Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-16 11:52:00
Xaricdən gətirdiyimiz “kağız diplomlar” – “Bu durum ancaq işbazlara sərf edir”-CİDDİ PROBLEM

 

Təhsilini xaricdə davam etdirmək istəyən gənclər və onların valideynləri zaman-zaman müəyyən dələduzluq halları ilə rastlaşırlar.

 

Bəs bu cür dələduzluq hallarına qarşı necə mübarizə aparmaq lazımdır?

 

Mövzu ilə bağlı xaricdə təhsil üzrə mütəxəssis Nigar Rüstəmova AzEdu.az-a açıqlamasında bildirib ki, hazırda ölkə hüdudularından kənarda təhsil alan bir sıra vətəndaşlar qəbul imtahanından kəsilən, yaxud aşağı nəticə göstərənlərdir:

 

“Son illər ərzində azərbaycanlı gənclər arasında xarici ölkələrdə, xüsusən də qardaş Türkiyədə ali təhsil almaq istəyənlərin sayı nəzərəçarpacaq qədər artıb. Əlbəttə, bunun bir sıra səbəbləri var. Öncə onu bildirim ki, abituriyentlərin xaricdə yüksək səviyyədə təhsil alması sevindirici haldır. Lakin bəzi məqamlar narahatlıq doğurur. Bu isə bəzi gənclərin keyfiyyətli təhsildən daha çox öz yaxınları, cəmiyyət arasında qürrələnmək məqsədi ilə reytinq səviyyəsinin aşağı olmasına baxmayaraq, məhz xarici diploma yiyələnmək həvəsidir. Məsələyə ətraflı yanaşsaq görərik ki, hazırda ölkə hüdudlarından kənarda təhsil alan bir sıra vətəndaşlarımız Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi qəbul imtahanlarından kəsilən,yaxud da olduqca aşağı nəticə göstərənlərdir. Qeyd edim ki, bu kateqoriyadan olan gənclər və onların valideynləri alternativ yollar axtarışına başlayırlar. Doğrudur, hər bir valideyn övladının tələbə adını qazanmağını, yüksək səviyyədə ali təhsil almağını arzulayır. Sözsüz ki, bu da təbii haldır”

 

Ekspert bu valideynlərin əksər hallarda təhsil dələduzlarının girovuna çevrildiklərini bildirib:

 

“Necə? Təsəvvür edin, “övladım necə olursa olsun, tələbə adını qazanmalıdır” deyən valideyn xaricdə təhsillə bağlı hansısa şirkətə, habelə “mütəxissəsə” müraciət edir. Şirnikləşdirici vədlərə aldanan valideyn müəyyən vəsait müqabilində arzusuna çatır və övladı hansısa universitetə qəbul olunur. Bəs sövdələşmə zamanı təhsilin səviyyəsi, həmin universitetin reytinqi nəzərə alınırmı?

 

Təəssüf  ki, xarici ölkələrin təhsil sistemindən bixəbər olan vətəndaşlarımız adətən bu amilə önəm vermirlər. Əsas odur, övladı cibində Türkiyənin, ya da digər ölkənin tələbə biletini daşısın. Bu çox təhlükəli yanaşmadır. Valideynlər bilməlidirlər ki, heç bir nüfuzu olmayan, diplomu tanınmayan təhsil ocağını müxtəlif yollarda bitirən gənclər peşəkar kadr kimi yetişmirlər. Onlar sadəcə kağız parçasına çevrilən diploma yiyələnirlər. Ortada nə təhsil var, nə də işə yararlı mütəxəssis. İtirən həm valideynlər, həm də onun övladları olur, qazanan tərəf isə işbazlardır”.

 

Ekspert bu problemin əsas səbəbini açıqlayaraq, çıxış yolu kimi diqqət edilməli məqamları vurğulayıb:

 

“Bu məqamda qeyd edim ki, problem ilk növbədə valideynlərin, o cümlədən abituriyentlərin xaricdə təhsillə bağlı məlumatsız olması və düzgün seçim etməməsindən qaynaqlanır. “Bəs çıxış yolu nədir?” sualına gəlincə, hesab edirəm ki, xaricdə təhsilə maraq göstərən hər bir şəxs öncə universitetləri araşdırmalı, təhsil səviyyəsini, kadr potensialını incələməli və doğru ünvana yönəlməlidir. Burada əsas məqsəd sırf diplom əldə etmək yox, peşəkarlardan yüksək səviyyəli təhsil almaq olmalıdır. Məncə, universitet seçimi edərkən, həmin təhsil ocağının prestiji, beynəlxalq reytinqi, müəllimlərin bilik səviyyəsi, illik göstəricilər və digər nüanslar əsas götürülməlidir. Burada diplomun hansı ölkələrdə tanınıb-tanınmamasına da diqqət etmək mütləqdir. Xaricdə təhsillə maraqlanan vətəndaşlarımız dələduzların tələsinə düşməmək üçün qeyd olunan məqamları nəzərə almalıdırlar”