Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-10 16:22:00
Ucqar kənddəki döyüşçü müəllim – “Postu alanda dedilər ki, bütün korpus sizinlə fəxr edir”- MÜSAHİBƏ

 

İkinci Qarabağ müharibəsində Azərbaycan ordusunun qazandığı şanlı Zəfərdən bir il ötdü.

 

Müharibədə qəhrəmancasına döyüşərək, yaddaşlarda iz buraxan, zəfərə nail olan əsgərlər arasında qələmi silaha dəyişən təhsil işçiləri, müəllimlərin sayı da az deyildi.

 

Düşmənə dərs keçən bu müəllimlərimizdən biri də Kamil Kazımovdur.

 

AzEdu.az  tarix yazan qəhrəmanlardan olan bu müəllimimizlə müsahibəni təqdim edir:

 

Əvvəlcə onu tanıyaq...

 

Kazımov Kamil Vaqif oğlu, 1995-ci il 29 sentyabrda Lənkəranda anadan olmuşam. 2001-ci ildə Lənkəran royon Teymur Zamanov adına Ürgə kənd tam orta məktəbinin I sinfinə qəbul olub, 2012-ci ildə həmin məktəbi bitirdim. 2013-cü ildə Lənkəran Dövlət Universitetinin Taric-Coğrafiya müəllimliyi ixtisasına dövlət sifarişi ilə qəbul oldum və 2017-ci ildə universiteti bitirdim.Tələbəlik illərimdə “Xəmsə”, “Mən azərbaycanlıyam” kimi müxtəlif intellektual yarışlarda mükafatlara layiq görülmüşəm. 2017-2018-ci illərdə Azərebaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində Xüsusi Təyinatlı Hərbi hissəsində həqiqi hərbi xidmət keçmişəm.

 

-Hazırda harada çalışırsınız? Ora necə təyinat almısınız?

 

-2018-2019-cu illərdə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətində nəzarətçi- müəllim kimi çalışırdım. Ancaq  2019-cu ilin iyun ayında MİQ imtahanlarında iştirak edərək Coğrafiya üzrə 49 bal topladım. Nəticədə Lerik rayon Ənvər Nəciyev adına Vistən kənd tam orta məktəbinə Coğrafiya müəllimi təyin olundum. Hazırda bu məktəbdə Tarix-Coğrafiya müəllimi kimi fəaliyyət göstərirəm.

 

 

 

-Fəaliyyət göstərdiyiniz məktəbdə vəziyyət necədir, məktəbin əsas problemləri nələrdir?

 

 

-Məktəbin əsas problemi əsaslı təmirə, hətta yenidənqurmaya ehtiyacın olmasıdır. Kənd məktəbimizin əsası 1988-ci ildə qoyulub. Hazırda elə ilk tikildiyi haldadır. Bu səbəblə yenidən tikilməsi yaxşı olar. Bundan əlavə hər hansı bir problem yoxdur. Demək olar bütün ixtisas müəllimləri öz işlərini layiqincə görürlər, gündəlik dərslər normal keçilir.

 

 

-Maraqlıdır, məktəbdə uşaqların, xüsusi ilə qızların davamiyyət məsələsi necədir?

 

 

-Davamiyyətlə bağlı heç bir problem olmur. Demək olar ki, 1-11 arası bütün siniflər, elə xüsusi ilə də qızlar təhsilə cəlb olunurlar. Bütün şagirdlər dərsdə iştirak edirlər. Onlar arasında universitetə qəbul imtahanlarına hazırlaşanlar da az deyil.

 

-Necə oldu ki, Vətən müharibəsinə qoşuldunuz?

