

Qeyd olunub ki, Prezidentin müvafiq fərmanına əsasən, respublikanın iqtisadi rayonlarının yeni bölgüsü təsdiq edilib. Yeni bölgüyə əsasən, Azərbaycanda 14 iqtisadi rayon yaradılıb: Bakı, Naxçıvan, Abşeron–Xızı, Dağlıq Şirvan, Şirvan–Salyan, Qarabağ, Qazax–Tovuz, Quba–Xaçmaz, Lənkəran–Astara, Mərkəzi Aran, Mil–Muğan, Şəki–Zaqatala, Şərqi Zəngəzur, Gəncə–Daşkəsən.

 

Təhsil tələbə kreditləri (TTK) almaq hüququ olan tələbənin qəbul imtahanında topladığı ümumi balın minimal həddi müəyyənləşib

 

Bakalavriat səviyyəsi üçün 300-700, magistr üzrə 50-100, subbakalvriyatda isə 110-300 bal aralığında nəticə göstərənlər ilk semestrdə kredit almaq hüququna malik ola bilərlər. Standart kreditlər illik təhsil haqqının 20 %-ni ödəyən tələbələrə veriləcək.

 

 

Kreditlərin verilməsi zamanı tələbələrə hansı güzəştlər tətbiq ediləcək?

 

Sosial kreditlərdən faydalanan tələbənin müvəffəqiyyət göstəricisi 71 və daha çoxdursa, bu zaman həmin semestr üçün ona faiz hesablanmayacaq. Əgər tələbə bütün təhsil müddətində müvəffəqiyyət göstəricisi 91 baldan yuxarıdırsa,bu zaman ona verilən kredit və ona hesbalanmış məbləğə 50% güzəşt ediləcək.

 

Standart kreditlərdə isə müvəffəqiyyət göstərici 71 və daha çoxdursa bu zaman həmin semestr ona kredit faizi hesablanmayacaq. Əgər ümumi təhsil  müddətində göstəriciləri 91 baldan yuxarıdırsa, o zaman  ona verilən kreditdə və buna hesablanmış məbləğin qaytarılmasına 25% güzəşt ediləcək.

 

Valideynlər üçüncü doza vaksinə məcbur edilmir

 

“İstər valideyn, istər müəllim, istərsə də şagird koronavirus bəlası ilə qarşılaşmamaq və müdafiə olunmaq üçün vaksin vurulmasını ciddi olaraq nəzərdə saxlamalıdır”.

 

Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.
 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları