Mingəçevir Dövlət Universitetinin (MDU) Həmkarlar İttifaqı Komitəsinin (HİK) üzvləri Aprel döyüşləri şəhidləri Adil Adilzadə, Teymur Qasımov, Rahim Tağıyev və Rüstəm Əhmədovun, 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan universitetin məzunları Oruc Nəcəfli, Əzəmi Hüseynov və Kənan Abdullayevin, həmçinin hazırda övladı universitetdə təhsil alan şəhid Yasən Əhmədovun ailələrini ziyarət ediblər.

 

Universitetdən AzEdu.az-a bildiriblər ki, ailə üzvləri ilə görüşlərdə MDU-nun rektoru Şahin Bayramovun salamlarını çatdıran universitetin əməkdaşları Vətən uğrunda canlarından keçən qəhrəman şəhidlərimizlə qürur duyduqlarını deyib, xalqımıza layiqli və vətənpərvər oğullar böyüdən valideynlərə dərin ehtiramlarını ifadə edib, Zəfər Günü münasibətilə təbriklərini çatdırıblar. Şanlı Qələbənin qazanılmasında şəhidlərə borclu olduğumuzu qeyd edən HİK üzvləri Allahdan onlara rəhmət və yaxınlarına səbir diləyiblər.

 

Şəhid ailələri onlara göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

 

Qeyd edək ki, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinə xüsusi əhəmiyyət verən MDU-da şəhid ailələrinin ziyarət edilməsi və müharibə iştirakçıları ilə görüşlərin keçirilməsi diqqət mərkəzində saxlanılır.