Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-29 10:45:00
BANM 10 il ərzində yaranma məqsədlərinə yüksək səviyyədə nail olub-Elmar Qasımov

 

Bu gün Azərbaycanın ali təhsil sistemində vacib mövqeyə sahib olan Bakı Ali Neft Məktəbinin yaradılmasından 10 il ötür.

 

Yubiley münasibəti ilə ali məktəbin rektoru Elmar Qasımov kollektivi təbrik edib.

 

AzEdu.az rektorun təbrikini təqdim edir:

 

“Əziz SOCAR ailəsi, BANM-in hörmətli professor - müəllim heyəti, dəyərli əməkdaşlar, əziz məzunlar və tələbələr

 

Bu gün Bakı Ali Neft Məktəbinin 10 illik yubileyidir.

 

2011-ci il noyabr ayının 29-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə SOCAR-ın tərkibində yaradılan Bakı Ali Neft Məktəbi yüksəkixtisaslı, ingilisdilli mühəndis kadrları yetişdirmək, layiqli vətəndaş hazırlamaq missiyasını şərəflə yerinə yetirir.

 

Ali Məktəbimiz qısa zaman ərzində böyük nailiyyətlərə imza atıb, ölkənin ən nüfuzlu ali təhsil müəssisəsinə çevrilib, intellektual potensialı və elmi-texniki bazası ilə ali təhsil müəssisələri arasında fərqlənməyi, böyük etibar qazanaraq ona göstərilən etimadı doğrultmağı, vəzifəsinin öhdəsindən layiqincə gəlməyi bacarıb.

 

Sevindirici haldır ki, Bakı Ali Neft Məktəbi 10 il ərzində yaranma məqsədlərinə yüksək səviyyədə nail olub. Bu gün Ali Məktəbin məzunları SOCAR-ın və ölkənin müxtəlif sənaye müəssisələrində çalışaraq iqtisadiyyatın, sənayenin inkişafına töhfələr verirlər, dünyanın nəhəng şirkətlərində Azərbaycanı layiqincə təmsil edirlər.

 

Qazandığımız nüfuzun nəticəsidir ki, ən intellektual, savadlı, bacarıqlı gənclər bizim Ali Məktəbimizi seçirlər. Biz də hər zaman olduğu kimi etimadı doğrultmaq üçün əlimizdən gələni əsirgəmirik və bundan sonra da böyük səylə çalışmağa davam edəcəyik.

 

Fəxrlə qeyd edirəm ki, 10 yaşını tamamlayan BANM ən yüksək nüfuzlu ali təhsil müəssisəsinə çevrilməklə yanaşı, Azərbaycanda peşəkar ingilisdilli mühəndis kadrların hazırlanmasında liderdir. Ali Məktəbimiz əmək bazarında hər zaman tələb olunan ixtisaslarda tədris aparmaqla, yüksək peşəkarlığa malik kadrlar hazırlamaqla, işəgötürənlərin ehtiyaclarını uğurla qarşılayır.

 

Bakı Ali Neft Məktəbinin şərəfli tarixi - ilk onillik yubileyi münasibətilə professor-müəllim heyətini, əməkdaşlarımızı, tələbələr və məzunlarımızı ürəkdən təbrik edir, qısa müddətdə zəngin tarix yazmaq üçün əzmlə çalışmış, Ali Məktəbimizin inkişafına töhfələr vermiş hər kəsə təşəkkürümü bildirirəm!

 

BİZ BİRİK !

Dərin hörmətlə,

Elmar Qasımov

Bakı Ali Neft Məktəbinin rektoru”