Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-12 16:49:00
ABŞ-da STEAM-ARAŞDIRMA  

Gələcəyin ən uğurlu peşəkar mütəxəssisinə çevrilməyin yolu STEAM-dan keçir

 

STEAM tədris metodikası bu gün bütün dünyada ən müasir, perspektivli və trend təhsil kimi tanınır. Əgər sənaye dövrünün savadlılıq göstəricilərini oxu, yazma, riyazi bacarıqlar təşkil edirdisə, XXI əsrin bacarıqlarına kritik düşünmə, əməkdaşlıq və kommunikasiya, işə yaradıcı yanaşma kimi xüsusiyyətlər aiddir. Beləcə, gələcəyin kommunikasiya, kooperasiya (əməkdaşlıq), kritik düşünmə, kreativlik kimi 4K əsas bacarıqları formalaşıb.

 

STEAM-ın tarixi

 

İlk dəfə Amerika Birləşmiş Ştatlarında qəbul edilən STEM/STEAM təhsil konsepsiyası özünəməxsus tarixə malikdir. Belə ki, hələ 1957-ci ildə SSRİ tərəfindən ilk müstəqil süni peyk olan “Sputnik-1” orbitə buraxıldıqdan sonra ABŞ-da sürətlə tətbiqi, fundamental elmlərin inkişafı üzrə layihələrə start verildi. Amerikada həmin dövrdə dəqiq elmlərin inkişafı üzrə görülən işləri “sputnik effekti” də adlandırırdılar.

 

Hələ 1990-cı ildə amerikalı bakterioloq Rita Rossi Kolvell tərəfindən STEM abreviaturası irəli sürülsə də, 2001-ci ildə ABŞ Milli Elmi Fondu (USNational Science Foundation) ali məktəblərdə müasir mühəndis alimləri və tədqiqatçılar hazırlamaq məqsədilə STEM (science-elm, technology-texnologiya, engineering-mühəndislik, math-riyaziyyat) konsepsiyasını qəbul edir. Bu ideya dövlət, ictimai təşkilat və korporasiyalar, “Intel” və “Xerox” kimi texnoloji liderlər tərəfindən dəstəklənir.

 

2006-cı ildə ABŞ Milli Elmlər Akademiyası ölkədə STEM təhsilin vəziyyəti ilə bağlı narahatlığını bildirir və Akademiyanın Elm, Mühəndislik və İctimai Siyasət üzrə Komissiyası STEM təhsilin XXI əsrin tələblərinə uyğun gələn 10 əhəmiyyətli tədbir siyahısını hazırlayır. Onlardan 3 əsas tövsiyyə olunanlar: 1) ABŞ-ın istedadlı uşaq və yeniyetmələrinin K-12 formatında (uşaq bağçasından 12-ci sinfədək, yəni məktəbəqədər və məktəb dövründə) elmi-riyazi təhsil səviyyəsinin stimullaşdırılması; 2) müəllimlərin riyazi və texniki elmlər üzrə yenidən hazırlanması və ixtisasartırma; 3) STEM ixtisasların alınması üçün ali məktəb və kolleclərə dəqiq fənlər üzrə hazırlanmış abituriyent axınının gücləndirilməsi.

 

Nəticədə 2006-cı ildə ABŞ prezidenti Corc Buş dəqiq-texniki təhsilin gücləndirilməsi üçün “Amerikanın rəqabətlilik məqsədləri” (American Competitiveness Goals) proqramını elan edir. Bu proqram ölkənin innovasiya gücünün inkişafını təmin etmək məqsədilə hazırlanmışdı. Proqramın əsas məqsədləri arasında aşağıdakılar qeyd olunurdu:

 

a) Ölkənin elmi-texniki potensialının yaxşılaşdırılması və riyazi  elmlərin tədrisi üzrə proqramların hazırlanması üçün 33 qrant ayrılsın;

 

b) İnnovativ istehsal məqsədilə 10 mindən çox alim, tələbə, magistr, elmlər doktoru, texniki mütəxəssis hazırlansın;

 

c) 2015-ci ilədək dəqiq elmlər və riyaziyyat üzrə yüksək ixtisaslaşmış  100 min müəllim hazırlansın; 

 

d) XXI əsrin tələblərinə uyğun 800 min mütəxəssis hazırlansın.