 

-Uşaqlıqdan hər zaman hərbçi olmağı arzulamışam. Sadəcə, səhhətimdə olan müəyyən problemlərə görə, qəbul olduğum il, yəni 2013-cü ildə akademiyaya sənəd verə bilmədim. Daha sonra əsgərlik müddətim bitdi, geri dönüb müəllim kimi fəaliyyətə başladım. Amma hər zaman, -“Müharibədə iştirak edəcəm!”-deyə düşünmüşəm. 2018-ci ildə Ermənistanın Baş naziri Nikol Paşinyan,-“Qeyrəti olan xalq müharibə ilə itirdiyi torpağı sülhlə dilənməz”-deyə bir fikir səsləndirmişdi. Bu fikir həqiqətən, bir Azərbaycan vətəndaşı olaraq mənə çox pis təsir göstərmişdi. Bizim qeyrətimizə heç kimin şübhəsi ola bilməz. Biz də elə bunu nəinki Ermənistan, bütün dünyaya göstərdik. Göstərdik ki, bizim qeyrətimiz bu günün, dünənin məhsulu deyil. Biz Cavanşirin,Babəkin nəvələriyik, bizim Mübarizimiz, Poladımız var.

 

-Müharibədə iştirakınızla bağlı  bir az geniş  danışardız. Hansı istiqamətdə döyüşürdüz?

 

-Sentyabrın 27-si müharibənin başladığı gün bizim kənddən olan polkovnik-leytenant Mehman Şirvanov Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid oldu. Ayın 28-i səhər şəhidimizi dəfn etdik, günortaya yaxın mənə səfərbərliyin elan olunması ilə bağlı  zəng gəldi. Dərhal icra nümayəndəsi ilə əlaqə saxlayaraq xəbəri dəqiqləşdirdim. Elə günorta saatlarında Hərbi Komissarlığa gedərək biletimi təhvil verib müharibəyə yollandım. Füzuli-Xocavənd-Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak etmişəm. Füzuli və Şuşanın azad olunmasına görə medallarla təltif olunmuşam.

 

-Müharibədə ən təsirləndiyiniz, sizi duyğulandıran, eyni zamanda qürur duyduğunuz nə kimi xatirələriniz var?

 

-Hərbçilər üçün bir çox yardımlar göndərilirdi, onların arasında məktublar da yer alırdı. Məni bir orta məktəb şagirdinin yazığı məktub çox təsirləndirmişdi. Hardasa 7-8-ci sinif şagirdi idi.Məktubda,-“Siz bizim böyük qardaşlarımızsız, biz sizinlə fəxr edirik”-kimi qürurverici cümlələr yer almışdı,təəssüf ki, tam mətni hazırda xatırlamıram. Bu məktub məni həqiqətən çox duyğulandırmışdı. Ümumi duyğulandıran və qürur hissi yaşadan xatirələrimdən biri də, Füzuli rayonunun azad olunan kəndlərindən birində döyüş bayrağı asılmışdı. Bizi ora göndərəndə Azərbaycan bayrağını qorumaq və qarşıdakı postu ələ keçirmək tapşırığı verilmişdi. İki gün ərzində orada döyüşlər aparıldı və biz bayrağımızı enməyə qoymadıq, eyni zamanda qarşıdakı postu da ermənilərdən aldıq. Rabitədə bizim hərbi hissəni əməliyyat rəisi,-“Bütün korpus sizinlə fəxr edir, siz oğulsuz, igidsiz”-, dedi. O mühitdə insan həqiqətən özü ilə qürur duyur.

 

-Həm qalib ordunun əsgəri, həm də Azərbaycan təhsilinin qalib müəllimi kimi müharibədən sonra həyatınızda nə kimi dəyişikliklər oldu?

 

-Müharibədən qayıdanda həm şagirdlər, həm də müəllim kollektivi  məni təbrik edir, qürurla qarşılayır, təşəkkürlərini bildirirdilər. Ancaq təbii ki, biz minnətdarlıq üçün deyil, vətəndaşlıq borcumuzu yerinə yetirmək üçün müharibəyə yollanmışdıq. Geri döndükdən sonra artıq, dərslərin müəyyən hissəsində çalışıram ki, şagirdlərə şəhidlərimizin adlarını əzbərlədim, Qarabağ haqqında yeni-yeni məlumatlar verim, onlarda vətənpərvərlik ruhunu daha da formalaşdırım.Gələcəkdə bu kimi hallarla üzləşsək, bizim yaşımız keçmiş olsa, şagirdlərimiz bu vəzifənin öhdəsindən layiqincə gəlsinlər.