Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-29 09:15:00
Peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi keçirilib  

Noyabrın 28-də Dövlət İmtahan Mərkəzi tərəfindən peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi (qanunvericilik üzrə) keçirilib.

 

AzEdu.az xəbər verir  ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 2 binada təşkil olunub. İmtahanın keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 4 imtahan rəhbəri, 31 nəzarətçi müəllim, 4 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.

 

COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binasına yalnız tibbi maska ilə daxil olmağa icazə verilib və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan zallarında namizədlər bir-birindən lazımi uzaq məsafədə əyləşdirilib. Bundan əlavə, imtahanın idarə olunması prosesinə ümumi imtahan rəhbəri, imtahan rəhbəri, nəzarətçi-müəllim, mühafizə əməkdaşı və s. qismində yalnız COVID-19 peyvənd sertifikatı (və ya immunitet sertifikatı) olan şəxslər cəlb olunublar.

 

İmtahan 3 saat müddətində aparılıb və namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. Həmin tapşırıqların 35-i qapalı, 5-i açıq tipli olub. İmtahanda maksimum 100 bal toplamaq mümkündür. Nəticələr yazılı cavab tələb edən tapşırıqların yoxlanılması ilə əlaqədar yaxın 10 gün ərzində elan olunacaq.

Qeyd edək ki, bu gün vergi orqanlarında işləmək istəyən namizədlər üçün də test imtahanı keçirilib. Həmin imtahanın nəticələri yaxın bir neçə saat ərzində elan olunacaq.