 

2008-2009-cu illər ABŞ-da baş vermiş iqtisadi böhran ölkə əhalisinin aşağı təhsilli hissəsinə daha çox təsir edir. İstehsalın avtomatlaşdırılması, robotlaşması, rəqəmsallaşması zamanı iş ixtisarları aşağı təhsilə malik işçiləri əhatə edir. Əmək bazarında yaranmış problemlərə, mühəndis və proqramçı çatışmazlığına cavab olaraq ABŞ prezidenti Barak Obama təhsil sahəsində islahatların vacibliyini önə çəkir. Həmin dövrdə ABŞ pedaqoqları müxtəlif ölkələrin, xüsusilə Asiya təhsil sistemini öyrənərkən bir ümumi nəticəyə gəlir ki, incəsənətlə dəqiq elmlərin bir arada tədrisi əsas istiqamətin öyrədilməsində daha müsbət nəticələrə gətirir, kommunikasiya, sosiallaşma və tələbələrin özünü ifadə etməsinə müsbət təsir göstərir, müşahidə etmək bacarığı,  qabiliyyətlərini inkişaf etdirir. 2009-cu ildə Con Hopkins Universitetinin nevroloji tədqiqatları göstərir ki, incəsənət (Art) tələbələrdə öyrənmə bacarıqlarını möhkəmləndirir, dərs zamanı yaddaş və diqqətin cəmlənməsinə səbəb olur.

 

Beləcə, STEM abreviaturasına A (Art-incəsənət və onun növləri: humanitar elmlər, xarici dillər, yeni media, rəqs, teatr, musiqi və s.) hərfi əlavə edilməklə ayrı ayrılıqda fənlər öyrətməyən, fənləri bir-birilə əlaqəli şəkildə kompleks təqdim edən STEAM müasir təhsil fenomeni meydana gəlir. ABŞ pedaqoqları yeni tədris yanaşması düşünüb işləyir və həmin yanaşmanın əsas məqsədləri aşağıdaklar olur: 1) qızları və STEM təhsildə azlıq təşkil edən elmi işçiləri STEAM-a cəlb etmək; 2) bütün öyrənənləri STEAM təhsilə dəvət etmək və həmin sahə üzrə karyerasını davam etdirməsini təmin etmək; 3) dövlət tərəfindən texniki və maddi dəstək göstərərək vahid proqram hazırlamaq; 4) tələbələri öyrədə biləcək müəllimlər yetişdirmək; 5) STEAM təhsili yönümlü yeni məktəblər inşa etmək.

 

STEAM məktəbəqədər təhsil müəssisələrində

 

ABŞ-da STEAM təhsili məktəbəqədər təhsil müəssisələrindən başlayır və karyeranın bitdiyi dövrə qədər davam edir. Erkən yaşlardan STEAM təhsilin inkişaf etdirilməsi bu ölkədə rəqabət qabiliyyətinin əsas şərti kimi qəbul olunur. ABŞ hökuməti tərəfindən valideynlər və məktəbəqədər təhsil müəssisələri üçün “Gəlin STEAM haqqında danışaq, oxuyaq və nəğmə deyək!” (Let’s Talk, Read, and Sing about STEAM!) tədris resursları bazası, öyrədici teleproqramlar, videooyunlar hazırlanıb, ABŞ-ın onlarla şəhərində pulsuz yay düşərgələri təşkil olunub. Eyni zamanda uşaqları  elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatla tanış etmək məqsədilə “STEAM-a yolunuzu təkrar emal edin” (Recycle Yor Way to STEAM) adlı proqrama daxil olmaq imkanları genişləndirilir, müəllim və bağça tərbiyəçilərinin STEAM təhsil standartlarının artırılması üçün treninqlər keçirilir. STEAM təhsilin aktivləşməsi təhsilin kütləviləşməsi, iqtisadi imkanların artımı, bir çox təhsil problemlərinin həlli, yüksək ixtisaslaşmış müəllimlərin sayının artırılması, effektiv tədris proqramlarının yaranmasına səbəb olur.

 

ABŞ-ın uşaq bağçalarında körpələrdə analitik düşünmə, hadisələrin analizi və nəticəni əvvəlcədən görmək bacarıqları inkişaf etdirilir, əyləncəli oyunlar və təcrübələr vasitəsilə dəqiq elmlərə maraq oyadılır. STEAM təhsil uşaq beyninin hər iki kürəsinin çalışmağına səbəb olur, uşaqlarda özünə dəyər vermə və özünə inam hisslərinin baş qaldırmasına kömək edir. Uşaqlar həyatın müxtəlif sferaları arasında əlaqəni görür və bu, onlara təhlükəsizlik, baş verənlərin rasionallığını duymaq hissləri bəxş edir.

 

STEAM məktəblərdə

 

ABŞ məktəblərinin ibtidai siniflərində şagirdlər STEAM sahələrini daha dərindən öyrənməyə başlayır, bu sahələrin insanın gündəlik həyatı ilə bağlılığı elmi metodlar və tapşırıqları həll etmək yolu ilə izah edilir.  Şagirdlər həm fərdi, həm də komanda şəklində müəyyən bir layihənin uğurla reallaşmasında iştirak edir, mütəmadi olaraq tətbiqi məsələlər həll edir, uğurlu həll yolu tapdıqda uşaqlarda özgüvən hissi möhkəmlənir. Ortaya çıxan səhvləri araşdırmağı və təcrübələri təkrar qoymağı, səhvlərdən nəticə çıxarmağı öyrənirlər. Onlar baş verən hadisələrin insanla bağlılığını görür, insanın dünyanı dəyişdirdiyini hiss edir, gələcəyi yaxşılığa doğru dəyişdirməyin onların əlində olduğuna inam hissi yaradır. Yuxarı siniflərə keçdikcə təcrübə və tapşırıqların həlli çətinləşir, onların həll edilməsi daha böyük vaxt tələb edir. Dərslər təcrübə və layihənin nəticəsi ilə bağlı hesabat və ya təqdimatla yekunlaşır. Əksər fənlərin tədrisi adətən vizual (oxu mətnləri, təsvir), audio formatında, kinestatik (toxunaraq  öyrənmə), sosial öyrənmə  və s. vasitələrlə ötürülür.

 

ABŞ məktəblərində “Dahiyanə saat”, “Vaxtın 20%-i” kimi layihələr həyata keçirilir.  Müəyyən vaxt ərzində şagirdlər hər hansı bir problem üzərində düşünürlər.

 

ABŞ məktəbləri və unversitetləri STEAM sahəsi üzrə müxtəlif əməkdaşlıq metodları təklif edir. Məktəb İdarəetmə Assosiasiyaları bu əməkdaşlıqda aktiv iştirak edir, konfranslar keçirirlər. Konfranslarda təhsil proqramlarının bir neçə dildə dizaynı və reallaşdırılması, akademik nailiyyətlər və elmi uğurlar proqramlarının inkişafı kimi aktual STEAM məsələləri müzakirə olunur.

 

STEAM ali təhsildə

 

Bu gün ABŞ ali təhsil sistemində STEM/STEAM konsepsiyasına uyğun yüzlərlə ixtisas və proqramlar tədris edilir və bu ixtisasların sayı ilbəil artmaqdadır. Ali məktəblərdə təbii-elmi, mühəndislik sahələrilə yanaşı humanitar və yaradıcı fənlər: ədəbiyyat, dizayn, memarlıq, musiqi, təsviri incəsənət öyrədilir. STEM fənləri tətbiqi məsələlərin aydın həllində, Art sahələr isə qeyri-müəyyənlikdə, birmənalı olmayan şəraitlərdən çıxış yolu tapmaqda oyrənənlərə komək edir. Beləcə, tələbələr işlərində elmi dəqiqliyi və yaradıcı azadlığı ahəng şəkildə tətbiq etməyi öyrənirlər.Tələbələrin diplom işləri müxtəlif texnoloji şirkətlərdə təcrübə və əsl mütəxəssislərlə çiyin çiyinə çətin texnoloji layihələrdə iştirakla birləşdirilib. Bunun nəticəsində texnologiya şirkətləri universiteti bitirdikdən sonra dərhal ixtisaslaşmış mütəxəssis əldə edə bilirlər.

 

ABŞ-da STEAM ixtisaslara qəbul olmaq üçün əcnəbi abituriyentlər imtahan verməli, müsahibədə iştirak etməli, esse yazmalı və s. mərhələlərdən keçməlidirlər. Bütün prosedurlardan keçmə müddəti bir neçə ayı, bəzən isə ili əhatə edir, çünki qəbul imtahanlarından uğurlu nəticə əldə etmək üçün hazırlıq kursları keçmək, akademik biliklərdə mövcud boşluqları doldurmaq lazım gəlir. 

 

STEM/STEAM təhsil istiqməti əcnəbi tələbələrin ən çox seçdiyi sahədir. Bu istiqamət dövlət və qeyri-dövlət təşkilatları tərəfindən dəstəklənir, bu istiqamətə çoxsaylı qrantlar, təqaüdlər ayrılır, tələbə fondları yaradılır. STEAM sahələri üzrə təhsil almış məzunlar həm ABŞ-da, həm də dünyanın digər ölkələrində daha tez iş tapır, yüksək karyera əldə edirlər. STEAM istiqaməti üzrə ABŞ-da təcrübə keçən əcnəbi mütəxəssislər tez bir zamanda işlə təmin olunur, vizasını dəyişərək bu ölkədə qalmaq imkanı qazanır.

 

Hazırda ABŞ Əmək Departamenti tərəfindən gücləndirilmiş STEAM hazırlığı tələb olunan onlarla əmək bazarı sektoru ayrılıb. Həmin sektorlara avtomobilqayırma, inşaat, maliyyə xidmətləri, milli təhlükəsizlik, nəqliyyat, aerokosmik sahə, biotexnologiyalar, mehmanxana işi, pərakəndə ticarət, qabaqcıl sənaye texnologiyaları, energetika, səhiyyə, informasiya texnologiyaları və s. daxildir.

 

ABŞ-da STEAM çərçivəsində fəaliyyət STEM Təhsil Koalisiyası (STEM Education Coalition) tərəfindən koordinə edilir. Koalisiyaya minlərlə təşkilat, təhsil mütəxəssisi, alim, mühəndis, texniki işçi daxildir. Bu təşkilatın üzvləri təhsil prosesinin bütün mərhələlərinin keyfiyyətli STEAM təhsillə təmin edilməsini qarşılarında məqsəd qoyublar.

 

NACA (National Advisory Committee for Aeronautics - Aeronavtika üzrə Məsləhət Komitəsi) həmçinin XXI əsrdə kosmosun mənimsənilməsi üçün alimlər, mühəndis və riyaziyyatçıların hazırlanması məqsədilə STEAM təhsilin inkişafına bir sıra proqramlar daxil edib. Bu proqramlardan biri “STEAM Yer Elmləri Təkmilləşdirilməsi” (STEAM Enhancement in Earth Science) yay təcrübəsidir. Proqram ABŞ məktəblərinin yuxarı sinif şagirdləri üçün nəzərdə tutulub.

 

STEAM təhsil tələbələrin öyrədilməsində və gələcək mütəxəssislərin hazırlanmasında tamamilə yeni yanaşma təqdim edir. STEAM mütəxəssisi dar bir sahənin bilicisi deyil, müxtəlif layihə işlərində öz biliklərini uğurla tətbiq edə biləcək peşəkardır. Gələcəyin ən uğurlu peşəkar mütəxəssisinə çevrilmək və sərhədsiz imkanlara malik olmaq istəyən hər kəs yolunu STEAM təhsildən başlamalıdır.

 

Lamiyə ƏLİMƏRDANOVA

Azərbaycan müəllimi